Pullar Balaxanı zibilliyinə daşınıb, orada ələ keçirilirmiş
Artıq çıxan 20 milyon yeni manatın Abdulla Məlik-Aslanova nə dəxli varmış? Əsrin oğurluğunda yeni adlar, yeni ssenarilər...
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Mərkəzi Bankın bir qrup əməkdaşının işi üzrə məhkəmə prosesi keçirilir. İş üzrə ilkin 3 proses açıq keçirilsə də, sonradan Mərkəzi Bankın nümayəndəsi prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlə çıxış edib. Təqsirləndirilən şəxslər və onların vəkilləri istisnasız olaraq prosesin açıq keçirilməsini tələb etsələr də, hakim Mərkəzi Bank nümayəndəsinin vəsatətini təmin edib.
Bundan sonra redaksiyamıza hazırda həbsdə olan Mərkəzi Bankın xanım əməkdaşının məhbəsdən yazdığı məktub daxil olub. Ötən saylarımızda dərc etdiyimiz həmin məktubda Mərkəzi Bank rəhbərliyinin hansı mexanizmlə illərlə pul oğurlamasına dair açıq bilgilər vardı.
***
Dünən isə həmin məhbus qadın redaksiyamıza daha bir məktub yollayıb. Əvvəlki məktubunda pulları MB-nin kişi əməkdaşlarının oğurladığı halda indi içəridə daha çox qadın əməkdaşların yatdığını iddia edən arestant xanım bu dəfə əsl sensasiya partladır.
Budəfəki məktubda Mərkəzi Bankdan 2 “KamAZ” pulun kimlərin himayəsi və iştirakı ilə oğurlanması xırda detallarına kimi təsvir olunub. Bundan başqa, məktubda digər sensasion oğurluqlar barədə məlumatlar var.
Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
***
2002-ci ildə dövriyyədən çıxmış əsginasların məhvi zamanı çox maraqlı hadisələr baş verib. Bu əsginasların məhvi bilavasitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini un (bu şəxsin kimliyi və əməlləri barəsində növbəti saylarımızdan birində məlumat verəcəyik - Red.) rəhbərliyi altında həyata keçirilib. O vaxtlar Mərkəzi Bankın nağd pul ilə iş departamentinin müdiri Malik Abbasov və xəzinə müdiri Firəngiz Hacıyeva (yeganə təqsirləndirilən şəxsdir ki, cinayət baş verən Mərkəzin Bankın “Xəzinə 2" deyilən və Nərimanov rayonu ərazisində yerləşən saxlanc şöbəsində çalışıb-red.) məhvetmə komissiyasının üzvləri ilə əlaqəyə girərək məhv edilməli olan əsginas bağlamalarını doğranmış (yəni məhv edilmiş) kimi qələmə veriblər. Sonradan isə bütöv saxlanmış əsginaslar məhv edilənlərlə birlikdə zibil kimi Mərkəzi Bank işçiləri tərəfindən Balaxanı zibilliyinə aparılıb və orada məhv edilmiş pulların arasından götürülüb. Həmin əsginaslar Mərkəzi Bankın Kassa Hesablama Mərkəzi vasitəsi ilə dəyişdirilərək, yenidən xəzinəyə daxil olmuşdur. Doğranmayan əsginasların Mərkəzi Bankdan Balaxanı zibilliyinə aparılmasına hal-hazırda xarici ölkələrin birində həbs edilən xəzinə departamentinin texniki Azad Cəfərov (bir müddət əvvəl Mərkəzi Bankın texniki Azad Cəfərovun İsveçdə həbsə alınması barədə məlumat vermişdik-Red.), əsginasların yenidən ərazi idarələrinə göndərilərək dəyişdirilməsinə isə ”nağd pulla iş departamenti"nin direktor müavini Azər Məmmədov rəhbərlik ediblər. Bu əməliyyatlardan təkcə xəzinə müdiri Firəngiz Hacıyevaya 100 min dollar verilməsi də qeyd edilir. Mərkəzi Bankın rəhbərliyi xaricdə həbs edilən Azad Cəfərovun Azərbaycana ekstradisiya