Tarix : 2009 Aug 28
Kod 13676

RƏSMİ BAKI NATO-ya QARŞI

Alman radiosundan şok iddia «AWACS» təyyarələrinə Azərbaycan üzərindən uçuş icazəsi vermədiyi üçün «Taliban»a qarşı əməliyyatlarda problem yaranıb
Azərbaycan Servisi/Aran Agentliyi
NATO-nun erkən xəbərdarlıq sisteminə malik “AWACS” təyyarələrinin Azərbaycan üzərindən Əfqanıstana keçməsinə icazə verilməyib. “Deutsche Welle” xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin Azərbaycan və Türkmənistanla apardığı danışıqlar nəticəsiz qalıb. Bu üzdən NATO alternativ yollar axtarır. Bildirilir ki, NATO bu ilin iyul ayında təcili olaraq “Taliban”a qarşı hərbi əməliyyatlara dəstək vermək üçün Əfqanıstana “AWACS” təyyarələrinin göndərilməsinə qərar verib. Bu təyyarələrin bazası Almaniyada yerləşdiyinə və təyyarələrin heyət üzvlərinin üçdə ikisinin alman pilotlardan ibarət olduğuna görə NATO-nun qərarı Almaniya hökuməti vasitəsilə çıxarılıb. Daha sonra qərar Almaniya parlamentində-Bundestaqda təsdiq olunub və Əfqanıstan missiyası üçün 4 “AWACS” təyyarəsi ayrılıb. Missiyanı həyata keçirməli olan Almaniya hərbçilərindən ibarət heyət Türkiyənin Konya vilayəti ərazisindəki İncirlik NATO bazasına göndərilib. Lakin alman hərbçiləri orada 3 həftəyə yaxın gözləsələr də rəsmi Bakı və Aşqabadla aparılan danışıqlar nəticə verməyib. Azərbaycan və Türkmənistan hakimiyyətləri öz ölkələrinin üzərindən NATO hərbi aviasiyasının uçuşuna icazə verməyiblər.
Radiostansiyanın xəbərinə görə, müxalifətdə olan Sosial Demokratlar Partiyasının Bundestaqdakı fraksiyasının vitse-prezidenti Birqit Homburqer parlamentdəki çıxışı zamanı Almaniya hökumətini bu məsələ ilə bağlı səhlənkarlıqda ittiham edib və deyib ki, hökumət “AWACS” missiyasının həyata keçirilməsi üçün lazım olan tədbirləri görməyib. Homburqer deyib ki, hökumət bu məsələ ilə bağlı parlamentə izahat verməlidir. Almaniya Müdafiə Nazirliyinin rəsmisi Tomas Raabe isə informasiyanı təsdiqləyərək deyib ki, “AWACS” missiyasının həyata keçirilməsi üçün məsuliyyət NATO-nun baş katibi Andres Foq Rasmussenin üzərinə düşür. “Süddeutsche Zeitung” qəzeti isə yazıb ki, hazırda alyans “AWACS” təyyarələrinin Əfqanıstana uçuşu üçün Birləşmiş Ərəb Əmirliklərinin hökuməti ilə danışıqlar aparır.
“AWACS” təyyarələrinin vəzifəsi Əfqanıstanın hava məkanına nəzarət etmək olub. Hazırda bu vəzifəni Amerika Hərbi Hava Qüvvələri yerinə yetirir. Erkən xəbərdarlıq sisteminə malik təyyarələrin Əfqanıstana göndərilməsi ona görə vacib olub ki, NATO və Birləşmiş Ştatlar bu ölkəyə on minlərlə əlavə hərbçi göndərməyi qərara alıb. Bu isə Əfqanıstanın hava məkanında trafikin 3-4 dəfə artacağı deməkdir. Alyans “AWACS” təyyarələrini göndərmək haqda iyulun 2-də qərar verib. Həmin vaxt Əfqanıstanın cənubunda “Taliban”a qarşı 2001-ci ildən bu yana ən irimiqyaslı döyüş əməliyyatları başlamışdı. NATO-nun müraciətini nəzərə alan Almaniya Müdafiə Nazirliyi ölkə ərazisindəki bazalardan “AWACS” təyyarələrinin Əfqanıstana göndərilməsinə razılıq verib. Daha sonra qərar parlamentə göndərilib və böyük səs çoxluğu ilə təsdiqlənib. Almaniya mənbələrinin məlumatına görə, “AWACS” təyyarələrinin Əfqanıstandakı missiyası üçün 300 alman hərbçisi də ayrılıb. Almaniya Müdafiə Nazirliyi bildirir ki, Əfqanıstandakı uçuşların 51 faizini onların təyyarələri həyata keçirir. Bu baxımdan həmin təyyarələrin təhlükəsiz uçuşu üçün “AWACS” təyyarələrinin göndərilməsi çox mühümdür. İndiyədək NATO hərbi-nəqliyyat təyyarələrinin uçuşunun təhlükəsizliyini həm də Almaniyadan göndərilmiş “Tornado” qırıcı təyyarələri təmin edirdi. “Biz təyyarələrin Əfqanıstanda göndərilməsinin problemlə üzləşməsindən narahatıq, bu missiya bizim Əfqanıstandakı əsgərlərimizin təhlükəsizliyi üçün çox mühüm idi” deyə Almaniya Müdafiə Nazirliyindəki mənbə bildirib.
 Mənbə deyib ki, Əfqanıstana 3 və ay 4 təyyarə göndərilməsi planlaşdırılırdı. Bu təyyarələr ancaq hava məkanının təhlükəsizliyini təmin edəcək və hərbi məqsədli hədəfləri aşkar etməyəcək. Bildirilir ki, NATO çoxdandır Əfqanıstana “AWACS” təyyarələrinin göndərilməsini planlaşdırıb, lakin bu məsələyə Fransa qarşı çıxıb. Fransa bildirib ki, əməliyyata ildə 100 milyon dollar xərcləməyə tərəfdar deyil və təhlükəsizliyi təmin etmək üçün öz imkanlarından istifadə edəcək. Sonda NATO üzvləri Fransanın üzərindən maliyyə yükünü qaldırıblar və Paris “AWACS” missiyasına razılıq verib. Ancaq bu dəfə məlum olub ki, təyyarələrin Əfqanıstana aparılması üçün dəhliz yoxdur. Rəsmi Bakının “AWACS”ların uçuçuna niyə icazə vermədiyi haqda məlumat yoxdur. Məsələ ondadır ki, 2001-ci ildən bu yana NATO-nun hərbi-nəqliyyat təyyarələri Əfqanıstana uçuşlar üçün Azərbaycanın hava məkanından istifadə edib və Bakıda enərək yanacaq götürüb. Bunlar əsasən NATO-nun Avropadakı bazalarından qalxan təyyarələr idi. “AWACS” təyyarələri NATO qırıcı aviasiyasına daxil deyil, ancaq alyansın birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr bir neçə min kilometr məsafədə hava məkanına nəzarət edir və olduqca böyük yüksəklikdən uçmaqla hər hansı hava hücumundan müdafiə sistemlərinə yaxalanmır. Ehtimal olunur ki, rəsmi Bakı nəhəng “AWACS” təyyarələrinin ölkə üzərindən keçməsi ilə bağlı yarana biləcək səs-küydən ehtiyat edib. Belə ki, bu uçuşdan Azərbaycanın qonşuları Rusiya və İran qətiyyən məmnun olmayacaqdı. Tehran və Moskvanı inandırmaq çətin olardı ki, “AWACS”lar yolüstü Rusiya və İranın da hava məkanına “göz gəzdirməyəcək”.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 28