Tarix : 2009 Jul 31
Kod 13184

BAKI MERİ ELBRUS ƏLİYEVDƏN 1 MİLYON MANAT RÜŞVƏT İSTƏYİB

«GEN» MMC işi ilə bağlı Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin sabiq əməkdaşı tutuldu
Azərbaycan servisi/Aran Agentliyi
«GEN» MMC tikinti şirkətinin fəaliyyəti ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar Prezident Administrasiyasının əməkdaşı polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya hüquq müdafiəçisi, «Demokratiyanın İnkişafına Kömək» İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov məlumat verib. İş üzrə zərərçəkənlərin bir qisminin nümayəndəsi olan V.İsgəndərovun sözlərinə görə, Elbrus Əliyev ötən məhkəmə prosesində ifadə verərək bir neçə yüksək vəzifəli məmura Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı Ramin Hüseynovun vasitəsi ilə rüşvət verdiyini bildirib.
Bununla əlaqədar R.Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun dindirilməsi həyata keçirilir. V. İsgəndərov, R.Hüseynov barəsində həbs-qətimkan tədbirinin seçiləcəyini  istisna etməyib.
«Azadlıq» radiosuna müsahibəsində isə Vidadi İsgəndərov E.Əliyevin Ramin Hüseynovun vasitəsilə Xətai rayon İcra Hakimiyyətinin başçısına 90 min manat, Abşeron rayon İcra  Hakimiyyətinin başçısına sərəncam almaq üçün Vəkil Abıyev vasitəsilə 70 min manat, Ağa Seyidov vasitəsilə Göygöl rayon icra başçısına 100 min manat rüşvət verildiyini açıqlayıb. Şoumen Murad Dadaşov və qardaşı Fərid Dadaşovun dindirilməsini istədiklərini bildirən nümayəndə bu şəxslərə Elbrus Əliyevin 50 min manatdan artıq rüşvət verdiyini deyib: «Kimi həbs etsinlər? Murad Dadaşovu həbs etmək istədilər, deputatların yarısı xahiş etdi. Sadaladığım icra başçılarının qohum-əqrəbaları Prezident Administrasiyasında işləyir. Yəni mümkün deyil. O zaman bu məsələni prezidentin qarşısında qaldırdım. Elbrus Əliyev vaxtilə dələduzluğa görə məhkum olunmuş adamdır. Bu ona verib pulu, o buna. Nəticədə vətəndaşlardan alınan 12 milyon pul ortada yoxdur. 400 adam qalıb evsiz və bu qədər adamı dövlətdən incik salıblar. Dünən prokurorluqda onlardan biri özünü doğradı. Üçüncü intihardır. Bir dəfə Prezident Administrasiyasında, bir dəfə Bakı şəhər Prokurorluğunda, bir də Baş Prokurorluqda belə hadisə olub. Nəyi gözləyirik?.. Bu gün nəyəsə göz yummaq olar. Bu iş Avropa Məhkəməsinə gedəndə nə deyəcəklər?» - deyə V.İsgəndərov bildirib.
O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun E.Əliyevdən rüşvət istəməsini etiraf etdiyini də deyib: "Söhbət təkcə beş icra başçısından getmir. Bu işlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olanda dedi ki, mən1milyon manat istədim, vermədi. Bu səs məndə durur... Bu iş Azərbaycandakı korrupsiya sisteminə bir nümunədir".
Qeyd edək ki, «GEN» MMC-nin direktoru E. Əliyev və daha 17 nəfərin cinayət işi üzrə hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses davam edir. Onlar vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunurlar. İşdə 377 nəfər zərərçəkmiş kimi tanınıb. Zərərçəkənlərin əksəriyyəti işin ibtidai istintaqda və hazırda məhkəmədə  obyektiv araşdırılmadığına etiraz edərək dəfələrlə Respublika, Bakı Şəhər prokurorluqları, Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası önündə etiraz aksiyaları keçiriblər. İş üzrə zərərçəkənlərdən biri olan Cəmilə Həsənova isə haqsızlığa son qoyulması tələbi ilə Prezident Administrasiyası və Respublika Prokurorluğu ilə yanaşı sonuncu dəfə 2 gün əvvəl Bakı şəhər Prokurorluğunda özünü  öldürmək istəyib.
Prezident Administrasiyasından isə APA-ya bildirilib ki, hazırda Təhlükəsizlik Xidmətində Ramin Hüseynov adlı şəxs işləmir.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 31