Suraxanı rayon İcra Hakimiyyəti Yeni Günəşli qəsəbəsi V massivi 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in APA-ya istinadən verdiyi məlumata əsasən, Suraxanı rayon İcra Hakimiyyəti Yeni Günəşli qəsəbəsi V massivi 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib.
Bu barədə məscidi inşa edən “Fatmeyi Zəhra” dini icmasının üzvü Tofiq Rəzizadə məlumat verib.
Onun sözlərinə görə, iddia üzrə avqustun 21-də hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında icmanın vəkili Aslan İsmayılov Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də məhkəmədə iddiasının təmin olunması barədə vəsatət qaldırıb. Buna görə də növbəti iclas avqustun 28-nə təyin edilib.
T.Rəzizadə bildirib ki, məscidin tikilməsi ilə bağlı torpaq 1996-cı ildə alınıb və bunun sənədləşməsi 1998-ci ilə qədər davam edib. Həmin ildən isə Suraxanı rayon İcra Hakimiyyətinin maddi, BŞİH-in isə texniki dəstəyi ilə məscidin tikilməsinə başlanılıb. Lakin 2002-ci ildə BŞİH-in yeni rəhbəri Hacıbala Abutalıbov məscidin sökülməsi barədə qərar verib. İcmanın üzvləri məsələ ilə bağlı ölkə prezidentinə müraciət etdikdən sonra BŞİH məscidin tikintisinin davam etdirilməsinə şifahi razılıq verib: “Amma məscidin sökülməsi ilə bağlı qərar ləğv olunmadı. Artıq tikinti işləri yekunlaşmaq üzrə idi, məscidin minarəsi tikilirdi. Beş ay əvvəl Suraxanı rayon İcra Hakimiyyəti tikintini dayandırdı və Bakı şəhər İcra Hakimiyyətinin 2002-ci ildə məscidin sökülməsi ilə bağlı qərarın icra olunması barədə məhkəməyə müraciət etdi”. T.Rəzizadə məsələ ilə bağlı yenə də ölkə prezidentinə müraciət etdiklərini bildirib.
Suraxanı rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri məsələ ilə bağlı hər hansı məlumat verməkdən imtina ediblər.