Tarix : 2009 Aug 11
Kod 13370

SƏFƏR ƏBİYEVİN HƏYATINA TƏHLÜKƏ VAR

Azərbaycanın baş əsgəri Rail Rzayevin qətlindən dərhal sonra özünə zirehli maşın sifariş veribmiş; “BMW” bir neçə gün əvvəl Bakıya gətirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant R.Rzayev 6 ay əvvəl, fevralın 11-də evinin yaxınlığında qətlə yetirildi. Bu qətl ölkədə bir çox məmurları, generalları davranışlarında korrektə etməyə məcbur etdi.Redaksiyamıza daxil olan məlumata görə, bu qətldən sonra narahat olan müdafiə naziri hörmətli Səfər Əbiyev özünə zirehli avtomobil sifariş edib. Həmin avtomobil bir neçə gün əvvəl Almaniyadan Bakıya gətirilib. Almaniyanın məşhur avtomobil istehsalçısına sifariş verilən “BMW” markalı avtomobilin yarım milyon dollara başa gəldiyi bildirilir.
Xatırlayırsınızsa, fevralın 11-də general Rail Rzayevin qətlindən dərhal sonra ölkə rəhbərliyində təmsil olunan generallar qeybə çəkilmişdi. O vaxt onların həyatına hər an təhlükə olduğu üçün ölkəni tərk etdikləri bildirilirdi. Səfər Əbiyevin öz müavini Rail Rzayevin dəfnində iştirak etməməsi ilə bu xəbərlərin əsaslı olmasını da təsdiq etmiş oldu. 6 ay əvvəl yayılan xəbərlərdə generallardan xüsusən müdafiə nazirinin həyatına ciddi təhlükə olduğu da qeyd edilirdi.
Həmin vaxt Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatları ciddi-cəhdlə təkzib etməyə çalışsa da, bir neçə gün əvvəl Səfər Əbiyevin kürd kökənli məmurla əvəzlənəcəyi xəbərinin yayılması məsələnin ciddi olduğunu göstərdi. Görünən budur ki, hakimiyyətdəki qruplaşmalardan biri hər vasitə ilə Səfər Əbiyevin postunu ələ keçirmək istəyir. Lakin müdafiə naziri də əllərini sallayıb qarşı tərəfin onu postundan götürməsini seyrçi kimi müşahidə etmir. Nazir hər vasitə ilə müdafiə olunmaqla məqam düşən kimi əks-hücuma da keçir.
Müdafiə nazirinin müdafiəsinə deputat Vahid Əhmədovun və digər söz sahiblərinin qalxması müdafiə naziri postuna iddialıların məqsədlərinin reallaşması üçün ciddi səylər göstərdiyini söyləməyə əsas verir. Belə bir vəziyyətdə general Əbiyevin zirehli maşın alması da başadüşüləndir. Bu, həm də S.Əbiyevin həyatına təhlükənin qaldığını göstərən məqamdır.
R.Rzayevin qətlini müdafiə nazirinə xəbərdarlıq kimi qiymətləndirmək də mümkündür. Bu qətldən sonra Əbiyevlə onun postuna öz namizədini yerləşdirmək istəyən məmurun mübarizəsinin qızışması da bir daha R.Rzayevə güllənin hansı istiqamətdən atıldığını göstərən nüansdır.
S.Əbiyevin əks-hücumları da göz önündədir. “Fövqəlnazir”ə yaxınlıqları ilə tanınan baş hərbi komissarla baş hərbi prokurora qarşı aparılan kampaniyanın Müdafiə Nazirliyindən qaynaqlandığı da məlumdur. Hazırda müdafiə naziri kreslosu uğrunda mübarizə davam edir və bizlər iki nəhəng nazirdən hansının döyüşdə məğlub olacağının yaxınlarda şahidi ola bilərik.
  • Yazılıb
  • da (də) 2009 Aug 11