Paytaxtın Səttar Bəhlulzadə küçəsində (əvvəlki Karl Marks prospekti) DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi ilə üzbəüz yerləşən iki yeni tikilmiş bina sökülür.
Azərbaycan Servisi/Aran Agentliyi
Paytaxtın Səttar Bəhlulzadə küçəsində (əvvəlki Karl Marks prospekti) DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi ilə üzbəüz yerləşən iki yeni tikilmiş bina sökülür. Qeyri-rəsmi məlumatlara görə, buna səbəb həmin binaların yeni yol infrastrukturu planına daxil olmasıdır. ANS PRESS-in müxbiri hadisə yerində söküntü işlərinin sürətləndirilməsi üçün binaların üstünə ağır texnikalar qaldırılmasının şahidi olub. Adıçəkilən ünvanda çoxmərtəbəli binaların sökülməsi burada yaşayan sakinlər üçün əsl təhlükə yaradıb.
Evi yeni tikilinin hasarına bitişik olan Əsgərov Bayram ANS PRESS-in müxbirinə bildirib ki, tikilinin sökülməsi böyük təhlükə yaradır. "Hava küləkli olduğundan tikilidən qopan daş parçaları evimizə düşür. Hələ çöldə oynayan uşaqları demirəm. Ümumiyyətlə belə havada söküntü aparmaq olmaz. Bizim evimizə və yaxud bizə nəsə olsa, kim cavabdehlik daşıyacaq? Qorxumuzdan uşaqları məhbus kimi evdə saxlayırıq”, - deyə o vurğulayıb.
Orada yaşayan sakinlər onu da deyib ki, 3-cü mikrorayon bazarı yaxınlığındakı dairənin ətrafında bütün obyektlərin sökülməsi planlaşdırılır.
Yeni tikilmiş binada yaşayan olmasa da, binadan ev alanlar olub. Bunu yerli sakinlər bildirib. Lakin binadan ev almış sakinləri tapa bilməməymiz bəzi suallarmızı cavabsız qoyub. Görəsən binadan ev alan vətəndaşların aqibəti necə olacaq? Evləri sökülmüş vətəndaşların pullarını kim geri qaytaracaq? Bu binalardan ev almış vətəndaşlar nə edəcək?
Bu suallara cavab tapmaq üçün Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Eyyub Hüseynov məsələyə aydınlıq gətirərək bildirib ki, dəymiş ziyanın dəyəri ödənilsə belə, bu, nə sahibkara, nə də ev almış vətəndaşa sərf etməyəcək. O bunun səbəbini belə izah edib: "Ümumiyyətlə sahibkarla vətəndaşın hüququ qorunmadığından bu kimi hallar baş verir. Onlar artmaqda davam edəcək".