Tarix : 2009 Aug 02
Kod 13238

Elektrik qatarının sirri açıldı

Məlum olduğu kimi, Bakıətrafı və Abşeron yarımadasına işləyən elektrik qatarları ləğv olunacaq. Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, Bakıətrafı və Abşeron yarımadasına işləyən elektrik qatarları ləğv olunacaq. Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bakıətrafı elektrik qatarlarının ləğvi "Dairəvi yol-2" layihəsinin həyata keçirilməsi, elektrik qatarlarının iqtisadi cəhətdən səmərəsiz olması və müasir tələblərə cavab verməməsi ilə əlaqələndirib. “Yeni Müsavat” qəzetinin əməkdaşı verilən məlumatı yerində araşdırmaq üçün metronun “Məşədi Əzizbəyov” stansiyası yaxınlığında yerləşən Azərbaycan Dövlət Dəmir yolu Bakı Lokomotiv Deposunda olub.

Müdir deyir, polis təkzib edir

Sərnişindaşıma İstehsalat Birliyinin elektrik qatarlarının təlimatçı müdiri Saleh Məmmədov qatarların ləğv olunmasının prezident göstərişi olduğunu dedi: “Bizə verilən əmri icra edirik. Tam ləğv edilməyəcək. Qatarlar sağlam, tam işə yarayan vəziyyətdədir. Qatarların ləğvi hələ şifahi məlumatdır. Təsdiq ediləndən sonra verilən əmr haqda elan yazıb vuracağıq ki, əhali xəbərdar olsun”.
Söhbət zamanı bizim qəzetdən gəlməyimizdən xəbərsiz olan polis əməkdaşı otağa daxil olub Saleh Məmmədovun dediklərinin tam əksinə danışdı. Artıq qatarların depodan buraxılmadığını, işçilərin mitinq edəcək dərəcədə qəzəbləndiklərini bildirdi.

