Erməni müxalifətinin radikal qanadı - Ermənistan Milli Konqresi cümə aksiyalarını və yürüşləri bərpa edir
Ermənistan Servisi/Aran Agentliyi
Erməni müxalifətinin radikal qanadı - Ermənistan Milli Konqresi cümə aksiyalarını və yürüşləri bərpa edir. "Novosti-Armeniya” agentliyinin məlumatına görə, bu barədə konqresin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, müxalifət qəzetinin redaktoru Nikol Paşinyan həbsdə olduğu müddətdə tərəfdarları “onun səsinin hər bir vətəndaşa çatması üçün” hər şeyi edəcək.
“Aykakan jamanak” qəzetinin redaktoru Nikol Paşinyana qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, hakimiyyət nüməyəndlərinə qaşrı zor tətbiq etmə və kütləvi iğtişaşlarda ittiham olunur.
Xatırladaq ki, 2008-ci il 19 fevral tarixində Ermənistanda prezident seçkisi keçirilib. Seçkinin nəticələrinə etiraz edən müxalifət fevralın 20-dən İrəvanın mərkəzində mitinq keçirib və səsvermənin nəticələrinə etiraz edib. 1-2 mart tarixində hüquq mühafizə orqanları mitinqi iştirakçılarına qarşı silahla zor tətbiq ediblər. Nəticədə 10 nəfər ölüb, 200 nəfərdən çox adam yaralanıb. Bir çox müxalifətçi isə həbs edilib.