Tarix : 2009 Aug 30
Kod 13731

Rusiya və Azərbaycan: hansıdır müsəlman ölkəsi?

.
Azərbaycan Servisi/Aran Agentliyi

Yaşlı və orta nəsil bu şüarı hələ unutmayıb: “Sovet xalqına eşq olsun!”. Misli görünməmiş şüar idi. Çünki dünyanın heç bir xalqı özünə bu dərəcədə vurğun deyildi ki, hətta küçələri də bu absurd ifadələr yazılmış plakatlarla “bəzəsin”. Biz də çalışmalıyıq ki, ötənlərdən ibrət alaq, özünəvurğunluq xəstəliyinə tutulmayaq! Düzü düz, əyrini əyri deməliyik. Dünya gör-götür dünyasıdır. Yeri gəldikdə ətrafdakılardan da öyrənməliyik. Nə isə... Keçək mətləbə.

Yeni tədris ilindən etibarən qonşu Rusiyada daha bir möhtəşəm İslam Universiteti rəsmi fəaliyyətə başlayır. Bu, Çeçenistan paytaxtı Qroznıda bugünlərdə açılışı baş tutan Kunt-Hacı adına Rusiya İslam Universitetidir.
Dövlət tərəfindən təşkil edilmiş təntənəli açılış mərasimdə Rusiya Federasiyasının bir çox tanınmış din və elm xadimləri ilə yanaşı, dövlət xadimləri də iştirak ediblər. Axşam isə şəhərdə atəşfəşanlıq təşkil edilib.
Universitetin ümumi sahəsi 12 min kv. metr təşkil edir. Təhsil ocağı İslam kompleksinin ərazisində yerləşir ki, onun tərkibinə Əhməd Kadırov adına məscid, Müsəlmanların Dini İdarəsi, böyük İslam kitabxanası, tələbələr üçün yataqxana və mehmanxana daxildir.
İlk tədris ilində Universitet 300 tələbə qəbul edəcək. Gələcəkdə isə bu təhsil ocağının fəaliyyətinin daha da genişlənəcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl də Rusiyada rəsmən ali təhsil statusuna malik İslam Universiteti fealiyyət göstərirdi. Həmin ali təhsil mərkəzi 1998-ci ildə Kazan şəhərində təsis edilmiş Rusiya İslam Universitetidir. Həmin elm və təhsil ocağının təsisçiləri Tatarstan Respublikasının Dini İdarəsi, Rusiyanın müftilər Şurası və Tatarstanın EA-nın Tarix İnstitutudur. Bu Universitet 28 sentyabr 2001-ci il tarixində dövlət qeydiyyatına alınıb və ona Federal Təhsil və Elm Sahələrinə Nəzarət Xidməti (Rusiyada ali məktəblərə rəsmi status bu qurum tərəfindən verilir) tərəfindən ilahiyyat təhsili verilməsi üçün dövlət lisenziyası verilib. 28 iyun 2006-cı il tarixində isə Rusiya İslam Universitetinə sırf dini elmlərin tədrisi üçün də əlavə dövlət lisenziyası verilib.
Bu, Rusiyada dini azlıq hesab edilən müsəlmanların dini təhsili üçün yaradılmış imkanlardır. Elə bizim Azərbaycanımızda da İslam Universiteti fealiyyət göstərir. Ölkəmizdəki yeganə ali dini təhsil müəssisəsi - Bakı İslam Universitetidir. Bu ali təhsil müəssisəsi 20 ildir fəaliyyət göstərir. Bu müddət ərzində universitetin 1400-ə yaxın məzunu olub. Amma…
Nə qədər qəribə görünsə də, Rusiya İslam Universitetlərindən fərqli olaraq, Bakı İslam Universitetinə indiyənədək dövlət tərəfindən rəsmi status verilməyib. Buranı bitirən məzunlar ölkəmizin elm və təhsil müəssisələrində öz təhsillərini davam etdirə, magistratura, doktorantura, yaxud aspiranturada təhsil ala bilmirlər. Onların diplomları tanınmır və bu səbəbdən də onlar elmi potensiallarını inkişaf etdirmək imkanlarından məhrumdurlar. AMEA-nın Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, Tarix, Ədəbiyyat, Dilçilik, Əlyazmalar və s. institutlarında bu məzunların alim kimi yetişmələri üçün imkanlar olsa da, diplomlarının tanınmaması bu elm ocaqlarının qapısını gənc mütəxəssislərin üzünə bağlayır. Acınacaqlı haldır, deyilmi? 20 ildir fəaliyyət göstərən yeganə İslam Universitetimiz hələ də “oyundan kənar vəziyyətdə” saxlanılır. Universitetin rəhbərliyinin illərlədir göstərdikləri təşəbbüslərinə, cəhdlərinə baxmayaraq, hələ də Bakı İslam Universitetinə rəsmi status verilmir. Qeyri-müsəlman ölkəsi olan Rusiyada müsəlmanlar üçün ali dini təhsil almağa yaradılmış imkanları müsəlman ölkəmizlə müqayisə etdikdə, həqiqətən də, acınacaqlı bir mənzərə canlanır gözümüz önündə.
