Evlərə verilən sudan əvvəlcə pis qoxu gəlirdi. Zaman ötdükcə artıq suların rəngi, eləcə də içərisindən çıxan qara və qırmızı rəngli qurdlar göstərdi ki, bu su kanalizasiya suyudur
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Gəncə.az saytına istinadlı xəbərinə görə adiyyatı qurumların səhlənkarlığı ucbatından dörd aydır ki, şəhərin bir qrup sakini məişətdə çirkabı sudan istifadə etmək məcburiyyətində qalıb.
Bu məkan Gəncənin mərkəzindən bir qədər aralıda yerləşir. XXI əsrin 2-ci onilliyini haqladığımıza baxmayaraq, bu «basalağın» kanalizasiya sistemi olmadığından sakinlər çirkab sularını arxlara axıdırlar. Şəhərin Xəqani, Aqil Məmmədov, M.Hüseynzadə, S.Vurğun, Dadaş Bünyadzadə və Şəddadilər küçələrinin hər iki tərəfindən axan çirkab sularının yaratdığı qoxu və görüntü azmış kimi yağmurlu havalarda arx dolaraq daşır. Küçə sakinləri problemlə bağlı dəfələrlə adiyyatı qurumlara müraciət etsələr də bunun heç bir nəticəsi yoxdur. Küçə sakinləri deyir ki, müraciətlər nəticəsində nəinki problemləri həll olunub, üstəlik əvvəllər həftədə heç olmasa bir dəfə də olsa zibil maşını yolunu bu tərəflərdən salırdısa artıq son 5-6 ayda buralarda zibilin daşınmasını görən olmayıb. Nəticədə sakinlər zibillərini də arxa axıtmalı olublar. Çirkab suları ilə yanaşı zirzibilin də yolla axması burada ürəkbulandırıcı vəziyyət yaradıb. Bütün bunlar azmış kimi sakinlər daha bir «fəlakətlə» üz-üzə qalıblar. Yuxarıda sadalanan problemlərini yoluna qoya bilməyən sakinlər bu məsələyə də bir əncam çəkə bilməyiblər. Belə ki, küçəyə 1969-cu ildə çəkilmiş su təchizat sistemi bərbad hala düşüb. Ana borudan evlərə çəkilən su xəttləri arxın aşağı hissəsindən kediyindən, zaman ötdükcə öz keyfiyyətini itirib. Nəticədə çirkab suları bu xətlər vasitəsi ilə ana boruya keçir.
Xəqani küçəsinin sakini Əlişir Azəri deyir ki, cari ilin aprel ayından bəri evlərə verilən sular kanalizasiya suyu ilə qarışır.
«Evlərə verilən sudan əvvəlcə pis qoxu gəlirdi. Zaman ötdükcə artıq suların rəngi, eləcə də içərisindən çıxan qara və qırmızı rəngli qurdlar göstərdi ki, bu su kanalizasiya suyudur. Bütün adiyyatı qrumlara müraciətlərimiz isə nəticəsiz qalıb. Hələ də sakinlər bu sudan istifadə etməyə məcbur olurlar»-deyə, Ə.Azəri bildirdi.
Digər sakin Hüseyn Hüseynov sürücü işləyir və onun orta aylıq qazancı 120 manat təşkil edir. 4 nəfərdən ibarət ailə üzvü olan H.Hüseynov hər zaman maşın ilə su gətitdirə bilmədiyindən məcburiyyət qarşısında bu sudan istifadə etdiklərini deyir.
«Tək mən deyiləm, neçə-neçə şəhər sakinlər imkansızlıqdan bu sudan istifadə edirlər. Biz sanki bu şəhərin sakini deyilik. Heç bizi sayıb problemimizlə maraqlanan da yoxdur. Bu qurumların işləri nədən ibarətdir, əgər birbaşa səlahiyyətlərində olan problemləri həll etməkdə acizdirlərsə?»-deyə, H.Hüseynov adiyyatı qurumlarının işlərinə biganə yanaşmalarından gileylənir.
