Rusiya hökuməti Çeçenistanda antiterror əməliyyatlarının başa çatdığını elan etsə də, hələlik geri qayıtma prosesi başlamayıb
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan hökuməti ölkə ərazisində məskunlaşan çeçen qaçqınları ilə bağlı problemlə üzləşib. "Problem onların şəxsiyyətlərinin tam müəyyənləşdirilməsi ilə bağlıdır. Rusiya hökuməti Çeçenistanda antiterror əməliyyatlarının başa çatdığını elan etsə də, hələlik geri qayıtma prosesi başlamayıb. Bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət olunsa da, bizə praktiki kömək olunmayıb. Ona görə də ölkədəki çeçen qaçqınlarının mülki vətəndaş və ya terrorçu olduğunu müəyyən edə bilmirik", - Bunu çərşənbə axşamı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə bildirib. Həsənovun sözlərinə görə, Azərbaycanda 3-cü ölkədən olan qaçqınların sayı azalıb. "Əvvəllər onların sayı 12 minə qədər idi. Hazırda 4 minə düşüb ki, bu da əsasən axıska türklərinin sayında müşahidə olunur. Onların bir qismi Avropa ölkələri və Türkiyəyə köçüb. Qalanları isə doğma vətənlərinə qayıdışı gözləyir", - Həsənov bildirib. Qeyri-rəsmi məlumata görə, Azərbaycanda çeçen qaçqınlarının sayı təxminən beş min nəfərdən çoxdur.