bunun səbəbi heç də iddia olunduğu kimi məscidlərin qanunsuz tikilməsi ilə bağlı deyil. Əsas səbəb əhalinin inanclı kəsiminin bir yerə toplaşmasının hökumətdə yaratdığı narahatçılıqdır
Azərbaycan Servisi/Aran Agentliyi
Ramazan ayına Şəkidə azan qadağası ilə başlayan ölkə rəhbərliyi deyəsən, bu istiqamətdəki fəaliyyətini ay boyunca davam etdirmək niyyətindədir.
Dünən əldə etdiyimiz məlumata görə, paytaxt Bakıda 6 məscidin sökülməsinə hazırlıq gedir. Artıq Suraxanı rayonundakı “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunub. Adıçəkilən rayonun Icra Hakimiyyəti tərəfindən verilən iddia üzrə məhkəmə prosesi avqustun 28-də olacaq.
Mənbənin sözlərinə görə, sökülməsi planlaşdırılan növbəti məscidlərin arasında “Neftçilər” metrostansiyası yaxınlığındakı “Mehdi-Sahib əzzaman”, Bakıxanov qəsəbəsindəki “Imam Rza”, 6-cı mikrorayondakı “Həzrəti Əli” və Yasamal rayonundakı “Ilahiyyat” məscidləri də var.
Mənbənin dediyinə görə, bunun səbəbi heç də iddia olunduğu kimi məscidlərin qanunsuz tikilməsi ilə bağlı deyil. Əsas səbəb əhalinin inanclı kəsiminin bir yerə toplaşmasının hökumətdə yaratdığı narahatçılıqdır.
Qeyd edək ki, məscidlərin bağlanması və sökülməsinə bir müddət əvvəl ölkənin dini rəhbərliyi tərəfindən də münasibət bildirilib. Məsələn, Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə “Azadlıq”a müsahibəsində məscid adına inşa edilən binaların sökülməsinin əleyhinə olduğunu bildirmişdi.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə qeyd etmişdi ki, digər tikililər kimi Allah evlərinin də sənədləri qaydasında olmalıdır. Komitə sədri hesab edir ki, əks halda həmin tikili halal olmayan bir yerdə inşa olunmuş sayılır ki, bu da dini baxımdan yolverilməzdir.(Azadlıq qəzeti)