Tarix : 2009 Aug 21
Kod 13572

Hacı İlqar İbrahimoğlu: «Əslində dilinin, gözünün, qulağının və bütün vücudunun oruc tutması vaci...

«İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir...»
Beynalxalq Servisi/Aran Agentliyi
Bir neçə gündən sonra Ramazan ayı gəlir. Allahın bəşəriyyətə sonuncu mesaj kimi göndərdiyi Qurani-Kərim Həzrət Peyğəmbərə (s) bu ayda nazil olmağa başlayıb. Qurani-Kərimdə belə buyurulur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir...» («Bəqərə» surəsi, 185)..

İlahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu da bildirdi ki, orucluq vaxtı mahiyyət etibarilə insanların obaşdan qidalanması, iftar zamanı da iftar açarkən mərhələli açmaları tövsiyə olunur: «Əvvəlcə daha yumşaq və mülayim yeməklər məsləhətdir. Birdən-birə çox yemək məsləhət deyil. Obaşdan yeməsi çox önəmlidir. Bu da orucun tam sağlam tutulmasına kömək edən amillərdəndir».

Orucun imtina ilə bağlı fəlsəfi tərəfinə diqqət çəkən ilahiyyatçı dedi ki, oruc tutan adam bir müddət yeməkdən, içməkdən imtina etməlidir: «Amma bunlar orucun fiziki hissəsinə aiddir. Bu ayda insan çalışmalıdır ki, mənəvi yüksəlişə can atsın. Əslində dilinin, gözünün, qulağının və bütün vücudunun oruc tutması vacibdir. Gözləri, qulaqları, dili haramdan çəkilmiş olsun. Çünki, mahiyyətcə fiziki oruc mənəvi orucun tutulmasına gətirib çıxarmalıdır».

Qonşu müsəlman ölkələri olan İranda və Türkiyədə Ramazan ayının yaşantılarının Azərbaycandakından fərqlərinə toxunan ilahiyyatçı deyir ki, həmin ölkələrdə Ramazan ayı başlamamış bütün telekanallarda çox böyük maarifçilik verilişləri gedir: «Bizdə isə, əksinə, öncə azanlar qadağan edilir. Bundan başqa, təəssüflər olsun ki, müxtəlif bəhanələrlə bağlanmış məscidlər açılmır. İnsanların maariflənməsi üçün xüsusi bir şərait yaradılmır. Bunlar çox böyük fərqlərdir». Gülnarə Əmirqızı, "Bizim yol"
 
  • Yazılıb
  • da (də) 2009 Aug 21