Sonuncu məhkəmə prosesində MB nümayəndəsi vəsatət qaldıraraq mətbuat və ictimaiyyət nümayəndələrinin iclas zalından çıxarılmalarına nail oldu...
Azərbaycan Servisi/Aran Agentliyi
Bu səbəbdən də prosesin qapalı keçirilməsinə nail oldular. Sonuncu məhkəmə prosesində MB nümayəndəsi vəsatət qaldıraraq mətbuat və ictimaiyyət nümayəndələrinin iclas zalından çıxarılmalarına nail oldu. Hörmətli Mərkəzi Bank başbilənləri və onların sifarişlərini yerinə yetirənlər nəzərə almalıdırlar ki, qələm əhlinin bir vəzifəsi də gizlinləri ortaya çıxarıb ictimailəşdirmək, bu yolla cəmiyyətdəki problemlərin həllinə nail olmaqdır.
Törədilən hər türlü maneələrə rəğmən bu istiqamətdə araşdırmalarımız davam edir. Müxbirimizə məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyinin iki «KamAZ» pulun oğurlanması ilə bağlı Mərkəzi Bankda apardığı yoxlamalar nəticəsində 500 milyon manat «perelimit» üzə çıxarılıb. Bu isə ortaya çoxsaylı suallar çıxarıb.
İqtisadçı-ekspertlərin rəyinə görə, Mərkəzi Bank kimi mühüm dövlət obyektində bu məbləğdə «perelimit»in ortaya çıxması mümkün deyil: «Əgər bu baş veribsə, deməli, Mərkəzi Bankda ilginc proseslər cərəyan edir. «Perelimit», sadə dillə desək, sənədlərdə göstərilən məbləğdən, indiki halda Mərkəzi Bankın saxlanc anbarındakı pulların artıq olmasıdır. Bu isə sensasiyadır. Sənədlərdə göstərilən puldan artıq pulu - yəni 500 milyon manatı kimsə kənardan gətirərək Mərkəzi Bankın saxlanc anbarına qoyub. Saxlanc anbarı isə hansısa məmurun seyfi deyil ki, ora kimsə gətirib bu məbləğdə pulu qoyub çıxıb getsin. Oranın qorunması və təhlükəsizlik sistemləri ən qabaqcıl texnologiyalardan istifadə edilməklə qurulub. Ən azı saxlanc anbarı rəhbərliyinin razılığı olmasa, ora kənardan kimsə girə bilməz. Bu hadisə ağlasığmazdır, hətta deyərdim ki, sensasiyadır". Adının çəkilməsini istəməyən iqtisadçı-ekspert 1000-2000 manatın Mərkəzi Bankın saxlanc anbarına səhv nəticəsində gedib çıxa bilməsini «o qədər də böyük olmayan xəta» adlandırıb. Lakin 500 milyon manatın kənardan saxlanc anbarına qoyulmasının səhv ola biləcəyinə inanmadığını deyib: «Hazırda davam edən prosesin gedişindən bəlli olur ki, saxlanc anbarından məhv edilməli pullar götürülərək qeyri-qanuni olaraq dövriyyəyə buraxılıb. Rəsmi sənədlərdə həmin pullar məhv edilmiş pullardır. Sonradan nə isə baş verib və pulları qeyri-qanuni dövriyyəyə buraxanlar yoxlama aparılacağını haradansa öyrəniblər. Buna görə də götürdükləri pulları qaytarıb yerinə qoyublar. Bu isə «perelimit»in ortaya çıxmasına səbəb olub".
