Rauf Arifoğlu: "Məhkəmə keçirilsə, orduda baş verənlərdən daha detallı danışmaq imkanımız olacaq"
Üzeyir Cəfərov: "Böhtana görə Müdafiə Nazirliyi əməkdaşının özü məhkəməyə verilə bilər"
Azərbaycan Servisi/Aran Agentliyi
Verilən məlumatlara görə, Azərbaycanın Müdafiə Nazirliyi bəzi mətbu orqanları, o cümlədən “Yeni Müsavat” qəzetini məhkəməyə verməyə hazırlaşır. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev agentliyə açıqlamasında bəzi mətbuat orqanlarında Müdafiə Nazirliyinə münasibətdə qərəzə yol verildiyini, açıq-aşkar böhtan kampaniyası aparıldığını bildirib.
T.Abdullayev deyib: “Yeni Müsavat” qəzetinin 10 avqust tarixli sayında belə yazılardan biri - “Azərbaycan əsgəri nə yeyir” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycan ordusunda əsgərlərə heyvanlar üçün nəzərdə tutulan qidaların verilməsi ilə bağlı məlumat əks olunub. Qəzet Telman Əbilov və Üzeyir Cəfərovun ekspert kimi mövqelərini dərc edərək ordunun nüfuzuna zərbə vurmağa çalışıb. Məhz buna görə də Müdafiə Nazirliyi “Yeni Müsavat” qəzetini, qəzetin baş redaktor müavinini, məqalə müəllifini, həmçinin Telman Əbilov və Üzeyir Cəfərovu məhkəməyə verməyə hazırlaşır. Biz bundan başqa yol görmürük. Məhkəmə baş tutacağı halda bu şəxslər yazılanları sübuta yetirməlidir. Əks təqdirdə, nazirlik məhkəmədən onların qanuna müvafiq cəzalandırılmasını xahiş edəcək".
Qəzetin baş redaktoru Rauf Arifoğlu da APA-ya açıqlama verərək iddiaya münasibət bildirib: “Ordu Azərbaycan xalqına məxsusdur, onun problemi bizim hər birimizin problemidir. Həm vətəndaş, həm də qəzetçi kimi mən və rəhbərlik etdiyim kollektiv orduda baş verən neqativ hallara, özbaşınalıqlara biganə qala bilmərik. Bu səbəbdən də bizim və digər qəzetlərin gündəmində ordu mövzusu geniş yer tutur və bu istiqamətdə ciddi bir dəyişiklik olmayınca böyük ehtimalla ölkə mediasında hərbi nazirliyə dair yazılar davam edəcək. Konkret fakta gəlincə, mən də çox istərdim ki, bu mövzuda bir məhkəmə olsun və həmin məhkəmə prosesi vasitəsilə bütün ictimaiyyət görsün ki, Azərbaycan ordusunun təchizatı məsələsi necə biabırçı vəziyyətdədir”.
İddia ərizəsini gözlədiklərini söyləyən R.Arifoğlu “onunla tanış olandan sonra daha detallı danışmaq imkanımız da olacaq” deyib.
Qeyd edək ki, bu il mayın 26-da Qaraheybət Təlim Mərkəzində əsgərlərin qidadan zəhərlənməsi məlumatları ilə əlaqədar mövzunun aktuallığını nəzərə alıb Azərbaycan əsgərinin qida rasionu ilə bağlı araşdırma yazı hazırlamışıq. Yazıda ehtiyatda olan mayor, Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Telman Əbilovun “Olaylar” informasiya agentliyinə 2 iyun 2009-cu ildə söylədiyi fikirlər, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun hərbi ekspert kimi rəyləri dərc olunub, həmçinin mil.az.info informasiya agentliyinə istinad edilib.
Dünən ehtiyatda olan polkovnik-leytenant Ü.Cəfərov da ünvanına səslənən ittihamlara münasibətini bildirdi: “Biz çox hallarda ordunun nüfuzuna xələl gəlməməsi xətrinə bəzi faktları üstüörtülü şəkildə açıqlayırıq. Mən Müdafiə Nazirliyi ilə dəfələrlə məhkəmə çəkişməsində olmuşam və bu mövzuda da məhkəmə prosesinin açılmasından çəkinmirəm. Təki həmin məhkəmə prosesi keçirilsin. Orada ordumuzun durumu barədə çox aydın mənzərə yaradılacaq. Müdafiə Nazirliyi ordu üçün necə duzlu kələm, qəhvə, balıq alıb, kimlərdən alıb, balıqlar hansı hərbi hissələrə verilib - bu kimi faktlar açılmalıdır. Ordu Azərbaycanındır, orada xidmət edənlər də bizim övladlarımızdır. Həmin məhkəmə prosesi keçirilsə, kimin Azərbaycan ordusunun nüfuzuna zərbə vurduğunu faktlarla göstərərəm. O ki qaldı Teymur Abdullayevə, mən onu ordudan bixəbər adlandırardım. Onun əndrabadi açıqlamalarını nazirliyin mətbuat katibinin rəhbəri Eldar Sabiroğlu dəfələrlə təkzib edib. Digər tərəfdən, ordunu nüfuzdan salmaqda ittiham etdiyi şəxslər də onlara böhtan atdığına görə Teymur Abdullayevi məhkəməyə verə bilər”.
Hərbi ekspert sual edir: “İctimaiyyətdə orduya inamsızlığı biz yaradırıq, yoxsa Müdafiə Nazirliyinin təsadüfi kabinet generalları? Kimin Azərbaycan ordusuna qarşı qərəzli, laqeyd olduğu aydın görünür. Minbir əziyyətlə oğul böyüdən valideyn oğlunu hərbi xidmətə göndərir, o da hərbi xidmətdən ya əlil qayıdır, ya da heç qayıtmır. Mən bu insanlarımızın taleyinə biganə qalmamağı tələb edirəm, buna qarşı mübarizə aparıram və aparacağam da. Bu neqativlikləri görən, aradan qaldırmağa çalışanların səsini kəsmək cəhdi isə əbəsdir”.
Son olaraq yazı müəllifi kimi qeyd edim ki, mənim Müdafiə Nazirliyi ilə heç bir qərəzim yoxdur. Fikrimcə, güclü ordu elə güclü dövlət deməkdir. Bu səbəbdən silahlı qüvvələrimizdəki neqativ halları aradan qaldırmaq üçün çatışmazlıqların ört-basdır edilməsi yox, üzə çıxarılması vəzifəmdir. Təki Azərbaycan ordusu uğurlara imza atsın, biz də bu nümunəni cəmiyyətə çatdıraq.