Tarix : 2009 Jul 31
Kod 13185

DONUZ QRİPİ AZƏRBAYCANDA!!!

Səhiyyə Nazirliyi ölkədə A/H1N1-ə yoluxma faktını rəsmən təsdiqlədi
Azərbaycan servisi/Aran Agentliyi
Dünyanın 160-dan çox ölkəsində yayılan və 1000-ə yaxın insanın ölümünə səbəb olan A\H1N1 virusu ilk dəfə Azərbaycanda da aşkar edilib. Səhiyyə Nazirliyindən dünən mətbuata yayılan açıqlamaya görə, donuz qripi adını alan bu virus xarici ölkələrdən səfərdən qayıtmış iki ölkə vətəndaşında təsbit edilib. Onlar Bakı və Gəncə sakinləridir. Hər iki şəxs A/H1N1 qripinə xaricdə - biri Fransada, digəri Britaniyada olarkən yoluxub. Səhiyyə Nazirliyinin mətbuat xidməti xəstələrin vəziyyətinin kafi olduğunu, onların həkimlərin müşahidəsi altında müalicə kursu keçdiyini vurğulayır. Məlumata görə, xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir. Bildirilir ki, yoluxanlar iyulun 27-də Fransadan və 29-da İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinləridir.
Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya bildirib ki, xəstələrdən biri - 40 yaşlarında qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Digər xəstə - 15 yaşıl uşaq isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib. Ş.Qurbanov bildirib ki, həmin şəxslərin adları açıqlana bilməz: “Onların hər ikisi Bakıda yaşayan şəxslərdir. Xəstəliyə yoluxmuş qadının uşaqlarını müayinə etdik, onlar sağlamdır. Xəstə uşaqla gələn insanlar da sağlamdırlar. Onların ailə üzvlərini müayinə etmişik. Müayinə gecə saat 4-də qurtardı”. Ş. Qurbanovun sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır: “Yəqin ki, onlar bir neçə günə evə buraxılacaqlar”.
Xatırladaq ki, cəmi bir gün əvvəl Səhiyyə Nazirliyi ölkədə bu virusun aşkar olunmadığını açıqlamışdı. Nazirlik bəyan edirdi ki, virusun yayılmasının qarşısını almaq üçün bütün lazım olan tədbirlər görülüb. Lakin virusun Azərbaycanda yayılması qaçılmaz idi. Artıq neçə həftədir ki, Azərbaycanla qonşu ölkələrin əksəriyyətində - Rusiyada, Qazaxıstanda, Gürcüstanda və Türkiyədə virusun aşkar olunduğu təsdiqlənib. Bu baxımdan təhlükəli virusun Azərbaycana keçmək təhlükəsi yüksək idi.
Yoluxan şəxslər isə virusun sürətlə yayılmaqda olduğu ölkələrdən gəliblər. Böyük Britaniya “donuz qripi”nin ən çox yayıldığı Avropa ölkəsidir. Bu ölkədə indiyədək virusdan 30-dan çox adam ölüb. Yüz mindən çox adamın isə yoluxduğu bildirilir.
Səhiyyə nazirliyində fövqəladə müşavirə
Azərbaycanda A/H1N1 virusunun aşkarlanması ilə bağlı dünən Səhiyyə Nazirliyində fövqəladə müşavirə keçirilib. Bu barədə APA-ya  açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini yoluxanların həyati təhlükəsinin olmadığını deyib: “Bu virus Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının laboratoriyasında aşkarlanıb. Onlar qriplə bağlı müraciət etmişdilər”. Nazir müavininin sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyi yarana biləcək hər hansı təhlükəyə qarşı mübarizə aparmağa hazırdır: “A/H1N1 virusu əleyhinə Azərbaycana artıq 10 min qutu preparat gətirilib”.
