İntizar fenomeni artıq bu gün dünyada kitablardakı, qəzetlərdəki və digər yazılardakı nəzəri bəhslərdən artıq əməli anlama gəlmişdir
Azərbaycan Servisi/Aran Agentliyi
07 avqust 2009-cu il tarixdə İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.
Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Zəmanə İmamının (ə.f.) səadətli mövludu ilə üst-üstə düşən mübarək cümə günündə cümə namazına toplaşanları salamlayan cümə xətibi, hamını mövlud münasibətilə təbrik etdi. Daha sonra “İntizar” fəlsəfəsinin bəzi məqamlarına toxunulmuşdur. Axırzaman dönəmində dünyada fitnələrin, fəsadların, növbənöv xəstəliklərin və digər bəlaların geniş yayıldığı bir zamanda çoxlu müsəlmanlar da vardır ki, bir mübarək nəfərin gəlişini gözləməkdədir. “İntizar fenomeni artıq bu gün dünyada kitablardakı, qəzetlərdəki və digər yazılardakı nəzəri bəhslərdən artıq əməli anlama gəlmişdir. İntizarda olanlar bunu nəzəriyyə, fərziyyə olaraq deyil, öz həyatlarında baş verən hadisələrin tərkib hissələri kimi bilirlər. Əslində Fərəcin (ə.f.) intizarında olmaq, onun təcilinin tezləşməsinə dua etmək öz vəziyyətimizin, ruhumuzun fərəcinə gətirir”. Bəhsin bu yerində cümə xətibi İmam Zamandan (ə.f.) mübarək hədisi nəql etdi: “Fərəcin təcili üçün xeyli dua edin. Çünki elə himin dua etmək sizin fərəc və açılışınızdır”.
“Beləcə bununla da hər kəsin özünün fərəci baş tutur. Fərəc və açılış özü tədrici, mərhələli və arası kəsilməz bir prosesdir. Bunun baş tutması, meydana gəlməsi bizlərin iradə və dualarına bağlıdır. İradə ilə edilən ibadət və olunan dualarla əslində özümüzün fərəcinə, açılışına gəlib çatırıq. Hər gün namazlarımızda oxuduğumuz Fərəc duasının bir mahiyyəti də daxillərimizin, batinlərimizin fərəcinə nail olmaqdır. Bununla ruhiyyələrimizi də bu fərəcə kökləyir, ona uzlaşdırırıq. Elə qlobal Fərəcin (ə.f.) də baş tutması bu kiçik fərəclərdən keçir”.
“Hər birimiz həyatımızda İmamın (ə.f.) zühurunu qədərincə dəyərləndirəndə həmin kəslərin fərəci baş tutmuş olur. Buna görə Allaha təşəkkür edirik. Allahdan istəyirik ki, bu mənada hər birimizə bu tofiqatı nəsib etsin. Həm də şükür edir, həm də həmd edirik ki, Zəhra (ə) balasının mövludundan da xəbərdar olduğumuzu üçün”.
Həmd və şükürlərdən sonra xətib bir neçə nöqtə ilə cümə gecəsi yaşanan mövlud ziyarətlərinə toxundu. Ziyarətlərin nəticələrindən bir neçə kəlmə bəhs edildikdən sonra dünya həyatımızın sonluğunun yaxşı qurtarması üçün Allahdan aqibəti-xeyr dilənilmişdir: “Aqibəti-xeyr diləmə hər zamanın birinci məsələlərindən olmuşdur. Belə aqibət yalnız İmama (ə.f.) bağlılıqdan, ona nökərçilikdən, onun fərəcinin intizarında olmaqdan və buna hər an hazırlaşmaqdan keçir”.
Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir.
“Bu il ilk dəfədir ki, ölkəmizdə cümə namazlarının qılınması tofiqatı nəsib olmuşdur. Bu həm də ilk dəfədir ki, İmam Zaman (ə.f.) bərəkətli mövludu cümə namazına təsadüf edir. 1175 il bundan öncə də O (ə.f.), cümə günü dünyaya gözlərini açmışdı. Bu ölkəmizdə ilk hadisədir ki, mövludla cümə namazı bir günə uyğun gəlir. Cümə namazının Zəmanə Sahibinə (ə.f.) birbaşa aidiyyəti vardır. Söhbət o cümə namazlarının gedir ki, orada zühurla bağlı günün və zamanın nəbzi tutulur. Allaha dua edirik ki, hər yerdə İmam Zamana (ə.f.) layiq cümə namazları qılınsın”.
Davamında cümə xətibi bəhsi fərəcin zühurunun əlamətlərindən danışarkən əxlaq ustadlarından birinin mübarək ifadəsini diqqətə çatdırdı. Həmin ifadədə buyurulur: “313 nəfər əgər bu gün olsa, O (ə.f.), gələcək”. “Əgər 313 nəfər özünü islah etmiş, dininə sahib çıxmış olsa, O (ə.f.), gələcək. Əslində həmin əxlaq ustadı İslam elitasına müraciət edir ki, inkişaf və tərəqqi özünü düzəltmə ilə meydana gəlsə, o zaman onun davamı və bərəkəti olar. Amma bunun əksi baş verərsə, bu inkişaf və tərəqqinin Zəmanə Sahibinin (ə.f.) gəlişinə heç bir aidiyyəti yoxdur”.
Həcclə bağlı son günlər çoxlu müzakirələr getməsinə toxunan Hacı İlqar vurğulamışdır ki, bu mövzular nə həddən artıq panika halına gətirilməməli, nə də həddən artıq süstlük edilməməlidir. Səuduyyə Ərəbistanında da donuz qripinin aşkarlanmasını nəzərə alaraq, hətta bəzi Əhli-Beyt (ə) ölkələri bu mübarək Ramazan ümrəsini də təxirə salıblar. Bu həm də həccə daha ciddi hazırlığın təzahürüdür. Digər tərəfdən də ilk dəfədir ki, bu il real olaraq ümrə həcci Əhli-Beyt (ə) ardıcıllarına qadağan edilmişdir. “Belə durumlarda panikaların olmaması üçün hadisələrə şüurlu yanaşmaq lazımdır. Allah bu həcci də layiqli ziyarət nəsib etsin, inşəallah”.
“Qarşıdan yarım aydan sonra mübarək Ramazan ayı gəlir. Günahları yandırmaq üçün gözəllik imkan gəlir. Hər kəsin mübarək Ramazanla bağlı öz təşəbbüsü olsun. Bu Ramazan ayında yalnız əhyalardan-əhyalara görüşməyək. Allah Təala ilahi ziyafətində düzüb süfrələrini. Sən nə qədər bu süfrələrdən bəhrələnə bilsən - bu səndən asılıdır. Bəziləri var ki, süfrə bağlanana yaxın onun qırağından bir balaca bəhrə aparır. Elələri də var ki, ümumiyyətlə bəhrə apara bilmir”.
“Mübarək Ramazan ayının sübhünün, günortasının, gecəsinin öz payı var. Şeytan (lən.) müxtəlif bəhanələrlə baş qatır ki, insanlar bu ilahi paylardan bəhrə aparmasınlar. Bu ayda bütün bəhanələri kənara qoyub işlərimizi mübarək Ramazan ayına görə nizamlamalıyıq. Bunun üçün Allahdan mübarək Ramazan ayından bəhrələnmə tofiqatı diləyirik”.
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.