Qobustan həbsxanasında cəza çəkən bir sıra dustağın aclıq aksiyası keçirməsilə bağlı informasiyalar gəlməkdədir
Azərbaycan Servisi/Aran Agentliyi
Qobustan həbsxanasında cəza çəkən bir sıra dustağın aclıq aksiyası keçirməsilə bağlı informasiyalar gəlməkdədir. Xatırladaq ki, bu barədə məlumatı ilk olaraq Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova vermişdi. Sonradan redaksiyamızla əlaqə saxlayan məhbus yaxınları da belə bir aksiyanın başladığını bildirdilər. Qeyd olunurdu ki, hətta bu barədə məlumat kənara şıxmasın deyə, həbsxanada cəza çəkən dustaqlarla görüş məhdudlaşdırılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibliyi isə məlumatı təkzib edir. Bildirilir ki, hazırda həbsxanada heç bir aksiya keçirilmir.Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıxov qəzetimizə açıqlamasında M.Rzaxanovanın həqiqətə uyğun olmayan məlumatlar yaydığını dedi: «Aksiya olanda biz gizlətmirik». Bəs, jurnalistlərin Qobustan həbsxanasında olub vəziyyətlə yerində tanış olması mümkün deyilmi? M.Sadıxov bildirdi ki, jurnalistlər dəfələrlə həbsxanada olublar: «Ora bir dəfə getməklə hər şeyi aydınlaşdırmaq çətin məsələdir. Orada məhkumların törətdiyi cinayətlərlə, oradakı davranışları ilə bağlı məsələlər var. Amma bununla belə, yaxınlarda Qobustana jurnalistlərin səfəri təşkil olunarsa məmnuniyyətlə sizin də iştirakınızı təmin edərik».
Qeyd edək ki, Qobustan həbsxanasında ağır cəza almış şəxslər saxlanılır. Vaxtilə ölüm hökmü alan və sonradan barələrindəki hökm ömürlük cəza ilə əvəzlənən məhkumlar da burada cəza çəkirlər. Məlumat üçün bildirək ki, cəzaları ömürlüklə əvəzlənən zaman ölüm hökmünə məhkum olunmuş şəxslərin sayı 128 nəfər olub. Sonradan onların bəziləri əfv olunaraq azadlığa buruxalıb, bir qisminin cəzası müddətli həbslərlə əvəzlənib. Bəzi məhbuslar isə vəfat ediblər. İndi bu kateqoriyaya aid olam dustaqların sayı 90-a yaxındır. Bu məhbuslar bir neçə ildir cəzalarının 15 illə əvəzlənməsi tələbilə müxtəlif aksiyalar keçirirlər.
Mətbuata üz tutan məhbus yaxınları isə daha çox hüquq müdafiəçilərindən şikayətlənirlər, onların hüquq müdafiəsindən başqa hər işlə məşğul olduqlarını deyirlər. Hüquq müdafiəçilərinin hədəfə gəlməsində səbəb nədir? Son zamanlar adı bir çox qalmaqallarda, hətta rüşvətdə hallanan İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bizimlə söhbətində bildirdi ki, onun əleyhinə kampaniya sifarişlə aparılır: «Xatırlayırsınızsa bir vaxtlar sabiq Prezident Yanında Xüsusi İdarənin rəisi Elman Qəmbərovun sifarişi ilə mənim haqqımda yazılar gedirdi mətbuatda, hətta o yazılar mənim qapımın ağzına qoyulurdu. Bunların hamısı sifarişdir. Hətta jurnalist var ki, ona filan qədər pul veriblər ki, Elçin Behbudovun barəsində yazsın, sadəcə, mən o jurnalistin adını çəkmək istəmirəm. Bir nəfərin haqqında danışılanda tutarlı fakt olmalıdır. Sual edirsiniz ki, niyə hüquq müdafiəçiləri haqda belə fikirlər çoxalıb, mən öz yerimə cavab verə bilərəm. Bilirsiniz ki, çoxları kravat altında gizlənəndə mən işgəncə faktlarını aşkarlamaqla məşğul idim. İlk dəfə mən həbsxanalarda məhkumlarla görüşüb onların haqq səsini ictimaiyyətə, aidiyyəti orqanlara çatdırmışam. Elçin Behbudov bundan başqa neynəməlidir? Müxtəlif təzyiqlərə sinə gərərək işgəncə faktlarını ictimailəşdirmişəm». E.Behbudov kimlərin mənafeyinə toxunur və kimlər ona qarşı kampaniya aparmaqda maraqlıdır? Suala cavab verən hüquq müdafiəçisi bildirdi ki, onun hədəfində yalnız dövlət məmurlarıdır: «Siz mənim müsahibələrimi oxuyursunuzsa, görəcəksiniz ki, işgəncəyə məruz qoyan, işgəncədə iştirak edən, qanunsuz həbs edən dövlət məmurlarından başqa heç kim mənim hədəfim deyil. Hardasa eşitmisinizmi ki, Elçin Behbudov hansısa məhkumun mənafeyinə toxunur? Bu barədə söhbət gedə bilməz. Bütün gedən yazılar, haqqımda deyilənlər sifarişlə aparılan kampaniyadır, məni gözdən salmaq üçündür».
Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə ittihamları təbii qarşıladığını dedi: «Əgər fəaliyyət varsa bu fəaliyyətdən narazı olan tərəflər də olur. Amma mən istərdim ki, mövqelər sivil formada, etik normalar çərçivəsində bildirilsin. Ola bilər ki, müəyyən məsələlərdə biz də nəticə çıxara bilərik. Bəzi adamlar var ki, hüquq müdafiəçılərinə qarşı qərəzli şəkildə açıqlamalar verirlər. Ağa qara deyib hüquq müdafiəçiləri haqda danışan adamlar kiminsə sifarişini yerinə yetirirlər. Hər bir halda mən buna normal baxıram, fikir plüralizmidi, hər kəs istədiyini deyə bilər. Əsas odur ki, biz düz yoldayıq». Ç.Qənizadə daha çox siyasi məhbus məsələləri üzrə məruzəçinin təyinatı ilə bağlı tutduğu mövqeyə görə tənqid obyekti olduğunu dedi: «Mən bildirirdim ki, məruzəçi təyin olunsa proses uzanacaq, İşçi Qrupu qalsa daha yaxşıdır. Martdan məruzəçi məsələsi həllini tapıb, amma bu vəzifəyə təyin olunan almaniyalı deputat Kristofer Ştrasser hələ də Azərbaycana səfər etməyib, məhbusların problemləri ilə bağlı hər hansı fikir bildirməyib. Hazırda onun özünün başı Almaniyada seçkiyə qarışıb, deputat seçilərsə öz işinə başlayacaq, bunun üçün də aylarla vaxt lazımdır. Zaman göstərdi ki, mənim dedikərim olsaydı uğur qazanardıq, siyasi məhbusların azı 20-30 faizi azadlığa çıxardı».