Digər sakin Tünzalə Hüseynova II qrup əlil qızı ilə birgə yaşayır. Gəncə Gil-Torpaq İstehsalat Birliyindən 4 ay əvvəl müəssisənin dayanması səbəbi ilə öz hesabına məzuniyyətə çıxdığdığını və həmin vaxtdan bütün gününü digər küçənin sakinlərinin evindən vedrələrlə su daşımaqla keçirdiyini deyir.
«Bütün günü əlimdə vedrə, o qonşudan, bu qonşudan su daşıyıram. Bir ara fasilə verib, məcbur olub, bu sudan istifadə etməyə başladım, vallah, heç bir neçə gün çəkmədi, qızım qaşınmağa başladı. Həkimə apardım, bilmədi ki, bu qaşınma nədən ola bilər. Sonra bu cür su ilə yuyunduğunu deyəndə, həkim bu sudan nəinki istifadə etməyi hətta onunla paltar yumağı da qadağan elədi»-deyə, müsahib belə gedərsə, sakinlərdə müxtəlif xəstəliklərin yaranacağını vurğuladı.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov həmin küçənin sakinlərinin müraciəti əsasında suyun analiz edildiyini, nəticədə onun içmək və istifadə üçün yararsız olmasının müəyyənləşdirildiyini bildirdi. A.Kazımovun sözlərinə görə, bununla bağlı adiyyatı qurumlara müraciət edilib.
Gəncə şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov aprel ayında həmin küçədə çirkabın su xəttinə qarışdığı güman edilən hissədən su borusunu 15 metr kənara çəkərək müəyyən təmir işlərinin aparıldığını bildirdi.
«Həmin küçədə problemi aradan qaldırmaq üçün ilk növbədə kanalizasiya xətti çəkilməlidir ki, sakinlər çirkab sularını arxa axıtmasınlar. Yalnız bundan sonra borular yenidən qurma işləri aparıla bilər. Bunun üçün isə Su İdarəsinin kifayət qədər vəsaiti yoxdur. Dövlət büdcəsindən vəsiat ayrılacağı təqdirdə bu problem həll edilə bilər»-deyə, M.Hüseynov bildirdi.
Helsinki Vətəndaş Assambleyasının Qərb Bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev hakimiyyətin mənbəyi olan xalqa adiyyatı qurumlar tərəfindən bu cür münasibətin göstərilməsini biganəliyin, özbaşınalığın, hissiyyatsızlığın nümunəsi kimi qiymətləndirir.
«Beynəlxalq hüquqi normalara, eləcə də yerli qanunvericiliyin tələblərinə görə, dövlətin bir başa vəzifəsidir ki, vətəndaşlarının hüquqlarını, o cümlədən də istehlakçı, sağlamlıq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını təmin etsin. Vətəndaşlarının problemini həll etmək üçün vəsaitin olmaması dövlətin problemidir və bu, göstərir ki, dövlət üzərinə düşən vəzifələri yerinə yetirmir»-deyə, Aslan Vəliyev bildirdi. Müsahib xatırlatdı ki, Azərbaycan Respublikasının Dövlət Büdcəsinin əhəmiyyətli hissəsi məhz əhalinin rifah halının yüksəldilməsinə ayrılıb; əhalinin rifah halı isə ona göstərilən kommunal xidmətin keyfiyyəti ilə birbaşa bağlıdır. Aslan Vəliyev vurğuladı ki, dolayısı ilə yuxarıda göstərilən problemin mövcud olması və uzun müddətdir həll edilməməsi göstərir ki, dövlət büdcəsindən ayrılan vəsait adiyyatı üzrə xərcləmir:
«Bizim Konistutiyamız sosail yönümlüdür, eləcə də hökumət hər zaman sosial yönümlü siyasət yürütdüyünü bəyan edir. Lakin təəssüf ki, sosial sferada baş verənlər, xüsusilə insanların gündəlik məişət həyatında gündəlik üzləşdikləri problemlər uzun müddət ərzində həll olunmamış qalır».