Tarix : 2009 Jul 31
Kod 13181

Bakının keçən həftəkı cumə namazı

Allahın rəhməti olsun o kəsə ki, mənə mənim ayımda kömək edə
Azərbaycan servisi/Aran Agentliyi
27 iyul 2009-cu il tarixdə İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat diləyən xətib, nurani və mübarək üçaylığın ilk ayı olan mübarək Rəcəbin artıq arxada qaldığına, mübarək Şəban ayına isə daxil olduğumuza işarə etmişdir. Mübarək Şəban ayının həm də ilk cüməsini yaşadığımızı yada salan cümə xətibi xüsusilə qeyd etmişdir ki, bu ay ilahi təqvanın əmələ gətirilməsi üçün ən gözəl aylardan, ən gözəl imkanlardan biridir. Şəban ayını bu yolda növbəti böyük imkan, böyük fürsət kimi qiymətləndirən Hacı İlqar, hər bir fərdin bu imkanlardan faydalanmaq imkanlarının olmasını vurğulamışdır. İlahi təqvanın əmələ gətirilməsi yolunda bu imkan və fürsətlərin hər fərdin özü və Allah arasında olan bir məsələ olmasını xatırladan xətib mübarək Ramazan ayına necə çıxmağımızın da bunlardan asılı olduğunu vurğulamışdır.

Təbərrük üçün xətib bəhslə bağlı İslam Peyğəmbərindən (s) aşağıdakı hədisi nəql etmişdir: “Agah olun, həqiqətən Şəban mənim ayımdır. Allahın rəhməti olsun o kəsə ki, mənə mənim ayımda kömək edə”. Hədisdəki “kömək edə” kəlməsində məqsədin bu ayda oruc tutmaqla şəxsin özünü islah etməkdən ibarət olmasını açıqlayan cümə xətibi, diqqətləri Peyğəmbərimizin (s) hədisdəki xüsusi vurğusu üzərində cəmləmişdir. Xətibin bəyanından aydın oldu ki, bu xüsusi vurğu ondan ibarətdir ki, Allah bizləri o imkana malik etmişdir ki, bu ayda oruc tutmaqla Həzrət Peyğəmbərə (s) yardımçı, kömək etmiş olaq. Yəni, əslində özümüzə qayıdan bu köməyin xətib əslini isə belə bəyan etmişdir: “Peyğəmbərimiz (s) qayğıkeş bir valideyn kimi bizə yol göstərir. Yəni, bizlər Şəbanda oruc tutarıqsa, Peyğəmbərimizə (s) kömək edərik. Əslində bu kömək o anlamadır ki, bu, bizim özümüz üçündür. Bu nəcib buyuruşdan vəzifəmiz budur ki, oruc tutaq və özümüzü formalaşdırmaqla Peyğəmbərimizə (s) kömək edək ki, bununla da Allahın xüsusi tofiqatına və inayətinə nail olaq. Beləliklə də, Peyğəmbərin (s) şəfaətçi ola bilməsi üçün ona kömək etməliyik. Bir gün gələcək ki, heç bunlara imkanlarımız olmayacaq. Ona görə də bu imkanlardan bəhrələnməliyik. Allahdan istəyimiz var ki, bu nemətlərdən istifadəni bizlərə nəsib etsin”.

Mübarək Şəban ayının ilk cümə xütbənin ikinci hissəsində öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən cümə xətibi özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir. Xətib təqvanın bütün dərdlərin dərmanı olmasını bir daha xatırlatmışdır. Cümə xətibi bir də vurğulamışdır ki, ilahi təqvaya riayət etmə yalnız insanların fərdi həyatlarındakı başlıca mövzu deyil. “İlahi təqvaya riayət etmək həm fərdi həyatda, həm ictimai, həm iqtisadi, həm məişət və ailə həyatında və digərlərində də yaşamın əsas mövzusudur” deyən Hacı İlqar xüsusilə qeyd etmişdir ki əgər bu olmasa, digər bütün işlərin və əməllərin də nə düzü, nə də bərəkəti olacaqdır. Belə həyat isə ancaq mənəvi yüksüz bir həyat, məişət ömrü kimi mənasız sürülmüş bir həyat olaraq qiymətləndirilmişdir. “Biz edə bilərik ki, bunun əksini edək. O zaman yaşayışımızın mənası olacaq”, - deyən Hacı İlqar onu da qeyd etmişdir ki, hər kəsin öz həyatında müəyyən özəl mövzular vardır ki, şeytan (lən.) işlərini görmək üçün oradan daxil olmağa çalışır. Mənəvi hazırlıqsız bunun qarşısının almağın mümkün olmadığı bildirən xətib, belə halda heç kimin şeytan (lən.) büdrətmələrindən sığortalanmadığını, bundan amanda olmadığını izhar etmişdir. Xətib bildirmişdir ki, belə haldan yeganə çıxış yolu mənəviyyatı gücləndirmək, ilahi təqvaya riayəti davamlı, ardıcıl və keyfiyyətli həyata keçirməkdir. Bunlarla bağlı hər birimizin məsuliyyətinin olduğunu xətib sonda bir daha qeyd etmişdir.

Növbəti bəhsdə cümə xətibi bir daha mübarək və nurani üçaylıq mövzusuna toxunaraq hazırda Şəban ayında olduğumuzu, arxasınca da öz əzəmət və rəhməti ilə mübarək Ramazan ayının bizlərə doğru gəldiyini xatırlatmışdır. Hacı İlqar bunların gözəl fürsətlər olmasına işarə edərək müvafiq dualar etmişdir: “Allahdan istəyirik ki, həyatımızın bütün çalarlarında bu aylardan mənəvi ovqatımızı artıra bilək”. “Bu elə bir əməldir ki, burada hər birimiz fərd olaraq məsuluq. Fərdlərin durumundan cəmiyyətin vəziyyəti bəlli olur. Vay olar o zaman ki, bizim gündəmimizi Şəban deyil, mübarək Ramazana hazırlıq deyil, ayrı-ayrı mənasız mövzular müəyyən edə”, - deyən cümə xətibi sonda bir neçə dua ilə bəhsi yekunlaşdırmışdır.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 31