Azərbaycan Servisi/Aran Agentliyi
HƏFTƏ-İÇİ
Ermənilər azərbaycanlı əsiri öldürüblər
"Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" dediyinə görə
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilər tərəfindən əsir götürülən 1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumat yayıb. "Həftə içi"nə daxil olan məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülən şəxslərlə bağlı Dövlət Komissiyasında toplanan materialların təhlili zamanı F.Atakişiyevin qətli ilə bağlı məlumatlar aşkarlanıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, erməni hərbçilərinin F.Atakişiyevə qarşı qəddarlığının əsas səbəbi onun Kərkicahan qəsəbəsinin sakini kimi döyüşçülərimizə bələdçilik etməsi olub.
Ermənistan hərbçiləri 1991-ci ilin dekabr ayında Kərkicahan qəsəbəsinə hücum zamanı çoxsaylı itkilərinə bu amilin böyük təsir etdiyini düşündükləri üçün F.Atakişiyevə işgəncələr verərək onu "Qarabağ ermənilərindir" ifadəsini deməyə məcbur etmək istəyiblər. Lakin F.Atakişiyev işgəncələrdən və ölümdən qorxmayaraq "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" dediyinə görə ermənilər tərəfindən qətlə yetirilib. Onun meyidinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Onunla bağlı toplanmış materiallar Dövlət Komissiyası tərəfindən Azərbaycan prezidentinə təqdim edilib və prezidentin 28 iyul 2009-cu il tarixli sərəncamı ilə o, "Azərbaycan bayrağı" ordeni (ölümündən sonra) ilə təltif olunub.
MUSAVAT
GENERALIN QARDAŞI MƏMURU DÖYDÜ
Bakı aeroportunda biabırçı olaylar
Daxili Qoşunların komandanı Zakir Həsənovun qardaşı Telman Həsənov qanunsuz əməlləri və zorakılıqları ilə hava limanında ad çıxarıb
Daxili Qoşunların komandanı, general Zakir Həsənovun qardaşı Telman Həsənov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ciddi qalmaqal törədib. Etibarlı mənbənin məlumatına görə, hava limanında bütün yerüstü xidmətləri “Qraund Həndlinq Company” şirkətinin “Silk Way” filialı həyata keçirir. Xəbərdə bildirilir ki, bu şirkətin nəzdindəki “Sərnişin daşımalarının təşkili şöbəsi”nin (SDTŞ) rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunan T. Həsənov öz qanunsuz hərəkətlərinə etiraz edənləri döyüb şantaj etməklə işdən çıxarır.“Bir neçə gün əvvəl yerüstü xidmətlərin auditi üzrə mühəndis İlham Əzizov Bakı-Sankt-Peterburq marşrutu üzrə hərəkət edəcək AHY 019 reysində audit apararkən Telman Həsənovun rəhbərlik etdiyi şöbənin növbə rəisi E.Quliyev onu təhqir edib. Buna səbəb isə SDTŞ əməkdaşı P. Şahbudayevanın aeroportun Qulu adlı əməkdaşından 4 sərnişinin sənədlərini götürərək, onların üzlərini belə görmədən qeydiyyata salması olub. İlham Əzizov bunu P. Şahbudayevaya irad tutarkən sonuncu bildirib ki, həmin sərnişinləri E. Quliyevin şifahi göstərişinə əsasən qeydiyyata alıb. Məsələ ilə bağlı E.Quliyevə müraciət edən İlham Əzizovu sonuncu söyərək sinəsindən itələyib. Bu insident bitməmiş həmin şöbənin Mirzə Quliyev adlı əməkdaşı sərhəd xidmətinin əməkdaşı Zəfər Əhmədovdan sərnişin Eldar Ağayevin sənədlərini qəbul edərək qeydiyyata salıb. Baş verənlərlə bağlı İlham Əzizov raportla ”Qraund Həndlinq Company" şirkətinin “Silk Way” filialının rəhbəri İlham Şükürova müraciət edib. Gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsini istəyib".
ŞƏRQ QƏZETİ
"Orta məktəblər və uşaq bağçaları dövlət hesabına işləyir. Məktəb direktorlarının heç bir vətəndaşdan heç bir təhsil müəssisəsində bir qəpik də olsun vəsait tələb etmək haqqı yoxdur". Bu sözləri ötən gün təhsil naziri Misir Mərdanov jurnalistlərin suallarını cavablandırarkən deyib. M.Mərdanov bu məsələ ilə bağlı ölkə mətbuatını da qınaq obyektinə çevirib.
