Azərbaycan Servisi/Aran Agentliyi
“İçərişəhərdə hərəkətin normallaşdırılması üçün yeni sistem quraşdırılacaq”. Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri AJAŞ Xəbər Agentliyinə açıqlamasında bildirib. R.Azərinin sözlərinə görə, avqust ayının 1-dən etibarən İçərişəhər-ə avtomobillərin girişinin məhdudlaşdırılması da yeni sistemin quraşdırılması ilə bağlıdır: “Bildiyiniz kimi, İçərişəhərin demək olar ki bütün yolları birtərəflidir. Avtomobillərin sayı isə hədsiz dərəcədə çoxdur. Yeni sistemin tətbiqi avtomobillərin sayının azaldılmasına, qayda-qanun yaratmağa imkan verəcək”. Mətbuat xidməti rəhbəri onu da əlavə edib ki, sınaq müddəti 1 ay müəyən olunub: “Sınaq müddəti başa çatdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək”.
Məlumat üçün deyək ki, avqust ayının 1-dən etibarən İçərişəhər qoruğu ərazisinə avtomobillərin girişi məhdudlaşdırılıb və yeni qaydalar tətbiq olunub. Belə ki, əraziyə daxil olan hər avtomobil ilk 1 saat üçün 2 manat ödəməlidir. Rahib Azəri bunun müvəqqəti xarakter daşıdığını deyib və sınaq müddəti başa çatdıqdan sonra məsələyə tamamilə aydınlıq gətiriləcəyini bildirib.