Silahlı Qüvvələrdə kifayət qədər tanınan və böyük nüfuza malik iki zabit - general-leytenant Talıb Məmmədov və general-mayor Qabil Məmmədov ordu sıralarından ehtiyata buraxılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Silahlı Qüvvələrdə kifayət qədər tanınan və böyük nüfuza malik iki zabit - general-leytenant Talıb Məmmədov və general-mayor Qabil Məmmədov ordu sıralarından ehtiyata buraxılıb.“Milaz” İnformasiya Agentliyi Müdafiə Nazirliyinə (MN) yaxın olan mənbələrə istinadən bu barədə xəbər yayıb. Xəbəri verən mənbə hər iki generalın son vaxtlar dəfələrlə yuxarı komandanlığa təqrirlə (raportla) müraciət edərək onları öz xahişlərinə əsasən ehtiyata buraxmalarında israrlı olduqlarını bildirib. Hər iki general bir vaxtlar MN sistemində böyük vəzifələrdə xidmət keçdiyindən, agentlik bəzi araşdırmalar aparıb. Məlum olub ki, general-leytenant T.Məmmədov Qarabağ döyüşlərinin ən qızğın vaxtlarında Ağdam istiqamətindəki hərbi hissədə xidmət keçib, daha sonra isə MN-in Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Mərhum prezident Heydər Əliyevin dönəmində MN-də ən məlumatlı və etibarlı zabitlərdən biri kimi tanınıb. Öz işini dərindən bilən zabit kimi tez-tez Ali Baş Komandana mühüm məlumatları şəxsən məruzə edib. Lakin 2003-cü ildən başlayaraq MN-in indiki rəhbərliyi ilə aralarında yaranmış bəzi narazılıqlara görə MN mərkəzi aparatından uzaqlaşdırılaraq, əvvəl Pakistan İslam Respublikasındakı səfirliyimizdə hərbi attaşe vəzifəsinə, daha sonra isə nazirliyin o qədər də önəmli sayılmayan Hərbi-Elmi Mərkəzinə (HEM) aşağı vəzifəyə təyin olunub.
General-mayor Qabil Məmmədov Bərdə hərbi birləşməsi kimi mühüm bir sahədən çıxarılaraq əvvəl ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə adıçəkilən HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub.
İki təcrübəli və cavan generalın indiki vaxtda ehtiyata buraxılması kifayət qədər təəccüblü görünür.
Xatırladaq ki, mətbuatda bir müddət əvvəl müdafiə naziri Səfər Əbiyev, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, müdafiə nazirinin müavini Çingiz Məmmədov, Avroatlantik İnteqrasiya İdarəsinin rəisi Ramiz Nəcəfov, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanov və sair şəxslərin istefaya göndəriləcəyi barədə xəbərlər dərc olunmuşdu. Sonradan Müdafiə Nazirliyinin rəsmisi bunu şayiə adlandıraraq bildirmişdi ki, bu qədər təcrübəli zabitin işdən çıxarılması kadr çatışmazlığına səbəb ola bilər. Qəribəsi odur ki, təcrübəli kadr probleminin qabardılmasından az sonra döyüş təcrübəsi olan iki general ordudan tərxis edildi.
Qeyd edək ki, bu məsələ müdafiə naziri ilə hərbi prokurorun, həmçinin baş hərbi komissarın arasında problemlərin mövcudluğu dövrünə təsadüf edir. Hərbiçi ekspert Canmirzə Mirzəyevin bu yaxınlarda mətbuata dedikləri də ancaq təəssüf doğurur: “Nazir Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqovun bir-birini görən gözləri yoxdur. Ordudakı qruplaşmanın mövcudluğu ilə bağlı mən hələ 1995-ci ildə Ali Baş Komandana yazılı sürətdə xəbər çatdırmışdım. Bildirirdim ki, nazirlə qərargah rəisi arasında konflikt var. Təəssüflə deməliyəm ki, bu problem 14 ildir ki, qalır. Misal üçün, vaxtı ilə müdafiə naziri baş qərargah rəisinin bütün səlahiyyətlərini zəbt eləmişdi. Buna görə onlar əlbəyaxa da olublar və bunu hamı bilir. Hətta Səfər Əbiyevlə Nəcməddin Sadıqov bir neçə dəfə dalaşıblar”.
Hər halda, müharibə şəraitində olan ölkənin ordusunda belə bir vəziyyətin olması azı təəssüf doğurur.
Qeyd edək generalların 2003-cü il seçkisonrası hadisələrdə ordudan xalqa qarşı istifadə olunmasına qarşı çıxdığı, hətta bunu açıq şəkildə nazirə dedikləri bildirilirdi. Məhz 16 oktyabr olaylarından sonra 10-dək hərbi hissə komandiri rüşvət almaqda ittiham olunaraq həbs edildi. O zaman rəhbərliyin məsələni siyasiləşdirmək istəmədiyi üçün bu ittihamdan yararlandığı deyilirdi.
Adının çəkilməsini istəməyən mənbə bildirdi ki, hər iki enerjili, təcrübəli generalın ordudan uzaqlaşdırılması Silahlı Qüvvələr üçün ciddi itkidir: “Bundan əvvəl baş qərargah rəisi Nəcməddin Sadıqovun müavini general-mayor Aleksandr Petroviç Vasyak da ehtiyata buraxılmışdı. Hətta beloruslar onu öz ordularına cəlb etmək istəyirdi”. Mənbə dedi ki, Q. Məmmədov hərbi attaşe işləyərkən səfir Qəndilovla aralarında insident yaranıbmış. Elə bu insidentin böyüməməsi üçün onu Bakıya çağırıblar. Onun yerinə isə polkovnik leytenant Xəzər Abbasov təyin olunub.
Tanıyanlar generalların heç bir qruplaşmaya daxil olmadıqlarını da bildirir. Ancaq onların qruplaşmaların çəkişməsinin qurbanı olduqlarını da istisna etmirlər. Ekspertlərə görə, hazırda orduda “kim-kimi” məsələsi həll olunur. Ona görə də müdafiə nazirinin ona problem yaradan şəxslərdən yaxa qurtarmağa qərar verməsi hiss olunur. Ancaq o da bildirilir ki ordu rəhbərliyinin sayğısız münasibətindən incimiş generallar getmək qərarında təkidli olublar.
Xatırladaq ki, Q.Məmmədov cənub bölgəsindən, T.Məmmədov isə Qərbi Azərbaycandandır.
Generalların özləri ilə əlaqə yaratmaq cəhdimiz alınmadı.