Tarix : 2009 Aug 18
Kod 13534

Bakıxanov qəsəbəsindəki atışma

yeznə ilə qayını arasında mübahisə 32 yaşlı Mönsümov Ramiq Rafif oğlunun ölümü ilə nəticələnib
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən axşam Bakının Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində baş vermiş hadisənin təfərrüatları məlum olub. ANS PRESS-in əldə etdiyi məlumata görə, yeznə ilə qayını arasında mübahisə 32 yaşlı Mönsümov Ramiq Rafif oğlunun ölümü ilə nəticələnib. Ötən gün saat 21.56 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin növbətçi hissəsinə məlumat daxil olub ki, Yavər Əliyev küçəsi 5 ünvanında yaralı və meyit var. Dərhal hadisə yerinə rayon Polis İdarəsinin və prokurorluğunun əməkdaşları gələrək ilkin müayinələrə başlayıblar. Yaralı-40 yaşlı Balakişiyev Etibar Ramazan oğlu isə təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin əməliyyatdan sonra yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxananın növbətçi cərrahı ANS-ə bildirib ki, yaralı döş qəfəsinin sağ yarısının ön səthinin güllə yarası diaqnozu ilə daxil olub. İki güllə yarası alan Etibar Balakişiyevin vəziyyəti ağır olub. Cərrah onuda bildirib ki, yaralı əməliyyat keçirməsinə baxmayaraq vəziyyəti ağır olaraq qalır və reanimasiya şöbəsinə yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalardan sonra məlum olur ki, hadisə eyni tapançadan açılan atəş nəticəsində baş verib. Cərrah Aydın Kazımov, yaralının xəstəxanaya daxil olarkən hadisə barədə danışdığını da bildirib: “Xəstəxanaya gətiriləndə çətinliklə də olsa bir az danışdı. Dediyinə görə, öz qayını ilə mübahisə edib. Nəticədə qayını tərəfindən güllələnib”.
Hadisənin təfərrüatlarına gəldikdə isə, ilkin məlumatlara görə, Ramiq Mönsümov tapança ilə yeznəsi Etibar Balakişiyevin evinə gəlib. Sonra yeznə ilə qayın evin yaxınlığnda olan qayanın yanına gələrək mübahisə ediblər. Elə bundan sonrada qətl hadisəsi baş verib.
Qətlə yetirilən Ramiq Nönsümovun meyiti məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib. Müaiynələr başa çatdıqdan sonra meyit Sabunçu rayon Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinə aparılıb. Yaralının isə vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Şahid ifadələri alınıb. Meyidin və yaralının yaxın ətrafı araşdırılır. Hadisənin dəqiq motivi isə məlum deyil.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 18