Məhkəmədə səslənən və apardığımız araşdırmalar zamanı ortaya çıxan müdhiş faktlara münasibət öyrənmək üçün Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayevdən münasibət öyrənməyə çalışdıq. İki gün ərzində A.Babayevin katibəsi sədr müavininin qonaq qarşılayıb yola saldığını və ya işdə olmadığını deməklə onunla danışıb suallarımıza aydınlıq gətirməyimizə şərait yaratmadı. Mərkəzi Bankın elektron ünvanına yolladığımız suallar da cavablandırılmadı. A.Babayevə verəcəyimiz suallar isə bunlar idi:
Mərkəzi (Milli) Bankda şöbə müdiri olmuş Ərşad Cəlilov məhkəmədəki ifadəsində 2002-ci ildə dövriyyədən çıxarılaraq məhv edilməli olan pullardan 7 milyard manatın (köhnə məzənnə ilə) cinayətkar qrup tərəfindən yenidən dövriyyəyə buraxıldığını dedi. Bildirdi ki, bu cinayəti etmiş şəxslər azadlıqdadır. Bu şəxslərin kim olduğunu açıqlamanızı istərdik. Xahiş edirik ki, onların ad-soyadları ilə yanaşı vəzifələrini də göstərəsiniz.
Məhkəmədəki ifadələrdən məlum olur ki, bu cinayətlər 5 il ərzində baş verib. Bəs Mərkəzi Bankın təhlükəsizlik xidməti bu müddət ərzində harada olub?
Nəsimi Rayon Prokurorluğunun müstəntiqi 1961-ci ildən Mərkəzi (Milli) Bankın məxaric kassasında çalışan, hazırda isə həbsdə olan Şəhnaz Səmədovaya bankdan 320 min yeni manat pulun oğurlandığını deyib. Sonradan isə müstəntiq bu məbləğin 402 min manat olduğunu bildirib. Ümumilikdə Mərkəzi (Milli) Bankdan nə qədər pul oğurlanıb?
Baş verən oğurluqlardan sonra təhlükəsizlik xidməti gücləndirilibmi?
Bu oğurluqların və köhnə pulların dövriyyəyə buraxılmasının arxasında İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifəsindən götürülməsinə təkan vermək niyyətinin dayanması barədə xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?
Məhkəmə prosesində məlum oldu ki, 7 milyard manat iki «KamAZ» yük maşınına yerləşir. Bu pullar Mərkəzi Bankdan hansı yolla çıxarılıb?
Elman Rüstəmov hazırda məhkəmə qarşısına çıxarılan sabiq əməkdaşlarının suçlu olmalarını bölüşürmü?
Hazırda Mərkəzi (Milli) Bankda saxlanılan pulların oğurlanma ehtimalı qalırmı?
«Perelimit»i əmələ gətirən 500 milyon manatı Mərkəzi Bankın saxlanc anbarına kim və niyə qoyub?
Suallarımıza A.Babayevlə yanaşı, Mərkəzi Bankın istənilən səlahiyyətli nümayəndəsinin cavab verməsi də qəbul olunandır.
Yaxın saylarımızda apardığımız araşdırmanın nəticəsində üzə çıxan və bəzi dəqiqləşdirmələrə ehtiyac yarandığından dərc etmədiyimiz ilginc faktlarla da tanış ola biləcəksiniz.
Oğurluq pullarla təyyarə alan hansı məmurdur;
Elman Rüstəmovun məhkəmədə dindirilməsini hansı qüvvələr tələb edir;
Oğurluqlarda birbaşa adı hallanan Kəmaləddin Heydərovun adamı, Vasif Talıbovun qohumu istintaqa niyə cəlb edilməyib;
Danimarkada bu cinayətlə bağlı tutulan Mərkəzi Bank əməkdaşı kimdir;
Həmin bank əməkdaşının adına açılmış hesaba milyonlarla pulu kim yatırıb;
Alman konyakı içib yatmaqla iki «KamAZ» pulun oğurlanmasına şərait yaradan hansı nazirin qardaşıdır;
İki «KamAZ» pulun oğurlanmasına görə başına torba keçirilərək MTN-ə aparılan məmurlar kimlərdir...
Bütün bu sualların cavabını növbəti saylarımızda öyrənə biləcəksiniz.