Maşinistlər od püskürür


Lokomotiv deposunun işçiləri nəqliyyat naziri Ziya Məmmədova çox qəzəblidirlər. Adının çəkilməsini istəməyən maşinist “işimi itirmişəm, artıq-əskik danışsam həyatımı da itirəcəm dedi: "Mən qoca vaxtımda haradan gedib iş istəyim?! Bu yaşda kim mənə iş verəcək. Mən 40 ilimi qoymuşam bu yola. Ömrümü-günümü bu gün ortalıqda qalmaq üçün çürütmüşəm demək? Ziya Məmmədov evimizi yıxdı bizim. Bu idarənin 600-ə yaxın işçisi var. Öz mənafeləri üçün bizi qurban verirlər. Hansı quruluşda yaşayırıq, hansı avropalaşmaqdan danışırlar? Yavaş-yavaş ibtidai icma quruluşuna qayıdırıq".
Adının çəkilməsini istəməyən digər maşinist bildirdi ki, hər tərəfə xüsusi adamlar yerləşdiriblər. Danışmağa qorxuruq: “Mən indi fikirləşdiyim budur ki, uşaqlarımı necə saxlayacam? Bu işdən başqa əlimdən heç nə gəlmir. Ziya Məmmədov demək olar ki, Bakını özəlləşdirib. Bu qədər insafsız, vicdansızlıq olmaz! İnşallah, gün gələr Ziya Məmmədov da mənim kimi uşaqlarının yanına başıaşağı gedər. Onda bilər ki, ailənin yanında gözükölgəli olmaq nə deməkdir”.
Maşinist köməkçisi İsrafil Əliyev intihar edəcəyin dedi: “Camaat qorxur danışmağa. Mənim itirəcək heç nəyim yoxdur. İnzibati binada bir sınıq-sökük evim var, bir də quru canım. Ziya Məmmədov gəlib bunu da alsın, dincəlsin. Bu necə insandır, nə etməyə çalışır? Bu fəhlələrə yazığı gəlmir onun? Qaçqın adamam. O vaxt ermənilər bizi qaçqın etdi, indi də Ziya Məmmədov edir”.
Digər şikayətçi isə adının özünə görə yox, oğlanlarına problem yarada biləcəyi səbəbindən çəkilməməsini istədi: “İki oğlum var. Biri Naxçıvanda, biri isə Gəncədə hərbi xidmətdədir. Buradan aldığım maaşı göndərirəm Gəncədəki oğluma. Artıq hərbi xidmət etmək, özəl universitetdə uşaq oxutmaqdan da çətindir. Pul göndərməsəm uşağı incidib, döyəcəklər. Pulunu ver, uşağı saxlasınlar. İşdən çıxarılsaq ortalıqda qalacağıq. Bizi başa düşün, bizə danışmaq sərf etmir”.
Nəzarətçi-kassir Solmaz Kərimova aldığı pensiyanın ona çatmadığı səbəbindən işləməyə məcbur olduğunu dedi: “30 ildir dəmir yolu sistemində çalışıram. Aldığım pensiyanın məbləği çox azdır. Ona görə məcburam işləyim ki, heç olmasa ayda 1 dəfə ət alıb yeyə bilim. Ayın 10 gününü işləyirəm. On günə nadir hallarda10, daimi 5 manat alıram. Dünən 5 manat maaş almışam. İnanmırsınızsa gedin 2000-ci ildən bu vaxta qədər olan cədvələ baxın. Prezident əməkhaqlarının qalxması ilə bağlı 2 dəfə qərar verib. Ancaq bu qərar icra edilməyib. Biz məsələ ilə bağlı keçmiş rəis Vaqif Bədəlova şikayət etdik. Bizə dedi ki, siz özəl işləyirsiniz, bu qərar sizə aid deyil. Qazandığımızın 85 faizini dövlətə ödəyirik. 2000-ci ildə 40 qatar işləyirdi. İndi cəmi 10 qatar qalıb və ondan da 5-i işləyir. Qatarların qrafikini bilərəkdən dəyişiblər. Adamların qatara sıx gəldiyi saatlar qatar işləmir. Bunu ona görə edirlər ki, əhali bezib elektrik qatarından istifadə etməsin. Qatarlar hamısı boş dayanıb. Heç bir problem yoxdur. Yalandan "istifadəyə yararsızdır" adı ilə sıradan çıxarırlar. 30 il stajım var. İşdən çıxsam gərək gedib dilənəm, ya da acından öləm. Axşam 17:10-da qatar hərəkət edir. Bu saatda qatar camaatın nəyinə lazımdır? Həmişə saat 16:00-da gedirdi, adam da dolu olurdu. Ancaq vaxt dəyişdiyi üçün az adam istifadə edir. Necə olur Ziya Məmmədov delfininə qulluq üçün hər gün pul ödəyə bilir, bizi işlə təmin edə bilmir?"
Nəzarətçi Tamilla Əliyeva 5 manat maaş aldığını və 2 uşaq saxladığını söylədi. Ardınca “maraqlıdır, məmurlar aşağı təbəqəni ayağa qaldırmaqla nə demək istəyirlər? Üsyan istəyirlərsə edək” dedi: “Nazirlərin, imkanlıların bahalı maşınları mərmər körpü üstündə getsin deyə mənim uşaqlarım ac qalacaqsa, nəyimə lazımdır o körpü. Azərbaycan günü-gündən çiçəklənir, abadlaşır, neftimiz, qazımız var. Bəs biz Azərbaycanda yaşaya-yaşaya niyə bunları görmürük? Yoxsa xəzinə üstündə oturmuşuq, xəbərimiz yoxdur? İllərdir 3500 voltluq elektrik xətlərinin altında işləmişik. Bu gün həmin təhlükəyə işdən qovulmaqla cavab aldıq”.
Digər işçi Xuraman Bəhlul qızı maaşlarının 50 faizinin endirilməsindən və prezidentin bu cur qanunsuzluqlara necə göz yuma bilməsindən danışdı: “Seçki zamanı prezidentə səs verən fəhlədir. Fəhləyə isə bu ölkədə yer yoxdur. Bu gün getmişdim rəisin yanına. Rəis mənə cədvəl verib "bu, son gündür" dedi. Bizi aldatdılar ki, yayda qatarlar artacaq, əksinə etdilər. Bütün qatarları ləğv etdilər. Qatarın qiymətini 20-30 qəpik etsinlər, razıyıq. Ancaq bağlanmasın".

