Avqustun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Meşə qardaşları" adı ilə tanınan qanunsuz silahlı birləşmə tərkibində fəaliyyət göstərməkdə və "Əbu-Bəkr" məscidinin partladılmasında ..
Azərbaycan Servisi/Aran Agentliyi
Təqsirləndirilən şəxs Elnur Bəşirovun vəsatəti ilə bağlı isə mübahisə yaranıb. Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Eldar İsmayılov əlavə şahid qismində məhkəməyə dəvət edilsin və dindirilsin:
«Müstəntiq mənə elə maddələr yapışdırıb ki, birbaşa ömürlük həbsə məhkum olunacağam. Mən istəyirəm ki, müstəntiq məhkəməyə gəlib aydınlıq gətirsin, nəyə əsasən belə ağır maddələr verib mənə, mən nə etmişəm?»
Hakim vəsatəti təmin etməyib. Bu da təqsirləndiriləni qəzəbləndirib. Elnur Bəşirov məhkəmənin nəzərinə çatdırıb ki, növbəti məhkəmə iclasında yenə də eyni vəsatəti verəcək. Əgər təmin olunmasa təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq arxalarını məhkəməyə çevirəcəklər və məhkəmə heyətinin verdiyi sualları cavablandırmayacaqlar. Digər təqsirləndirilənlər də Elnur Bəşirovun fikrini dəstəkləyiblər və etiraz aksiyasına qoşulacaqlarını bildiriblər.
Elnur Bəşirova qarşı qanunsuz silahlı birləşmə tərkibində fəaliyyət göstərməklə yanaşı, həm də «Əbu-Bəkr» məscidində 19 nəfərin yaralanması, 2 nəfərin ölümü ilə nəticələnən partlayışda iştirakçılıq ittihamı irəli sürülüb.
Məhkəmə iclası avqustun 27-də davam edəcək.
Ötən il avqustun 17-də «Əbu-Bəkr» məscidində axşam namazı vaxtı pəncərədən içəri qumbara atılması nəticəsində partlayış baş verib. 2 nəfər ölüb, 19 nəfər yaralanıb. azadlıqradiosu.az