Mayis Güləliyev: "Yaxın qonşularla yaxşı münasibət qurulduğu halda Qarabağ problemi çox asan şəkildə özü çözüləcək, nə NATO-ya, nə də KTMT-na ehtiyac qalmayacaq"
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hələ xeyli əvvəl Moskvada keçirilən sammitində Kollektiv Çevik Qüvvələr (KÇQ) formalaşdırmaq haqda ilkin razılaşma əldə edilmişdi. İndi artıq həmin qüvvələr yaradılıb. Hətta bu yaxınlarda Rusiya ərazisində hərbi təlimləri də keçirilib. Növbəti təlimlərin daha genişmiqyaslı şəkildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Rusiya tərəfi bu məsələdə hər hansı bir üzv ölkənin dominantlığına yol verilməyəcəyini bəyan etsə də, təlimlər bunun əksini göstərdi. Belə olan halda digər hərbi güclə, yəni NATO ilə mövqe mübarizəsinin gərginləşəcəyi şübhəsizdir. Əgər nəzərə alsaq ki, Azərbaycan tərəfi 7 MDB ölkəsinin qoşulduğu həmin müqavilənin üzvü deyil və bu qurumun tərkibində olan Ermənistanla münaqişə vəziyyətindədir, onda Rusiyanın reallaşdırmaq istədiyi sözügedən güc mərkəzi Qarabağ məsələsinin həllində ciddi əngəl ola, hətta güclü zərbə vura bilər.
Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev hər cür zorun, o cümlədən insan itkisi ilə nəticələnən müharibənin əleyhinə olduğunu, ancaq hər şeydən əvvəl onu törədə bilən səbəblərin aradan qaldırılmasının vacibliyinə toxundu. Bəs bu səbəblər nədən ibarətdir və onu kimlər yaradır? Politoloqun fikrincə, dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, ABŞ NATO vasitəsilə dünyanı yavaş-yavaş özünün nəzarətində saxlamağa cəhd göstərir, dominant rolunu gücləndirməyə çalışır: "Belə olan halda onun dominatlığını qəbul etmək istəməyən, özünün müstəqilliyini, suverenliyini, özünəməxsusluğunu, praktiki olaraq gələcək nəsillərinin azadlığını istəyən xalqlar, o cümlədən Rusiya nə etməlidir? Yaxud Çin, İran, Orta Asiya hansı addımlar atmalıdır? Axı NATO yavaş-yavaş onların sərhədlərinə doğru yaxınlaşır. NATO regiona gəlməklə özü ilə böyük bəlalar gətirmiş olur. Çünki regionun böyük dövlətlərinin təzlükəsizlik məsələsi NATO-nun bu bölgəyə gəlməsi ilə sıx surətdə bağlıdır. Və bu halda İrana, Rusiyaya ciddi təhlükə yaranır. Ona görə də bu və ya digər dövlətlər özlərinin təhlükəsizliyini təmin etmək üçün hansısa addım atmalıdırlar".
Bəs bu halda Azərbaycan tərəfi nə etməlidir? Bu sualı cavablandıran Mayis bəy dedi ki, bir çox politoloqların göstərdiyi kimi Azərbaycanın iki yolu var: ya NATO, ya da KTMT-na üzv olmalıdır: "Amma mən hesab edirəm ki, ölkəmizin ən yaxşı çıxış yolu heç bir hərbi bloka qoşulmamaqdır. Bu yol ümumiyyətlə Cənub Qafqaz ölkələri üçün məqbuldur. Gürcüstanın NATO-ya qəbul olması üçün yalvarması çox təhlükəlidir. O ki qaldı işğal olunmuş əraziləri hərbi yolla qaytarmaq istəyimizə KTMT-nin çox ciddi əks reaksiya göstərməsi məsələsinə, fikrimcə, Azərbaycan bunu etməməlidir".
M.Güləliyev hesab edir ki, tərəflər ilk növbədə birgəyaşayış standartlarını qaytarmalı, region ölkələri əvvəlcə qonşu dövlətlərlə yaxşı münasibəti təmin etməlidirlər. Yalnız bundan sonra öz sərhədlərindən min kilometrlərlə uzaqda olan Amerika ilə, Qərblə münasibətlərdə birmənalılıq olmalıdır: "Amerikanın Azərbaycandakı dominantlığına son qoyulmalıdır. İsrailin ölkəmizdə artmaqda olan dominant rolu mütləq aradan qaldırılmalıdır. Çünki bu, təbii olaraq qonşu ölkələrin özünümüdafiə hissinin, siyasətinin güclənməsinə gətirib çıxarır. Yaxın qonşularla yaxşı münasibət qurulduğu halda Qarabağ problemi çox asan şəkildə özü çözüləcək, nə NATO-ya, nə də KTMT-na ehtiyac qalmayacaq. Ona görə də region özünün hərbi neytrallığını saxlamalı, heç bir hərbi bloku Qafqaza gətirməməlidir".