Azərbaycan Servisi/Aran Agentliyi
Beş partiyanın təmsil olunduğu Demokratiya Uğrunda İttifaq mitinq keçirmək üçün digər müxalifət partiyaları və bir sıra QHT-lərlə məsləhətləşmələr aparır.Məsləhətləşmələrdə iyulun 14-də keçirilmiş Qarabağ forumunda yaradılan İşçi Qrupu iştirak edir. Bu barədə DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri, İşçi Qrupunun üzvü Əhməd Oruc “Yeni Müsavat”a açıqlamasında məlumat verdi.
Onun sözlərinə görə, iyulun 14-dən bu günə qədər mitinqlə bağlı siyasi qüvvələrlə danışıqlar aparmaq üçün yaradılmış İşçi Qrupunun 4 dəfə yığıncağı olub. Yığıncaqlarda həm siyasi partiyalarla mitinq məsləhətləşmələri, həm də keçiriləcək aksiyaların forma və tələbləri ilə bağlı müzakirələr aparılıb: “Məsləhətləşmə apardığımız partiyalar birmənalı şəkildə ”Madrid prinsipləri"nin qəbulolunmaz olduğunu və etiraz mitinqlərinin vacibliyini bildirirlər. Yəqin ki, yaxın vaxtlarda hakimiyyətin “Madrid prinsipləri”ndən rəsmən imtinası tələbi ilə piket keçiriləcək. Piketin tələbinə əməl edilməsə, mitinq keçirilməsi barədə ilkin razılaşmalarımız var. Belə fikirlər var ki, mitinqdə Qarabağla bağlı eyni mövqedə olan bütün partiya və ictimai qurumların iştirakı təmin edilsin. İşçi Qrupunun apardığı danışıqlar, məsləhətləşmələr hələ tam yekunlaşmadığı üçün son qərar verilməyib".
Ə.Oruc dedi ki, mitinqləri zəruri edən daha bir amil cəmiyyətdə passivliyin artmasıdır. Bu zərərli prosesi dayandırmaq, cəmiyyətdə aktivləşmə yaratmaq üçün siyasi partiyalar kütləvi etiraz aksiyalarına başlamalıdır: “Demokratiya uğrunda mübarizənin ən yaxşı formalarından biri mitinqdir. Biz belə hesab edirik ki, Qarabağ məsələsi ilə bağlı mitinqi reallaşdırdıqdan sonra demokratiya və digər tələblərlə də silsilə mitinqlərə başlamaq mümkün olacaq. Qarabağ mitinqi sonrakı mitinqlər üçün təkan rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, bələdiyyə seçkiləri yaxınlaşır. Mitinqlərə başlamaq seçki kampaniyasına cəmiyyətin və siyasi qüvvələrin aktiv formada qoşulmasına çox ciddi müsbət təsirini göstərər”.