Son ay ərzində Bakı aeroportunda İsrail təyyarələrinin təhlükəsizliyi ilə bağlı İsrail tərəfinin irəli sürdüyü təkilflər müzakirə edilir və hələ nəticə əldə edilməyib
Azərbaycan Servisi/Aran Agentliyi
Son ay ərzində Bakı aeroportunda İsrail təyyarələrinin təhlükəsizliyi ilə bağlı İsrail tərəfinin irəli sürdüyü təkilflər müzakirə edilir və hələ nəticə əldə edilməyib. Belə ki, İsrailin “Arkia” aviaşirkəti Tel-Əviv-Bakı-Tel-Əviv təyyarə reysi açmağı təklif edib və İsrail bu reys üzrə Bakı aeroportunda təhlükəsizlik tədbirlərini İsrail tərəfin həyata keçirməsini istəyir. Azərbaycan tərəfi isə buna razılıq vermir.
AZAL QTSC-nin xidmət rəisi Məhərrəm Səfərli Turana bildirib ki, danışıqlar hazırda davam edir və avqustun 20-dək nəticə əldə edilməzsə, öz növbəsində, “Azal” Bakı-Tel-Əviv-Bakı reysini dayandıra bilər.
M.Səfərlinin dediyinə görə, “Azal”ın Təhlükəsizlik Xidməti Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə tam cavab verir. “Beynəlxalq Mülki Aviasiya Təşkilatı təhlükəsizliklə bağlı monitorinqlər aparır və “Azal”ın Təhlükəsizlik Xidmətinin işi ilə bağlı iradı yoxdur. Eyni zamanda, “Azal”ın Təhlükəsizlik Xidməti dünyada tanınmış şirkətlərin Bakıya uçan təyyarələrinə də qüsursuz xidmət edir. Onların da hər-hansı iradı qeydə alınmayıb”, - deyə o qeyd edib.