Ehtimal var ki, təhlükəli virus daha əvvəldən Azərbaycana keçib, lakin yoluxanlar bunu adi qrip hesab etdiyindən, həkimə müraciət etməyiblər. Məsələ burasındadır ki, donuz qripi öz simptomlarına görə adi qripdən fərqlənmir və bu səbəbdən dünyanın bir çox ölkələrində yoluxanlar həkimə müraciət etməyi lazım bilmirlər. Xəstəliyi yüngül keçirənlərin çoxu heç bir dərman qəbul etmədən sağalırlar. Bu səbəbdən yoluxmanın statistikasını və miqyasını dəqiq müəyyən etmək mümkün deyil. Azərbaycanda isə son bir neçə həftə ərzində yay mövsümü üçün xarakterik olmayan qrip xəstəliyinin yayılması müşahidə edilirdi. Bu xəstəlik xüsusən azyaşlı uşaqlar arasında yayılıb. Ancaq analizlər aparılmadığından, virusun A.H1N1 olub-olmadığını demək çətindir.
ÜST xəbərdarlıq edir: Planet əhalisinin üçdə biri yoluxacaq!
Hələlik Azərbaycanda virusa yoluxanların rəsmi sayı 2 olsa da, təhlükə var ki, payızda havaların soyuması ilə yoluxanların sayı dünyanın hər yerində olduğu kimi kəskin artacaq. Dünən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Keydzi Fukuda bildirib ki, havaların soyumasıyla Yer kürəsi sakinlərinin üçdə birinin bu virusa yoluxacağı gözlənilir. “Əvvəlki pandemiyaların təcrübəsi göstərir ki, il ərzində virusa planet əhalisinin üçdə biri, hətta daha çoxu yoluxur. Lakin hazırda daha dəqiq proqnoz vermək qeyri-mümkündür”, - deyə Fukuda bildirib.
Onun sözlərinə görə, ölkələrdən asılı olaraq yoluxanların sayı fərqli olacaq, lakin nə qədər adamın yoluxacağından asılı olmayaraq rəqəmlər çox böyükdür: “Söhbət pandemiyadan gedir və biz yoluxanların sayının kəskin artacağını gözləməliyik”. Fukuda deyib ki, yaxın bir neçə ay ərzində virus təkcə ölkədən ölkəyə deyil, həm də ölkə daxilində yayılmağa başlayacaq. ÜST rəsmisi Şimali və Cənubi Amerikanın virusdan daha çox əziyyət çəkdiyini və bu tendensiyanın qalacağını deyib. ÜST-nin açıqladığı son statistikaya görə, dünyada 180 minə yaxın adam virusa yoluxub, onlardan 1116-sı ölüb.
Bir daha xatırladırıq ki, bu virus “donzu qripi” adını alsa da, onun donuzlardan insana keçdiyi təsdiqlənməyib. Virus ötən əsrdə donuzlar arasında yayılmış qrip virusuna bənzədiyi üçün ilk dəfə Meksikada aşkar olunanda “donuz qripi” adını alıb. Sonradan ÜST virusa A\H1N1 adını verib. ÜST mütəxəssislərinin hazırladığı arayışa görə, virusa yoluxan insanda adi qrip növləri ilə eyni simptomlar müşahidə olunur. Lakin bu simptomlar bir çox hallarda özünü daha aqressiv büruzə verir.
Xəstəliyin simptomları ilə tanış olun
Xəstəliyin 1-ci günündə yoluxmuş insanın temperaturu kəskin qalxır və 38-40 dərəcə təşkil edir. Bu zaman baş ağrısı, boğazda ağrı, gözlərin sulanması və qıcıqlanması, əzələlərdə ağrılar, öskürək müşahidə edilir. Öskürək xəstəliyin 2-ci günündə də davam edə bilər. Əgər vaxtında müalicə başlanmasa simptomlar kəskinləşir. Ona görə də yoluxmuş insan bu simptomları özündə müşahidə edərsə, dərhal həkimə müraciət etməlidir. Əgər vaxtında düzgün müalicə başlansa 3-cü gündən etibarən xəstənin vəziyyəti yaxşılaşmağa başlayır. Praktika göstərir ki, vaxtında həkimə müraciət edən xəstə 7-9 günə sağala bilir.
