Ölkədə qiymətlərin dəyişməsini alternativ yolla hesablayan İqtisadi Tədqiqatlar Mərkəzi mütəxəssislərinin fikrincə, son 3 ildə ilk dəfə olaraq iyul ayında inflyasiya qeydə alınıb
Azərbaycan Servisi/Aran Agentliyi
Son vaxtlar ən çox bahalaşan ərzaq məhsullarıdır. Satıcıların sözlərinə görə, un və un məmulatları son bir ayda 20 faizə qədər bahalaşıb. Süd məhsulları və yumurtanın qiyməti də nəzərə çarpacaq dərəcədə artıb. Məsələn, yayın əvvəlində 6 qəpiyə satılan yumurta indi 12-13 qəpiyədir. Digər məhsulların da qiymətlərində artım baş verib.
Mütəxəssislər isə bahalaşmanı mövsümi amillərlə əlaqələndirir. Ölkədə qiymətlərin dəyişməsini alternativ yolla hesablayan İqtisadi Tədqiqatlar Mərkəzi mütəxəssislərinin fikrincə, son 3 ildə ilk dəfə olaraq iyul ayında inflyasiya qeydə alınıb.
Mərkəzin apardığı monitorinqlər nəticəsində məlum olub ki, ay ərzində ərzaq 0,16 faiz, qeyri-ərzaq məhsulları isə 0,86 faiz ucuzlaşıb. Amma xidmət sektorundakı 4,45 faizlik bahalaşma ümumi yekunda ayın inflyasiya ilə başa çatmasına səbəb olub.
İqtisadi Tədqiqatlar Mərkəzində bunu Tarif Şurasının qərarı ilə iyulun 1-dən etibarən əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən çox artırılmasıyla əlaqələndirirlər. Bununla yanaşı, ötən ay çiyələk 42, eynək 23, laminant parket 11 faizə qədər bahalaşıb. Əvəzində yay paltarları 49, badımcan 49, mobil telefonlar 10,4 faiz ucuzlaşıb. Mərkəzinin rəhbəri Qubad İbadoğlu payıza doğru inflyasiya templərinin sürətlənəcəyini bildirib. Onun fikrincə, bu il birrəqəmli inflaysiya qeydə alınacaq.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsində də bu ilin iyulunda ilk dəfə olaraq aylıq inflyasiya qeydə alındığını təsdiqləyiblər. Komitənin məlumatına görə, iyun ayı ilə müqayisədə iyulda qiymətlər 0,8 faiz artıb. Beləliklə, son bir ildə Azərbaycanda inflyasiya 3,1 faiz təşkil edib.
Xatırladaq ki, bundan əvvəlki aylarda ölkədə qiymətlərin azalması qeydə alınırdı. Hökumət bu il ölkədə 13 faizlik inflyasiya proqnozlaşdırsa da, sonradan rəsmilər bu rəqəmin 5 faiz ətrafında olacağını bəyan edib.(ANS)