Onun sözlərinə görə, mətbuat bu məsələ ilə bağlı bir çox hallarda doğru informasiya vermir. Təhsil naziri həmçinin qeyd edib ki, şagirdlər ötən il geydikləri məktəbli formasından bu il də yenidən istifadə edə bilər: "Bunda heç bir problem yoxdur. Bu o demək deyil ki, biz öz siyasətimizdən geri çəkiləcəyik, bu il də həmin siyasət həyata keçiriləcək, yəni məktəblilər məktəbə öz təyin olunmuş forması ilə gələcəklər. Amma məktəb və məktəbin direktoru bu işdən uzaq durmalıdır. Yəni heç bir məktəbin direktorunun haqqı yoxdur ki, məktəbdə forma satsın, forma almaq üçün kimdənsə pul tələb eləsin. Məktəbin vəzifəsi ondan ibarətdir ki, məktəbin və yaxud da rayonun formasını müəyyənləşdirsin. Onun alınması, hazırlanması məsələsini isə valideyn özü həll eləməlidir".
Yeni tədris ilində bütün təhsil müəssisələrinin dövlətin vəsaiti hesabına mühafizə olunacağını da qeyd edən M.Mərdanov vurğulayıb ki, bununla bağlı dövlətin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələr qurulub: "Güman ki, dərs ili başlayan andan bu məsələ öz həllini tapacaq. Nazir qeyd edib ki, Azərbaycan hökuməti Dövlət Neft Akademiyasında baş vermiş hadisənin bir daha təkrarlanmasına imkan verməyəcək: "Mən bunu tam əminliyi ilə söyləyirəm. Yəni valideynlər tam arxayın olsun ki, onların övladlarının sağlamlığı Azərbaycanın bütün təhsil müəssisələrində dövlət tərəfindən mühafizə olunacaq". M.Mərdanov özəl və dövlət təhsil müəssisələrinin, orta və ali məktəblərin və həmçinin uşaq bağçalarının da mühafizə ediləcəyini diqqətə çatdırıb: "Bunun üçün nə qədər vəsaitin xərclənəcəyini isə indi dəqiq söyləyə bilmərəm. Çünki belə müəssisələrin sayı 7 minə yaxındır. Ona görə də maliyyə vəsaitinin məbləğini söyləməkdə çətinlik çəkirəm".
BİZİMYOL QƏZETİ
Azərbaycan sərhəddində rus hərbi bazaları qurulur
Kreml Cənubi Qafqazın hava məkanınna nəzarəti ələ keçirir, beynəlxalq layihələr təhlükə altındadır
Rusiya 2010-cu ilin sonuna qədər Ermənistanın Azərbaycanla sərhədi yaxınlığında özünün ikinci hərbi bazasını tam şəkildə formalaşdırmağı planlaşdırır. «Milaz» saytnını Rusiyanın hərbi-siyasi dairələrinə yaxın olan mənbəyə istinadən yaydığı məlumata görə hərbi bazanın yerləşəcəyi ərazi 2006-cı ilin əvvələrindən müəyyən edilib. Ötən müddətdə həmin əraziyə düşən bəzi ərazilərin vətəndaşlardan alınması, həmçinin baza ilə bağlı digər hüquqi sənədləşmə işləri aparılıb. Mənbə bildirib ki, məhz bu bazanın əvəzinə Kreml Ermənistana Rusiya ərazisində hərbi baza yaratmağa razılıq verib.
Ermənistan Dağıstanda baza quracaq?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahından alınan məlumata istinadən “Regnum” informasiya agentliyi xəbər verir ki, bu, Kollektiv Çevik Qüvvələr yaratmaq haqqında razılaşma çərçivəsində mümkündür. Söhbətin nəqliyyat infrastrukturuna keşik çəkmək üçün məhdud hərbi kontinqentin yerləşdirilməsindən gedir. Eyni məlumata görə, bazaların Krasnodar vilayətinin Daqomıs ərazisində və Dağıstanda yerləşməsi nəzərdə tutulur.
Rusiya ərazisində Ermənistan hərbi bazalarının yerləşdirilə biləcəyi haqda informasiyanı nə rəsmi İrəvan, nə də Moskva şərh etmir. Bununla belə, Ermənistan rəsmi dairələrindən bildiriblər ki, belə plan həqiqətən müzakirə olunur. Məlumatlara görə, sövdələşmə baş tutsa, Ermənistan ərazisində daha bir Rusiya hərbi bazası qurula bilər. Həmin bazanın Azərbaycanla sərhəd bölgələrdən birində yerləşdirilməsi ehtimalı var.