edilməsinin heç də marağında deyil və bu işlərin ört-basdır edilməsi üçün onun Bakıya gəlməsinə hər cür maneçilik törədəcək. Bu hadisələrdən xeyli sonra Mərkəzi Bankda yeni alınmış pul məhvetmə avadanlığı quraşdırıldı və bu cür əməliyyatlar artıq baş tuta bilməzdi. Buna görə də xəzinə müdirinə yeni gizli və qanunsuz göstəriş verilib ki, Mərkəzi Bank xəzinədarlarının (hazırda həbsdə olan xəzinədarlar nəzərdə tutulur - Red.) pulu açılıb yenidən formalaşdırılsın və bağlamaların içərisində əskiklik yaradılsın. Xəzinə müdirinin məsləhəti ilə hazırda həbs edilmiş xəzinədarların adına olan bağlamalar ərazi idarələrinə göndərilib və içərisi dəyişdirilərək yenə həmin xəzinədarların adına formalaşdırılıb ki, yenə də məhvetmə komissiyası ilə razılaşdırılaraq, həmin pullar sayılmadan məhv edilsin. Buna əyani misal olaraq göstərmək olar ki, xəzinədar Nazilə Bağırovanın adına olan bağlamalarda əskiklik ilkin olaraq məhvetmə komissiyasında aşkar edilib. Malik Abbasov və Firəngiz Hacıyeva komissiyanın sədri, MTN əməkdaşı Rüfətdən xahiş ediblər ki, pullar sayılmadan məhv edilsin. Ancaq o razılaşmayaraq pulları saydıraraq əskikliyi aşkar edib. Sonra MTN-in Mərkəzi Bank üzrə kuratoru Zeynal Sofiyevin müdaxiləsi nəticəsində həmin əskikgəlmə məhvetmə komissiyasında aktlaşdırılmayaraq götürülüb və yenidən sayma şöbəsində rəsmiləşdirilib. Halbuki Mərkəzi Bankın təlimatına əsasən pullar yenidən sayma şöbəsində rəsmiləşdirilmədən məhvetmə komissiyasına təqdim edilə bilməz.
***
Məktubun bu hissəsində müəllif daha bir ilginc və bu günə kimi ictimaiyyətə məlum olmayan, Mərkəzi Bankda baş verən cinayət barəsində məlumat verir:
Yeni pulların (yeni dövriyyəyə buraxılan manat nəzərdə tutulur - Red.) sifarişi, daşınması və qəbulu ilə birbaşa Mərkəzi Bank İdarə Heyəti sədrinin müavini Abdulla Məlik-Aslanov məşğul olurdu. 2006-cı ildə qismən dövriyyəyə buraxıldıqdan sonra, 2007-ci ilin oktyabr ayında 3-cü və ən böyük partiya sifariş edilmişdi. Pullar xaricdə birbaşa Mərkəzi Bankın inkassatorları tərəfindən qəbul edilərək “AzAL” tərəfindən müqavilə əsasında daşınırdı. Dövriyyəyə buraxılacaq yeni manatlar yerlər (paddonlar) əsasında qəbul edilirdi. Hər “paddon”da 20 “karobka” və hər “karobka”da 20 bağlama olur. Pulları qəbul etmək və Mərkəzi Bankın xəzinəsinə daxil etmək üçün Mərkəzi Bankın 13 əməkdaşından ibarət komissiya təşkil edilmişdi. Pullar xəzinəyə daşınıb qurtardıqdan sonra “paddon”lar üzrə sayılaraq qəbul edilib. Pulların böyük partiya ilə gətirilməsi və bütün küpürlərdən ibarət olduğu üçün qəbulu səhər saat beşdə başa çatıb. Komissiya üzvlərindən biri “paddon”ların ümumi sayını hesablayarkən görüb ki, bir paddon pul artıqdır. Bundan sonra həmin komissiya üzvü siyahı ilə küpürlər üzrə saymağa başlayıb və görüb ki, 100 manatlıq küpürlə olan “paddon”un biri artıqdır. Bu vaxt Abdulla Məlik-Aslanov komissiyanın sədrinə bildirir ki, hay-küy salmayın, indi mən aydınlaşdıraram. Bu faktı müəyyən edən əməkdaşdan başqa, digər komissiya üzvləri pulun düzgün qəbul edilməsi barədə akta həmin vaxt artıq imza etmiş olublar. Həmin əməkdaş eyni zamanda