Azərbaycan Servisi/Aran Agentliyi
"Gələn həftə "Buket" gəmisinin azərbaycanlı heyətinin məhkəməsi olacaq". Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Fərhad Məmmədov bildirib. Konsul deyib ki, o, gəmidə olan azərbaycanlıların taleyi ilə maraqlanmaq üçün Potidə olub: “Onların vəziyyəti normaldır. Heç bir təzyiqə və təhqirə məruz qalmayıblar. Hələlik dənizçilərimiz "Buket" gəmisində şübhəli şəxs qismində saxlanılıblar”. Konsulun sözlərinə görə, səfirlik Azərbaycan vətəndaşlarının azadlığa çıxmaları üçün Gürcüstan XİN və DİN-nə nota göndərib. "Hələ bizə cavab verilməyib. Məhkəmə mütləq olacaq. Məhkəmədə cərimə istisna deyil. Bu cəriməni gəminin sahibi olan Türkiyə şirkəti ödəyəcək. Gəminin kapitanı barədə məlum olduğu kimi 2 aylıq həbs qəti-imkan tədbiri seçilib. Lakin bu qərar qəbul olunan kimi günahkarın həbsə salınması demək deyil. Həmin qərar bir həftə ərzində dəyişə bilər. Belə bir qərar vətəndaşlarımıza da aiddir. Gələn həftə məhkəmənin qərarından sonra necə addım atacağımıza biz də qərar verəcəyik ".
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin sahil-mühafizə departamentinin əməkdaşları ölkənin sahil sularında Panama bayrağı altında üzən “Buket” gəmisini saxlayıblar. Gəminin saxlanmasına səbəb dənizçilik qaydalarının pozulması, Gürcüstanın dövlət sərhədinin dəfələrlə qanunsuz keçərək işğal altında olan Abxaziya ərazisinə daxil olmasıdır. Sərhədçilər saxlanan gəminin Türkiyə limanlarından birindən çıxaraq Suxumi istiqamətində hərəkət etdiyini bildiriblər. Gəminin heyəti həbs olunub, saxlanan şəxslərdən 13 nəfəri Türkiyə, 4 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə 2 ton benzin və 700 ton dizel yanacağı olub. Saxlanan gəmi Poti limanına, sahil-mühafizə departamentinin bazasına gətirilib.