Rusiyanın iyulun 28-də Norveç sahillərində yoxa çıxan və bir neçə gün əvvəl tapılan "Arctik Sea" yük gəmisi ilə bağlı qalmaqal getdikcə böyüyür
Rusıya Servisi/Aran Agentliyi
Estoniyanın keçmiş müdafiə naziri gəminin İrana qanadlı raketlər daşıdığı haqda versiya irəli sürəndən sonra bu dəfə Rusiya mətbuatı bu iddianı gücləndirən məlumat yayıb."Novaya qazeta"nın yazdığına görə, gəminin İrana qanadlı raketlər daşıdığı haqda deyilənlər doğrudur, üstəlik bu əməliyyatın qarşısı İsrailin kəşfiyyat xidməti “Mossad” tərəfindən alınıb. Qəzet gəmini qaçıran və mütəşəkkil cinayətkar qruplaşmalardan birinə daxil olan 8 nəfərin əslində “Mossad” agentləri olduğunu iddia edir. Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedyevin əmri ilə gəminin axtarışına hərbi donanmanın gəmiləri, o cümlədən atom sualtı qayıqları, habelə kosmik kəşfiyyat vasitələri cəlb olunub. NATO-nun da dəstək verdiyi axtarış əməliyyatlarından sonra gəmi Qərbi Afrika sahillərindəki ada dövləti Kabo-Verde yaxınlığında tapılıb. Rusiya rəsmi dairələri gəmini qaçıranların piratlar olduğunu bildirir. Lakin Qərbdə bu versiyaya ciddi şübhələr var.
“Novaya qazeta”nın əməkdaşı, tədqiqatçı jurnalist Yuliya Latıninanın məqaləsində deyilir ki, gəmidə həqiqətən İran üçün nəzərdə tutulmuş qanadlı raketlər və nüvə materialları olub. “Piratlar” isə əslində “Mossad” agentləridir. Gəminin gizli yük daşıdığından xəbər tutan İsrail kəşfiyyatı əməliyyatı pozmaq üçün hərəkətə keçib və gəmini qaçıraraq uzaq Afrika sahillərinə aparıb. Bildirilir ki, “Mossad” agentlərinin məqsədi gəmi heyətini gizli yükü boşaltmağa məcbur etmək idi. Bu versiyanı gücləndirən faktlardan biri də odur ki, həqiqətən Finlandiyadan yola çıxan gəmiyə hücum edənlər 12 saat ərzində onun göyərtəsində nəsə axtarıblar. Bu məlumatı o vaxt gəmi heyəti verib. Daha sonra gəmiylə əlaqə kəsilib. Qəzet yazır ki, məqsədi gəmini qaçırıb onun sahibindən pul tələb etmək olan adi dəniz quldurları 12 saat ərzində “Arctik Sea”da axtarış aparmazdı.
Məqalədə deyilir ki, bu qalmaqal ötən həftə İsrail prezidenti Şimon Peresin Soçidə prezident Dmitri Medvedyevlə görüşündə də müzakirə edilib. Peres Medvedyevi İrana silah göndərilməsini dayandırmağa çağırıb. Peres-Medvedyev görüşünə dair rəsmi məlumatlarda və xəbərlərdə “Arctik Sea” ilə bağlı heç nə deyilmir. Yalnız o məlumdur ki, İsrail prezidenti Rusiyanı İrana S-300 raketlərinin göndərilməsindən imtina etməyə çağırıb. “Novaya qazeta”nın yazdığına görə, gəminin qaçırılmasının adi dəniz quldurluğu olmadığını Avropa İttifaqında da bilirlər. Avropa Komissiyasının nümayəndəsi Martin Selmayer bildirib ki, bu insidentin piratçılıqla heç bir bağlantısı yoxdur və Aİ gəminin qaçırılmasının əsl səbəbini bilir.
Güman edilir ki, gəmiyə X-55 tipli, nüvə başlığı daşıya bilən qanadlı raketləri Kalininqradda yükləyiblər. “Arctik Sea” Finlandiyaya yollanmazdan əvvəl iki həftə orada təmir adı altında dayanıb. Ehtimal olunur ki, İrana bu raketlər İsrailin mümkün hərbi əməliyyatları zamanı yəhudi dövlətinə cavab zərbələri endirmək üçün göndərilirmiş. Bu sensasion iddialara nə İsrailin, nə də İranın rəsmi qaynaqları şərh vermir. Rusiya isə deyilənlərə NATO-dakı nümayəndəsi Dmitri Roqozin vasitəsilə cavab verib. Roqozin deyib ki, sözügedən iddia qəhqəhəli gülüş doğuran fantaziyadır və o, müəllifin fantaziya potensialına heyran qalıb: “Başqa kimin ağlına gələ bilərdi ki, qadağan olunmuş yükü İrana çatdırmaq üçün onu əvvəl Finlandiyaya, oradan bütün Atlantik okeanı boyu Afrika sahillərinə aparsın?” - deyə Roqozin istehzayla bildirib. Lakin şübhələri artıran həm də odur ki, bu vaxta qədər heyət üzvlərinə yaxınları ilə əlaqə saxlamağa və mətbuatla ünsiyyətə icazə verilmir. Musavat.com