səhər ərazi idarələrinə göndəriləcək “paddon”ların siyahısının xəzinə müdirinə verildiyini görüb. Abdulla Məlik-Aslanov 1 saatdan sonra qayıdaraq deyir ki, hər şeyi aydınlaşdırdım, bu pul səhvən çap fabrikindən göndərilib. Yenidən akt tərtib edilərək artıq gətirilmiş 20 milyon manat pul xəzinəyə mədaxil edilir. Köhnə aktın bir surəti indi də komissiya üzvlərinin birində saxlanılır. Buradan görünür ki, xaricdən gətirilən bir “paddon” pul nə çap fabrikində, nə “AzAL”da, nə də komissiya tərəfindən aşkar edilmədən 20 milyon məbləğində yeni manat ərazi idarələrinin birinə göndərilərək oradan götürüləcəkmiş. Bu hadisələrdən sonra Mərkəzi Bank daxilində təcili struktur dəyişiklikləri baş verir. Abdulla Məlik-Aslanov və Aliyə Allahverdiyeva (keçmişdə Bəşər Hacıyev hadisələrində Aliyə Vəzirova - məktub müəllifi) və Malik Abbasov vəzifədən kənarlaşdırılır və hazırkı cinayət işi həmin insanların yarımçıq qalmış əməllərinin bir hissəsidir. Avqustun 18-də keçirilən məhkəmə iclası zamanı bir məqam tam aydın ortaya çıxarılıb. Mərkəzi Bankın təhlükəsizlik departamentinin direktor müavini İsrafil Əliyev ifadəsində bildirib ki, bu iş Mərkəzi Bankın kassasında baş verə bilməzdi. O həcmdə pulun dəyişməsinə və formalaşmasına orada imkan yoxdur. Məhkəmə ikinci bir faktın şahidi olub ki, şahid qismində dindirilən adamların 80 faizi 2007-ci ilin axırı və 2008-ci ildə işə götürülənlərdir. Prosesin gedişindən belə təəssürat yaranır ki, Mərkəzi Bank istintaq və məhkəmə orqanlarına təsir etməklə istədiyi nəticələrə nail olacaqdır. Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Azər Əliyev çalışıb ki, bütün günahı kassa işçilərinin üstünə yıxsın və bu işin xəzinədarlığa aid olmadığını sübut etsin. Bu işin öhdəsindən layiqincə gəldiyinə görə işi məhkəməyə göndərən kimi mükafat olaraq Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi təyin edilib. Bununla da Mərkəzi Bank öz üzərinə düşən vəzifələri yerinə yetirib".
Hazırda həbsdə olan xanımın kimliyi redaksiyaya məlumdur. Biz onun təhlükəsizliyini və həm də öz xahişini nəzərə alaraq adını açıqlamırıq. Onsuz da mətndən də göründüyü kimi, redaksiyaya belə bir məktubu təsadüfi adam, ya da müxbir öz fantaziyaları əsasında hazırlaya bilməzdi. Burada açıqlanan bütün detallar heç şübhəsiz ki, peşəkar və prosesi bilən biri tərəfindən yazılıb. Həm də bunlar elə detallardır ki, buna mütləq dövlət rəsmiləri, ən azı Mərkəzi Bankın sədri Elman Rüstəmov reaksiya verməlidir.
Əlimizdə bu qəbildən olan başqa materiallar da var. Biz onları yeri gəldikcə dərc edəcəyik. Eyni zamanda Mərkəzi Bank rəhbərliyinə də təklif edərdik ki, ortaya atılan iddialarla bağlı qəzetimizə danışsınlar.
***
Bizdə olan bilgilərə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov xaricdədir. Bəziləri onun qaçdığını, bəziləri, sadəcə, məzuniyyətdə olduğunu, ancaq qayıtmayacağını deyirlər. Bizsə deyirik ki, işdir-şayət, hörmətli Elman müəllim Bakıya qayıtsa, qəzetimizə müsahibə verə bilər. Və əslində bütün bu məsələlərə dair ictimaiyyətə məlumat, izahat vermək zatən onun borcudur. Əks halda, gedib müstəntiqə ifadə verməlidir.