Tarix : 2009 Aug 02
Kod 13237

Bakıdakı parklarda bir stəkan çay bir manata satılır

Bakıdakı istirahət parklarında hökm sürən bahaçılıq paytaxt sakinlərini ciddi narahat edir. Park və bağlardakı kafe və çayxanalarda oturub dincəlmək istəyənlər bir daha buralara gəlməyə peşman olurlar
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıdakı istirahət parklarında hökm sürən bahaçılıq paytaxt sakinlərini ciddi narahat edir. Park və bağlardakı kafe və çayxanalarda oturub dincəlmək istəyənlər bir daha buralara gəlməyə peşman olurlar.
Son günlər isə havaların isti keçməsindən istifadə edən obyekt sahibləri qiymətləri bir qədər də artırıb. İndi paytaxtın əksər istirahət məkanlarında, park və bağlardakı obyektlərdə təkcə bir stəkan çayın qiyməti 1 manatdır.
Bu barədə redaksiyamıza Xətai rayonundakı “Heydər parkı”nda istirahət edən Bakı sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında yaxınları ilə adıçəkilən bağa gəzməyə çıxıb: “Bir az gəzəndən sonra parkdakı ”Bizim ailə" kafesində əyləşib çay içmək istədik. Xidmətçi 4 stəkan və balaca bir çaynikdə çay gətirdi. Çayı içdikdən sonra məlum oldu ki, hər stəkan üçün 1 manat pul ödəməliyik. Doğrusu, əvvəlcə eşitdiyimizə inanmadıq. Elə düşündük ki, kimsə bizimlə zarafat edir. Amma sonradan məlum oldu ki, həqiqətən də kafedə təkcə bir stəkan çayın qiyməti 1 manat imiş".
Baş verənlərdən ciddi narazı qaldığını söyləyən şikayətçi bağlardakı hökm sürən bu cür özbaşınalıqlardan aidiyyəti qurumlara müraciət edəcəyini diqqətimizə çatdırdı: “Belə hallara yol vermək olmaz. Hamı yaxşı bilir ki, istilərin dəhşətli bir vaxtında şəhərdə yalnız imkansız təbəqə qalıb. Onların da istirahətinə belə əngəllərin törədilməsi yolverilməzdir. Yaxşı olar ki, hökumət bu barədə də düşünsün”.
Qeyd edək ki, bu cür bahalıq şəhərin digər parklarında, o cümlədən Xətai rayonundakı Lunaparkda, “Montin bağı”nda da var. Bu məkanlarda dondurma, mineral sular, meyvə şirələri və digər çərəzlər dəyərindən 5-6 dəfə baha satılır. Buna görə isə hələ də kimsə məsuliyyət daşımır.(Musavat)
 
 
  • Yazılıb
  • da (də) 2009 Aug 02