Rusiya 2010-cu ilin sonuna qədər Ermənistanın Azərbaycanla sərhədi yaxınlığında özünün ikinci hərbi bazasını tam şəkildə formalaşdırmağı planlaşdırır
Rusıya Servisi/Aran Agentliyi
Ermənistan Dağıstanda baza quracaq?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahından alınan məlumata istinadən “Regnum” informasiya agentliyi xəbər verir ki, bu, Kollektiv Çevik Qüvvələr yaratmaq haqqında razılaşma çərçivəsində mümkündür. Söhbətin nəqliyyat infrastrukturuna keşik çəkmək üçün məhdud hərbi kontinqentin yerləşdirilməsindən gedir. Eyni məlumata görə, bazaların Krasnodar vilayətinin Daqomıs ərazisində və Dağıstanda yerləşməsi nəzərdə tutulur.
Rusiya ərazisində Ermənistan hərbi bazalarının yerləşdirilə biləcəyi haqda informasiyanı nə rəsmi İrəvan, nə də Moskva şərh etmir. Bununla belə, Ermənistan rəsmi dairələrindən bildiriblər ki, belə plan həqiqətən müzakirə olunur. Məlumatlara görə, sövdələşmə baş tutsa, Ermənistan ərazisində daha bir Rusiya hərbi bazası qurula bilər. Həmin bazanın Azərbaycanla sərhəd bölgələrdən birində yerləşdirilməsi ehtimalı var.
Xəbərdə bildirilir ki, daha bir hərbi baza Gürcüstanın azərbaycanlılar yaşayan Sadaxlı kəndinin (Marnueli rayonu) bir neçə yüz metrliyində - Ermənistan ərazisində yaradılır. Yeni hərbi bazada son tamamlama işləri bu yaxınlarda aparılıb.
"Bu hərbi baza genişprofillidir, burada Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri yerləşdiriləcək. Eyni zamanda, bu baza bölgədə Raket Əleyhinə müdafiə (RƏM) sistemi rolunda çıxış edəcək. Bu akt ABŞ-ın Şərqi Avropada qurmaq istədiyi RƏM sisteminə cavab səciyyəsi daşıyacaq" deyən mənbə bazanın açılışının bir qədər təxirə salındığını bildirdi.
Bu bazanın arsenalına əsasən ağır texnikalar, özüyeriyən artilleriya qurğuları, həmçinin bir alay həcmində şəxsi heyət daxil ediləcək.
İldırım Məmmədov: «Rusiyanın bu addımı beynəlxalq layihələrə təhlükə doğrurur»
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) rəhbəri İldırım Məmmədov sayta bildirib ki, "Azərbaycan və Gürcüstan sərhədi yaxınlığında belə bir hərbi bazanın yaradılması hər iki dövlətin maraqlarına, milli təhlükəsizliyinə ziddir. Arsenalına ağır silahların, xüsusilə də artilleriya sistemlərinin daxil olacağı bu baza regionda - Ermənistan sərhədlərinə yaxın keçən beynəlxalq layihələrə bilavasitə təhdid doğurur. Ekspertin məlumatına görə, 2006-2007-ci illərdə Axalkalakidəki hərbi bazadan Ermənistana daşınmış Rusiyaya məxsus hərbi texnikanın bir hissəsi məhz Ermənistan Silahlı Qüvvələrinin İcevan, Tavuş və Berd rayonu ərazisindəki hərbi hissələrinin ərazilərində yerləşdirilib. Hansı ki gələcəkdə bu texnikaların yeni rus bazasına daşınması daha asan və az xərc tələb edəndir.
Hərbi bazada nələr var?
Sayta hərbi mənbələrdən daxil olan məlumata görə, Gürcüstan ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqazda ikinci hərbi bazanı yaratmaq ideyasının reallaşmasını sürətləndirib. Məlumatlara əsasən, Gümrüdəki 102-ci bazadan bir neçə alayın daimi olaraq yeni hərbi bazaya dislokasiyası nəzərdə tutulur. Böyük ehtimalla, bunlar 992-ci artilleriya və 988-ci zenit-raket alaylarıdır.
Mənbənin məlumatına görə, 922-ci artilleriya alayı D-30 haubitsalarından ibarət 3 batareya və 122 mm-lik BM21 "Qrad" reaktiv-yaylım atəş sistemi divizionundan ibarətdir. 988-ci zenit-raket divizionuna isə "Kub" zenit-raket komplekslərindən ibarət 3 batareya və 2 "S-300" bir kanallı zenit-raket batareyası daxildir. Hər iki alayın birlikdə şəxsi heyəti 500 nəfərə yaxındır.
NATO-ya qarşı çevik qərarlar
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesab edir ki, Rusiya NATO-ya üzv olmaq niyyətini açıq bəyan edən Gürcüstan və alyansın fəal tərəfdaşı Azərbaycanın sərhədinə taktiki silahlarını cəmləşdirməklə regionda öz hərbi maraqlarını bir daha nümayiş etdirir. Xüsusilə də Ermənistan ərazisində orta diapozonlu radiolokasiya stansiyası yaratmaq planı kiçik bir regionun hava məkanının Rusiyanın nəzarətinə düşəcəyini deməyə əsas verir. Bu plan reallaşacağı təqdirdə rus hərbçiləri Cənubi Qafqaz səmasına tam nəzarəti ələ keçirəcək və ABŞ və NATO-nun hava hücumundan müdafiə sistemlərinin effektliliyini sıfıra endirmiş olacaq. Rusiyalı hərbçilərin fikrincə, Qərbə meyillənməkdə olan iki dövləti - Azərbaycan və Gürcüstanı belə bir baza ilə təzyiq altında saxlamaq mümkün olacaq. Həm də Rusiyada bununla KTMT-nin "regional qorxusu"nun dəf ediləcəyini düşünürlər.
Xatırladaq ki, KTMT üzvləri bu il fevralın 4-də Kollektiv Çevik Qüvvələr yaratmaq haqqında qərar layihəsini razılaşdırılıb və imzalayıblar. Bu qüvvələrdən “hərbi təcavüzü dəf etmək, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına qarşı xüsusi əməliyyatlar həyata keçirmək və fövqəladə halların nəticələrini ləğv etmək” üçün istifadə etmək nəzərdə tutulur. bizimyol