Tarix : 2009 Aug 02
Kod 13217

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNİN BÖYÜK AYIBI

Atəşkəs dövründə şəhid olan əsgərlərimizin qanı batırılır
Azərbaycan Servisi/Aran Agentliyi
İyulun 15-i Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, şəhid statusu Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şamil olunacaq.
Bu dəyişiklik indiyə qədər atəşkəs dövründə həlak olan döyüşçülərə də şamil ediləcək.
Ancaq “Mediaforum” saytı aydınlaşdırıb ki, indiyə qədər atəşkəs dövründə həlak olan döyüşçülərdən hər hansı birinin, belə demək mümkünsə, yiyəsi yoxdursa, ona şəhid statusu verilməyəcək. Məsələ bundadır ki, şəhid statusunun alınması üçün indiyədək atəşkəs dövründə həlak olan döyüşçünün yaxınları Müdafiə Nazirliyindəki müvafiq komissiyaya müraciət etməlidir. Komissiya müraciəti araşdırır, sübut olandan sonra həmin döyüşçüyə şəhid adı verilir. Əgər həmin döyüşçünün yaxın adamı yoxdursa, döyüşçü kimsəsiz imişsə və ya yaxın adamları sonradan vəfat edibsə, onda ona şəhid adının verilməsi mümkün olmayacaq. Çünki bu cür şəhidə şəhid statusunun verilməsi mexanizmi yoxdur.
Əgər atəşkəs dövründə döyüş tapşırığını yerinə yetirərkən həlak olan hərbçilərin statistikası aparılsaydı, onda yaxın adamının müraciət edib-etməməsinə baxmayaraq hər bir şəhidə şəhid statusunun verilməsi imkanı yaranardı. Amma belə bir statistika da yoxdur. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Mediaforum”a deyib ki, dünyasını dəyişən hər bir hərbçi barədə nazirliyin arxivində məlumatlar toplanır: “Amma konkret olaraq atəşkəs dövründə döyüş tapşırığını yerinə yetirərkən həlak olanlar barədə statistika aparılmayıb”.
Onda hazırda yaxın adamı qalmamış, döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş hərbçiyə şəhid statusu verilməsi məsələsi necə həll ediləcək? Məsələn, Müdafiə Nazirliyinin özü hər hansı hərbçiyə şəhid statusu verilməsi üçün məsələ qaldıra bilərmi? T.Abdullayev bildirib ki, həlak olan hərbçinin şəhid statusu alması üçün mütləq kimsə Müdafiə Nazirliyinə müraciət etməlidir: “Heç olmasa qonşusu müraciət etməlidir...”
Bu məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin bu açıqlamasından dəhşətə gəldiyini dedi: “Əslinə qalsa, mən bundan o qədər də təəccüblənmirəm. Çünki bu Müdafiə Nazirliyinin səviyyəsini göstərir. Heç bir savadı, səriştəsi olmayan adamları yüksək vəzifəyə gətirib çıxaranda, onun nəticəsi belə olur. İndi baxarsız, Eldar Sabiroğlu çıxıb ya jurnalistləri günahlandıracaq, ya da deyəcək müavinim məlumatsız olub. Əslində, belə bir açıqlama doğurdan da səriştəsizlikdən, məsuliyyətsizlikdən və özfəaliyyətdən irəli gəlir. Çünki mən 100 faiz bilirəm ki, Müdafiə Nazirliyində bu statistika aparılır. Çünki hər hansı bir əsgər həlak olanda, şəhid olanda bu barədə onun qulluq etdiyi hərbi hissədən Müdafiə Nazirliyinə raport gəlir və onun əsasında ölüm haqqında arayış verilir. Teymur Abdullayevin bunlardan xəbəri yoxdursa və o, bildiyini də, bilmədiyini də Müdafiə Nazirliyi adından danışıb, dövləti biabır edirsə, onu dərhal oradan uzaqlaşdırmaq lazımdır. Ordu adından danışmağı belə diletanta tapşırmaq olar? Şəhid statusunu müəyyənləşdirmək üçün valideynlərin, yaxınların müraciətinə ehtiyac yoxdur. Bunlar artıq sənədlər üzərində əksini tapır. Yaxşı, bu məntiqlə biz şəhidlərin statistikasını haradan soruşmalıyıq, Mədəniyyət və Turizm Nazirliyindən? Sadəcə, bu böyük bir rəzalətdir. Adam söz də tapıb deyə bilmir”.
  • Yazılıb
  • da (də) 2009 Aug 02