Tarix : 2009 Aug 20
Kod 13554

PKK BAKIDA BAYRAM KEÇİRDİ

Kürd əsilli türkiyəli tələbələr terror təşkilatının ilk qanlı aksiyasının ildönümünü qeyd etdilər
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda PKK terror hörgütünün bayram tədbiri keçirilib. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan kürd əsilli türkiyəli tələbələr avqustun 16-da Yasamal rayonu ərazisində yerləşən “Sevinc” şadlıq evinə yaxın bir ərazidə (bir evin zirzəmisində - red.) toplaşaraq “bayram”ı qeyd ediblər. Xatırladaq ki, on minlərlə türkü qətlə yetirən PKK ilk terror aktını  1983-cü il avqustun 16-da Türkiyənin Siirt bölgəsində həyata keçirib. Həmin terror nəticəsində Türkiyə Silahlı Qüvvələrinin teyməni (leytenant) qətlə yetirilib. Bu hadisə hər il PKK və onun yandaşları tərəfindən bayram kimi qeyd edilir. 16 avqust terroru  bu il Ermənistanda da  geniş şəkildə qeyd olunub və bu barədə Türkiyə və Azərbaycan qəzetləri ətraflı yazıblar.
PKK simpatizanlarının Azərbaycanda müəyyən  dayaqlara malik olması barədə indiyədək ölkə mətbuatında çoxsaylı məqalələr dərc edilib. Bu terror təşkilatının Azərbaycanın ali məktəblərində dayaqlarının olması barədə məlumatlara da çox rast gəlinib. PKK simpatizanı olan türkiyəli tələbələrin böyük bir qisminin Bakı Dövlət Universitetində təhsil aldığı söylənilir. Universitetin divarlarında PKK şüarlarının yazılması faktları da dəfələrlə mətbuatda işıqlandırılıb. PKK-ya rəğbət bəsləyən kürd əsilli türkiyəli tələbələr Bakıda tez-tez toplantılar keçirir. Kütləvi tədbirlər əsasən  Novruz bayramında qeyd edilir.  Bu il PKK simpatizanlarının  Novruz bayramını Gənclik dairəsində yerləşən Dədə Qorqud (keçmiş “Dzerjinski” - red.) bağında qeyd etdikləri barədə qəzetimizdə məlumat vermişdik. Novruz bayramı günü PKK simpatizanları bağda böyük tonqal qalamış, terrorbaşı Abdulla Öcalanın şəkilləri və terror təşkilatının bayraqları altında Türkiyə əleyhinə çıxışlar etmişdilər.
Bakıda terror təşkilatının bayram tədbirinin keçirilməsi ilə bağlı əldə etdiyimiz məlumatda bu və ya başqa şəkildə adı keçdiyi üçün Yasamal rayonu ərazisində yerləşən “Sevinc” şadlıq  sarayında olduq. Özünü sarayın  inzibatçısı kimi təqdim edən Vidadi Quliyev avqustun 16-da türkiyəli kürd tələbələrin tədbirinin onlarda keçirilmədiyini söylədi: “Mənim yadımdadır ki, avqustun 16-da koreyalıların burda tədbiri keçirilib”.
 V. Quliyev PKK ilə bağlı məsələlərdən xəbərdar olduğunu söylədi: “Mənim türk dostlarım var. Onlar mənə PKK barədə ətraflı məlumat veriblər. Ona görə Türkiyə vətəndaşlarının  sifarişlərini diqqətlə araşdırırıq. PKK -çıların boyunlarında xüsusi damalı şərflər olur. Bu halları nəzərə alırıq. Keçən il kürd əsilli türkiyəli tələbələr burda tədbir keçirmək istəyirdilər. Bunun üçün bizə külli miqdarda pul təklif etmişdilər. Ancaq məsələlərdən xəbərdar olduğumuzdan biz bundan imtina etdik”.
Ərazidəki evləri araşdırsaq da, PKK-çıların tədbiri konkret hansı zirzəmidə keçirdiklərini təsbit edə bilmədik. Lakin əraziyə yaxın yaşayan bir sakin müxbirimizə bildirdi ki, bir neçə gün öncə buraya çoxlu kürdlər yığışıb: "Ancaq onların əksəriyyəti nəsə, başqa dildə danışırdı. Mən hətta yanımdan ötüb keçən qonşum Eyvazdan da soruşdum ki, bu türklər niyə xarici dildə danışırlar”.
Yaxşı hal budur ki, Bakıdakı kürdlər PKK-nın ilk qanlı əyləminin ildönümünü heç olmasa yarımgizli şəkildə, çəkinərək  keçirirlər və milli sahibkarlarımız da onlara yer vermir. Pis halsa budur ki, bu xainlər türk yurdu Azərbaycanda belə terror təşkilatına aid təqvimi gizli də olsa qeyd etmək cəsarəti göstərirlər. 
Bir daha qeyd edirik ki, 16 avqust 2008-ci ildə Azərbaycanın çeşidli universitetlərində təhsil alan kürd əsilli türkiyəli tələbələr PKK-nın ilk terror aksiyasının ildönümünü  Yasamal bazarının yaxınlığında yerləşən evlərin birinin zirzəmisində qeyd ediblər.
Tərəfimizdən onu da qeyd edirik ki, məlumat mötəbərdir, toplantının keçirilməsinə dair heç bir şübhəmiz yoxdur. Odur ki, ölkənin hüquq-mühafizə orqanlarını fəaliyyətə və bu xain aksiyanın təşkilatçılarının tapılıb, ifşa edilməsinə çağırırıq.
  • Yazılıb
  • da (də) 2009 Aug 20