Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə «Meşə qardaşları» kimi tanınan dəstənin 26 üzvünün məhkəməsi davam edib
Azərbaycan Servisi/Aran Agentliyi
«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə «Meşə qardaşları» kimi tanınan dəstənin 26 üzvünün məhkəməsi davam edib.
Məhkəmə iclasında Türkiyə vətəndaşı Yaman Əli Dursun oğlu ifadə verib. Bu şəxs Azərbaycan sərhədini qanusuz keçməkdə, Dağıstanda İlqar Mollaçiyevin yaratdığı qanunsuz silahlı birləşmə tərkibində fəaliyyət göstərməkdə, saxta sənəd hazırlamaqda və istifadə etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkmişlərin dindirilməsinə başlanılıb. Zərərçəkmiş qismində ilk dindirilən şəxs «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleymanov olub. O, ifadəsində bildirib ki, partlayış baş verən vaxt (19.09.2008) «Əbu-Bəkr» məscidində axşam namazı qılırmış. Partlayış nəticəsində isə o, yüngül xəsarət alıb. Qamət Süleymanov qumbaranın məscidə pəncərədən atıldığını təsdiqləsə də, bunun konkret kim tərəfindən edildiyini görmədiyini söyləyib.
Zərərçəkmiş vəkillərin «təqsirləndirilən şəxsləri tanıyırsınızmı» sualına «bunların heç birini tanımıram və bu adamlardan heç biri ilə ədavətim olmayıb» cavabını verib.
Sonra məhkəmədə digər zərərçəkmişlər, məsciddəki partlayış vaxtı yaralanan Həsrət Vəliyev, Rəşad Camalov və Böyükağa Cəbrayılov dindiriliblər.
Onlar hadisə baş verərkən səcdədə olduqlarından qumbaranın konkret kim tərəfindən atıldığını görmədiklərini bildiriblər.
Daha sonra məhkəmə zərərçəkmiş qismində Kərim Əli oğlu Yolçuyevi dindirib. Kərim Yolçuyevin oğlu Əli Yolçuyev DİN Daxili Qoşunlarının çavuşu olub və Qusar meşələrində «Meşə qardaşları»nın zərərsizləşdirilməsinə dair əməliyyat tədbirlərində iştirak edərkən həlak yetirilib.
Zərərçəkmiş oğlunun hansı şəkildə və konkret kim tərəfindən qətlə yetirilməsi barədə məlumata malik olmadığını söyləyib.
Xatırladaq ki, məhkəmə qarşısında dayanan 26 nəfər Dağıstanda fəaliyyət göstərmiş və ötən il əməliyyat zamanı Dağıstan milisi tərəfindən qətlə yetirilən İlqar Mollaçiyevin başçılıq etdiyi «Meşə qardaşları» qanunsuz silahlı birləşmə tərkibində Quba-Qusar meşələrində hərbi təlimlər keçməkdə, Azərbaycan sərhədini dəfələrlə qanunsuz keçməkdə, ötən il avqustun 19-da «Əbu-Bəkr» məscidində partlayış törətməkdə və digər cinayətlərdə təqsirləndirilirlər.