Prezidentlərin Aktau görüşündə Azərbaycanın dövlət başçısı ortaya qəti mövqe qoymalıdır
Azərbaycan Servisi/Aran Agentliyi
Rusiya “Nabucco” layihəsinin əngəlləmək üçün cəhdlərini davam etdirir. Rusiya prezidenti Dmitri Medvedevin avqustun 17-də Həştərxanda Xəzəryanı əməkdaşlıq məsələləri üzrə keçirdiyi toplantıda da bu məsələ müzakirə olunub. Qeyd edək ki, hazırda Aktaudan Bakıya neft kəmərinin və Türkmənistandan Azərbaycan qaz kəmərinin (“Nabuccon”un bir hissəsi) müzakirə mövzusudur.
Dmitri Medvedevin keçirdiyi toplantıda Rusiyadan yan keçən bu boru kəmərlərin “təcrid edilməsi” zərurətindən danışılıb. Rusiya bunun üçün Xəzərin statusu məsələsini öz maraqlarına uyğun həllə etməyə can atır. Bu baxımdan da Dmitri Medvedev Xəzərin hüquqi satutusunun müəyyənləşdirilməsi üçün danışıqları fəallaşdırmağın zəruri olduğunu vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Xəzəryanı ölkələrə xəbərdarlıq edib. O bildirib ki, Xəzərdə neft kəmərlərinin çəkilməsi bütün sahilyanı dövlətlərin razılığı ilə həyata keçirilməlidir.
Bu məsələ həmçinin Qazaxıstanın Aktau şəhərində 4 prezidentin görüşündə də müzakirə mövzusu olacaq. Söhbət Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin görüşündən gedir. Maraqlıdır ki, Azərbaycan tərəfi bu görüş barədə heç bir açıqlama vermir. Əldə etdiyimiz məlumatlara görə, buna səbəb Ilham Əliyevin bu görüşə həvəssiz razılıq verməsilə bağlıdır. Söhbət ondan gedir ki, Aktau görüşündə Ilham Əliyevdən qəti mövqe tələb olunacaq. Dövlət başçısı ya Rusiyanın maraqlarına “hə” deməlidir, ya da rəsmi Kremllə üzülüşməlidir. Ilham Əliyev üçün hər iki addım çox çətindir. Rusiyanın maraqlarını bölüşmək “Nabucco” və Qərbin digər transxəzər layihələrinə “yox” deməkdir. Amma dövlət başçısı başa düşür ki, belə bir addım ona heç bir uğur gətirməyəcək. Bununla belə o, Rusiyanın maraqlarına da “yox” deməyə cəsarət etmir, hakimiyyətinə hansısa təhlükələrin yaranmasından ehtiyatlanır. Beləliklə Ilham Əliyev hazırda çıxılmaz vəziyyətdədir. Ona görə də Aktau görüşünə könülsüz gedir. Hətta ola bilər ki, Ilham Əliyev hansısa bəhanə ilə bu görüşə qatılmasın.