Xəbərdə bildirilir ki, daha bir hərbi baza Gürcüstanın azərbaycanlılar yaşayan Sadaxlı kəndinin (Marnueli rayonu) bir neçə yüz metrliyində - Ermənistan ərazisində yaradılır. Yeni hərbi bazada son tamamlama işləri bu yaxınlarda aparılıb.
"Bu hərbi baza genişprofillidir, burada Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri yerləşdiriləcək. Eyni zamanda, bu baza bölgədə Raket Əleyhinə müdafiə (RƏM) sistemi rolunda çıxış edəcək. Bu akt ABŞ-ın Şərqi Avropada qurmaq istədiyi RƏM sisteminə cavab səciyyəsi daşıyacaq" deyən mənbə bazanın açılışının bir qədər təxirə salındığını bildirdi.
Bu bazanın arsenalına əsasən ağır texnikalar, özüyeriyən artilleriya qurğuları, həmçinin bir alay həcmində şəxsi heyət daxil ediləcək.
İldırım Məmmədov: «Rusiyanın bu addımı beynəlxalq layihələrə təhlükə doğrurur»
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) rəhbəri İldırım Məmmədov sayta bildirib ki, "Azərbaycan və Gürcüstan sərhədi yaxınlığında belə bir hərbi bazanın yaradılması hər iki dövlətin maraqlarına, milli təhlükəsizliyinə ziddir. Arsenalına ağır silahların, xüsusilə də artilleriya sistemlərinin daxil olacağı bu baza regionda - Ermənistan sərhədlərinə yaxın keçən beynəlxalq layihələrə bilavasitə təhdid doğurur. Ekspertin məlumatına görə, 2006-2007-ci illərdə Axalkalakidəki hərbi bazadan Ermənistana daşınmış Rusiyaya məxsus hərbi texnikanın bir hissəsi məhz Ermənistan Silahlı Qüvvələrinin İcevan, Tavuş və Berd rayonu ərazisindəki hərbi hissələrinin ərazilərində yerləşdirilib. Hansı ki gələcəkdə bu texnikaların yeni rus bazasına daşınması daha asan və az xərc tələb edəndir.
OLAYLAR QƏZETİ
Mağazalarda daha 480 kiloqram saxta ərzaq aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bazarlarda saxta və keyfiyyətsiz, istifadə müddəti ötmüş məhsulların satışdan çıxarılması ilə bağlı monitorinqlərini davam etdirir. Bu barədə məlumatı "OLAYLAR"a nazirlikdən veriblər. Xidmət əməkdaşlarının keçirdikləri növbəti monitorinq zamanı Bakının Səbail rayonundakı "İlqar market"də, "Manuçehir market"də, "Orbit market"də, "Çinar market"də, "Teymur market"də, "Soltan" SC-yə məxsus mağazada, "Universal market"də, "Yaşıl market"də, Gülər Məmmədovaya, Natiq Ocaqverdiyevə və Səfər Ələkbərova məxsus ərzaq malları mağazalarında, Xətai rayonunda "Bizim market"də, "Tayfun market"də, "Sizin market"də, "Nicat market"də, "Uğur market"də, "Sumqayıt şəhəri 12-ci mikrorayonda Cavanşir Rüstəmova məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində Sərdar Əsgərova məxsus ərzaq malları mağazasında, Dəvəçi rayonunun Ağalıq kəndində Zahid Əsədova məxsus ərzaq malları mağazasında və Qəbələ rayonunun Zarağan kəndində Musavər Ağammədova məxsus ərzaq malları mağazasından çəkisi 480 kiloqramdan çox olan saxlama müddəti ötmüş ərzaq məhsulları-kolbasa və qənnadı məhsulları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və sair aşkar olunub satışdan çıxarılaraq məhv edilib. Monitorinqlər zamanı Səbail rayonunda yerləşən "Mehman-2" müəssisəsinə məxsus "SOQM market"də və Binəqədi rayonundakı "Delta Group Co" MMC-yə məxsus anbarda aparılmış yoxlamalar zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib. Monitorinqlərin nəticəsi olaraq qanun pozuntusuna yol verən 1 hüquqi və 17 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Məlumatda bildirilir ki, mayın 17-dən bu vaxta qədər görülən nəzarət tədbirləri nəticəsində qanun pozuntusuna yol verdiyi müəyyən edilən 44 hüquqi şəxsə 169 min manat, 303 fiziki şəxsə isə 455 min manat cərimə tətbiq olunub.