“Sən burada təbliğatla məşğulsan”

Söhbətin bu yerində içəri bir nəfər daxil oldu. Əməkdaşımıza “sən burada təbliğat aparırsan” dedi. Hədələməkdə günahlandırdı. Hətta hədə-qorxu gəlməyə də cəhd etdi: “İşçilər yalan danışır. Hamısı yaxşı maaş alır. Qatarlar isə bağlanmayacaq. Bağlansa belə bizi işlə təmin edəcəklər. Sizin isə icazəniz olmadan adamları danışdıra bilməzsiniz. Etdiyiniz hərəkət təbliğat xarakterlidir”. Sonradan öyrəndik ki, bu, deponun rəhbər işçilərindəndir. Vəzifəsini dəqiqləşdirə bilməsək də ad-soyadını öyrəndik:
Şirməmməd Əhmədov.

Bəs sərnişinlər nə deyir?

Qatardan istifadə edən sərnişinlərin fikrini öyrənmək üçün son günlərini yaşayan elektrik qatarına mindik. İnsanlar da bu xəbərdən möhkəm qəzəblənmişdilər. Kamil Qasımov adlı sərnişin illərdir “elektriçka”dan istifadə etdiyini və bağlanmasına razı olmadığın söylədi.
17 ildir elektrik qatarlarında səyyar ticarətlə məşğul olan Azad Rüstəmov qatarın bağlanmağının günahını nəqliyyat nazirində gördü. Bildirdi ki, bağlardakı məmurların istirahətinə qatarın səsi mane olur: “Mənim atam-anam yoxdur. Özüm işləyib özümü saxlayıram. Bu qatar bağlananda harada işləyəcəm? Nazirlər gətirib mənə çörək verəcək?”
Digər sərnişin (adını söyləməkdən imtina etdi - T.T.) bildirdi ki, 2001-2002-ci illərdə tramvayı, indi də elektrik qatarlarını ləğv edirlər: “Sivil ölkələrin hamısında elektrik qatarından yüksək səviyyədə istifadə edilir. Ekoloji cəhətdən ən təmiz nəqliyyat növünü sıradan çıxarmaq ağılsızlıqdır. Kəndlərin çoxuna marşrut işləmir. Avtomobil atmosferi çirkləndirir. Təmiz və təhlükəsiz nəqliyyat növünü ləğv etmək nə deməkdir? Qatarın sayını artırmaq əvəzinə tamamilə ləğv edirlər. Mən ayda 100 manat maaş alıram, həmin pulun yarısı avtobusa gedəcək. Lazım gəlsə mitinq etməyə hazırıq”.
Adının çəkilməsini istəməyən dəmiryol işçisi bildirdi ki, xəzinədarın 2 maaş cədvəli var: “Biri cibinə gedir, biri isə fəhlələrə paylanır. Budur, Azərbaycanın nəqliyyatı. Qanunsuzluq baş alıb gedir. Bəs demokratik ölkəyik, günü-gündən müasirləşirik, nə oldu? Əksinə, hələ çox geri gedəcəyik, nə qədər ki, nazirimiz dəyişməyib.<%-1>
Göründüyü kimi, hökumət getdikcə sıravi insanların həyatını daha da çətinləşdirir. Bakının ən əlverişli nəqliyyat növü olan tramvay, trolleybusdan sonra növbə elektrik qatarlarına çatıb. Xalq isə ona edilən pisliklərə bir gün mütləq cavab verəcək. Bunun işartıları bu reportajda açıq sezilir...(Yeni Musavat)
 
  • Yazılıb
  • da (də) 2009 Aug 02