Azərbaycan Servisi/Aran Agentliyi
Bismilləhir-Rahmənir-Rahim
İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu».
«Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur». - (“Şura”, ayə 25)
«Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) “mən indi tövbə etdim” deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır» - (“Nisa”, ayə 18)
*****
*****
*****
Hacı İlqar İbrahimoğlu
Mübarək Ramazan ayının 5-ci günündəyik. Özünəqayıdış və İlahi qurba (yaxınlığa) yaxınlaşma imkanları ilə zənginləşmiş bir gündə.
Özünəqayıdış və bağışlanma ilə səciyyələnən həqiqi tövbə diləməni bizlərə nəsib et, ey səmimi dönüşləri qəbul edən Rəbbim!
Dostların sayılan saleh bəndələrindən qərar ver, ey bəndələri düz yola hidayət edən Rəbbim!
Bizi özünə yaxın et, ey məhəbbət və mərhəmət sahibi olan Rəbbim!
Amin!
İman daşıyıcılarının birindən belə bir cümlə eşitdim: “Keçən illərin mübarək Ramazan aylarından üzr istəməliyik”. Allah eləməsin bu ilki nurani aydan da üzr istəyək.
Mübarək Ramazan ayı inancımıza görə öz mənəvi imkanlarımızın üfüqlərini genişləndirmə ayıdır. Bu ayda gərək özümüzə deyək – sən dəyişməlisən! Belə ki, bu ay özümüzdən tələbatlarımızı və gözləntilərimizi artırma ayıdır.
Bu günlərdə əxlaq ustadlarından birinin sərrast bir fikrinə rast gəldim: “Bəzən mübarək Ramazanı o cür bayram kimi keçirirlər ki, əslində qəflət ayına daha çox oxşayır”. Nə qədər uğurlu bir dəyərləndirmədir. Bəzən biriləri bu ayı da şoulaşdırılmış formatda təqdiminə çalışırlar. Onsuz da il boyu bir sürü bayağı şoularla insan qəflətdə saxlanılır. Heç olmasa, mübarək ayın pak ətəyindən əllərini çəksinlər.
Mübarək Ramazan ayı - ibadət ayıdır, dərinləşmə ayıdır. Boş vaxt keçirmə, günü yolavermə, iradəvi haldan çıxma ayı deyil. Oruc əslində daxilən dinamikləşmə ibadətidir. İnsanın bütün vücuduna sirayət etməli bir ibadətə çevrilməli. Bədəninin bütün zərrələrinin oruclu olmaqla yanaşı, bütün ruhu hüzur dolu bir duruma yüksəlməli.
Dünən mətbuatdan Bayıl türməsinin sökülməsi xəbərini oxudum. Bayıl türməsi də belə getdi. İllərlə insanların zehinlərində adının mənfi duyğularla hallandırıldığı bir yer. Bayıl türməsi əslində çar imperiyası dönəmindən cəza evi anlamını simvolizə edən bir məkan idi. Bəli, tarixdə bir çox zülm məkanları sıradan çıxdığı kimi Bayıl türməsi də sökülərmiş.
Zatən bu dünyada sökülməyən nə var ki. Hamısı bir gün sökülüb gedəcək. Hətta illərlə “ölüm korpusu” kimi repressiya maşınına malik olan Bayıl türməsi də.
Amma bütün bu yazılanlarla bərabər özünəməxsus nostalji hissləri də keçirməmək olmur. Qışın soyuğunda buzlamış karantinində (sonradan biləcəyik ki, Stalin də deyilənlərə görə oralarda saxlanılırmış) Yusifiyyə-Kazimiyyə məktəbinin ilk sübhündə ilk dəfə “bayır”dan “içəri” gələn azan səsinin eşidilməsi... Bunu necə unutmaq olar ki... Sonradan öyrəndim ki, bu azan yaxınlıqda yerləşən hərbi hissələrin birindən gəlirmiş. Sanki sübh vaxtının səba küləyinin gətirdiyi bir Ilahi salamlama idi. Qəribədir, günümüzdə namazı belə güclə qılmağa qoyulan hərbi hissədən sübh vaxtı azan səsi ucalırdı.