Virus hava-damcı yoluyla, yaxud birbaşa təmasla yayılır. Virusa yoluxan insanın yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Daha sonra virus tənəffüs yolları ilə aşağı enir və ağ ciyər toxumalarını zədələyir. Bundan sonra yuxarıda göstərilən simptomlar müşahidə olunmağa başlayır. Lakin bu simptomlar yoluxmadan ancaq bir-iki sutka sonra müşahidə edilir. Virusun təhlükəliliyi də bundadır, çünki yoluxan insan bilmədən başqalarını da yoluxdura bilir. Virus qana keçsə, təhlükə daha da artır və insanın ağ ciyərlərini sıradan çıxarır. Bu səbəbdən virusdan ölüm hallarının əksəriyyəti pnevmoniya simptomları üzündən olur. Ağ ciyərlərin zədələnməsinin bir neçə əlaməti müşahidə olunur: müntəzəm öskürək, yüksək temperatur, halsızlıq və iştahasızlıq. Virusun ştammını ancaq laboratoriya yoluyla müəyyən etmək mümkündür.
Bakıda risk daha böyükdür
ÜST mütəxəssisləri qeyd edirlər ki, yoluxma və ölüm hallarının artmasına çirkli atmosfer, quru hava da səbəb olur. Məsələn, yarım ildən çoxdur yağış yağmayan və 20 milyona yaxın insanın yaşadığı Meksika paytaxtında ölənlərin sayı daha artıq olub. Eyni zamanda, gigiyenik qaydalara riayət edilməsinin də yoluxmanın qarşısını almaq üçün əhəmiyyəti böyükdür. Bakı müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da deyildiyi kimi, dünyanın ən çirkli şəhərlərindən biri olduğundan, burada virusun daha sürətlə yayılması riski var. Havanın quru və küləkli olması, havadakı zəhərli qazların miqdarının normadan dəfələrlə artıq olması riski artırır.
Son məlumatlara görə, virusa qarşı vaksin hazırlanıb. Lakin vaksini hansı firmanın istehsal etdiyi açıqlanmır və onun nə dərəcədə effektli olub-olmadığı da bilinmir, çünki onun sınaqları yeni başlayıb. Xəstəliyə yoluxmuş insanları isə quş qripinə qarşı tətbiq olunan “Tamiflu” və “Relanza” preparatları ilə müalicə edirlər. Bu preparatlar bahalı hesab edilir. Azərbaycan Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə həmin preparatların ehtiyatı yaradılıb.
Hələlik isə dünya praktikasını və ÜST mütəxəssislərinin tövsiyələrini əsas götürərək Azərbaycan əhalisinə virusdan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etməyi, insanların kütləvi toplaşdığı yerlərdən mümkün qədər uzaq durmağı, sözügedən simptomların müşahidə edildiyi şəxslərlə təmasdan qaçmağı məsləhət görərdik.
Əlavə edək ki, indiyədək virusun xaricdən ölkəyə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində lazımi ehtiyat tədbirlərinin görülmədiyi müşahidə olunurdu. Belə ki, sərhəd-keçid məntəqələrində ölkəyə daxil olan şəxslərin temperaturunu avtomatik olaraq müəyyən edən termal kameralar hələ də quraşdırılmayıb. Görülən tədbirləri isə primitiv hesab etmək olar. Məsələn, Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin rəsmisi Nadir Əzməmmədovun açıqladığına görə, ölkədə yoluxma faktlarının aşkar edilməsi ilə bağlı bu struktur gücləndirilmiş iş rejiminə keçib. Qatar bələdçilərinə tapşırılıb ki, xəstəliyin ilk simptomları müşahidə olunan sərnişinlər barədə xüsusi formanı doldurub təcili yardım çağırsın. Lakin aydın deyil ki, qatar bələdçiləri donuz qripinin simptomlarını hansı vasitələrlə aşkara çıxaracaqlar.
  • Yazılıb
  • da (də) 2009 Jul 31