“Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov doğulduğu kənddə torpağa tapşırılıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun meyiti ailəsinə təhvil verilib.
Bu barədə APA-ya mərhumun vəkili Ramiz Məmmədov məlumat verib. R. Məmmədov mərhumun nəşinin bu gün doğulduğu Astara rayonunun Ərçivan kəndində torpağa tapşırıldığını qeyd edib.
Qeyd edək ki, N. Məmmədov ötən gün saat 17.00 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Penitensiar Xidmətin mətbuat xidmətini rəhbəri Mehman Sadıqov APA-ya açıqlamasında N. Məmmədovun bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. İyul ayında müalicə müəssisəsinə köçürülən N. Məmmədov orada bir sıra müayinələrdən keçərək müalicəyə cəlb edilib. Mərhumun ölümü ilə bağlı ilkin diaqnoz olaraq beyin damarların kəskin trombozu göstərilib, dəqiq diaqnoz isə məhkəmə-tibb ekspertizasından sonra bəlli olacaq.
Xatırladaq ki, N. Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.