Tarix : 2009 Aug 14
Kod 13445

Şəki məscidlərində mikrofonların hamısı bir gündə sıradan çıxıb?

Latviya prezidenti Valders Zatlers Şəkidə olduğu müddətdə şəhərdə fəaliyyət göstərən məsçidlərdə azan mikrofonla verilməyib
Azərbaycan Servisi/Aran Agentliyi
Latviya prezidenti Valders Zatlers Şəkidə olduğu müddətdə şəhərdə fəaliyyət göstərən məsçidlərdə azan mikrofonla verilməyib. Səfər başa çatandan bir gün sonra azan yenidən əvvəlki qaydada verilməyə başlayıb. Şəkidə gəzən söz-söhbətlərə görə, belə bir qərar rayon icra hakimiyyəti tərəfindən verilib. Amma Şəki Mərkəzi Məsçidinin imamı Əleysər Aslanov azanın həmin günlərdə mikrofonsuz verilməsini başqa səbəblə izah edib.

«Bizdə belə hal müşahidə olunmayıb. Bizdə həftənin 6-cı günü azan verən oğlanın toyu idi, ona görə də məndən icazə istədi. Aparatımız da bir az nasaz idi, başqa adam istifadə edə bilmirdi. Belə qərara aldıq ki, azan bir gün, gün yarım canlı verilsin. Bu da prezidentin gəlməsi ilə bağlı söz-söhbətə səbəb olub», - deyə məscidin imamı bildirib.

Şəhərin digər məscidlərində də həmin gün azan mikrofonsuz verilib. Ömər Əfəndi məscidinin imamı Əli Əhmədov də azanın mikrofonsuz verilməsini texniki səbəblərlə əlaqələndirib. Onun sözlərinə artıq bir aydır ki, məsciddə azan mikrofonsuz verilir.

İmam Əli məscidinin axundu Firidun Musayev isə bildirib ki, son 3 gün ərzində məscidin kabellərində problem olduğu üçün onlar da texniki imkanlardan istifadə etmir.

Şəki şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Rəfail Manafov isə məsələyə ANS-in kamerası qarşısında münasibət bildirmək istəməyib. Şifahi şəkildə bildirib ki, Şəhər İcra Hakimiyyəti tərəfindən məscidlərə hər hansı bir göstəriş verilməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb zonası üzrə baş məsləhətçisi Azər Nafiyev də həmin gün şəhərin bütün məscidlərində azanın mikrofonsuz verilməsini texniki imkanlarla izah edib. «Bu barədə bizdə hər hansı məlumat yoxdur. Yəni azanın verilməməsi mikrofonlarda olan nasazlıqlardan irəli gəlir. İcra hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Müəyyən səbəblərdən problemin aradan qaldırılması bir gündən çox çəkib", - Azər Nafiyev söyləyib.

Hazırda Şəkinin mərkəzi məscidi azanın verilməsini bərpa etsə də digər məscidlər hələ də «mikrafon böhranı» yaşayır.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 14