Azərbaycan Servisi/Aran Agentliyi
Dağıstanın Xasavyurt şəhərində Rusiya milisi azərbaycanlı miqrantlara qarşı qanunsuz əməllərə yol verir. Azərbaycanlılar Dağıstan milisi tərəfindən yoldan tutularaq küçə süpürməyə və digər işlərə cəlb olunur.
Masallı sakini, Xasavyurtda bazarda alverlə məşğul olan Zaur Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, şəhərdə yaşayan azərbaycanlıların sayı 7 minə yaxındır və onların əksəriyyəti müvəqqəti yaşamaq üçün müvafiq sənədlərə malikdir. Buna baxmayaraq son vaxtlar şəhərdə «oblava» keçirən milislər həmyerlilərimizin sənədlərinə məhəl qoymayaraq onları şöbəyə aparır, pullarını əllərindən alır, sonra isə küçə süpürməyə məcbur edirlər.
Zaur Əhmədovun dediyinə görə, digər postsovet respublikalarından olan miqrantlar - özbəklər, taciklər və həmçinin Çin vətəndaşları küçə süpürməyə razılaşsalar da, azərbaycanlılar bunu özlərinə təhqir hesab edirlər. Bu səbəbdən də rus milisi tərəfindən fiziki işgəncələrə məruz qalırlar. «İki aylıq yaşayış qeydiyyatına düşürük, iki aydan bir qeydiyyatı təzələyirik. Yəni, yaşayış qeydiyyatımız var. Buna baxmayaraq rus milisləri heç nəyə əhəmiyyət vermirlər, heç sənədlərə də baxmırlar, küçədə tutan kimi dinləmədən aparırlar şöbəyə. Başqa millətlərin nümayəndələri küçə süpürməyə, ayaqyolu təmsizləməyə razılaşırlar, bizsə yox. Ona görə də bizi döyürlər, pullarımızı əlimizdən alırlar. Burada 6-7 min azərbaycanlı müxtəlif sahələrdə işləyir. Tək bazarda işləyənləri yox, tikintidə və digər sahələrdə işləyənləri də tutub aparırlar», - deyə Zaur Əhmədov bildirib.
Həmyerlimizin sözlərinə görə, şəhərdə yaşayan azərbaycanlılar icma şəklində formalaşmadıqlarına görə, səslərini şəhər rəhbərliyinə çatdıra bilmirlər. Onlar Rusiyanın Azərbaycandakı səfirliyindən və Azərbaycanın Rusiyadakı səfirliyindən kömək istəyirlər