Bu yaxınlarda Milli Məclis “Dini etiqad azadlığı haqqında” Qanununa düzəliş qəbul etdi. 21-ci maddəyə dəyişiklikdə İslam dininin ayin və mərasimlərini yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşlarının aparması nəzərdə tutulur. Amma, görəsən, harda təhsil almış? Hansı ali dini təhsil ocağında? Axı ölkəmizdə fəaliyyət göstərən yeganə İslam Universitetinin belə rəsmi statusu yoxdur! Xaricdə dini təhsil alanlar isə bu düzəlişlə ayin və mərasimləri aparmaq imkanlarından məhrum olublar. Yeri gəlmişkən, maraqlıdır ki, bu məhdudiyyət yalnız İslam dininə etiqad bəsləyənlərə şamil olunub. Halbuki, Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiyasında aydın şəkildə qeyd edilir: “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir” (II Fəsil, Maddə 18). Zənnimizcə, bu düzəlişlə sözügedən bərabərlik aradan qaldırılıb. Buna əsas kimi isə maraqlı arqumentlər söylənilir. Məsələn, 23 iyul tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Hidayət Orucov APA-ya müsahibəsində bunları bildirib: “Aparılan araşdırmaların nəticəsində məlum olub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzən gənclər qanunsuz, müvafiq icra hakimiyyəti, dini mərkəz və idarələrin razılığı olmadan, hətta hansısa ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında xarici dövlətlərə dini təhsil almağa gediblər... Onlar qayıtdıqdan sonra təhsil aldıqları ölkənin dövlət-din münasibətləri modelini Azərbaycana tətbiq etmək, mənsub olduqları təriqət və dini cərəyanların prinsiplərini ölkədə yaymaq istiqamətində fəaliyyət göstərirlər. Belə olan təqdirdə, bu sahəyə lazımi səviyyədə nəzarətin həyata keçirilməsində və xaricdə dini təhsil almış şəxslərin cəmiyyət tərəfindən sağlam mütəxəssislər kimi qəbul edilmələrində ciddi problemlər yaranır. Mövcud reallıq nəzərə alınaraq, İslam dini ayin və mərasimlərinin aparılmasının yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi məqsədəuyğun sayılır”.
Maraqlıdır, bəs görəsən xaricdə dini təhsil almış xristian, yəhudi, krişnaçı və s. etiqadlara mənsub vətəndaşlarımızın eyni motivlərdən çıxış edərək, cəmiyyət tərəfindən sağlam mütəxəssislər kimi qəbul edilmələrində ciddi problemlər yaranmırmı? Hansısa qeyri-müəyyən məntiqdən çıxış edərək xaricdə təhsil almış katolik, protestant, ortodoks, yaxud yəhudi gəlib Azərbaycanda dini ayin və mərasimlər apara bilər, amma müsəlman yox. Guya xaricdə təsir altına yalnız müsəlman vətəndaşlarımız, özü də yalnız dini təhsil alarkən düşə bilərlər. Qəribədir...
Əlbəttə, Azərbaycanda müsəlmanlar üçün akademik dini təhsil mərkəzləri mövcud olsaydı, hardasa məsələnin bir tərəfini anlamaq olardı. Ümumiyyətlə, nəzərə alaq ki, 70 illik sovet hakimiyyəti dövründə Azərbaycanda dini təhsilə qadağalar hökm sürüb. Dinin tədrisi və təbliği üçün imkanlar mövcud olmayıb. Müstəqilik əldə etdikdən sonra isə bu mənəvi tələbatdan irəli gələrək, Azərbaycanda müvafiq elmi mərkəzlər mövcud olmadığına görə, gənclərimiz bir çox xarici ölkələrin universitetlərində, dini mərkəzlərində təhsil alıblar. Bu da normaldır. Necə ki, Azərbaycan ordusunda zabitlər, generallar xaricdə - Rusiyada, Ukraynada, Türkiyədə və başqa ölkələrdə öz sahələrinə aid ali hərbi məktəblərdə təhsil alaraq vətənə dönürlər, rütbə alaraq ölkəyə qayıdır və dövlətə, xalqa xidmət edirlər. Və yaxud siyasi, iqtisadi sahədə dünyanın müxtəlif ölkələrində təhsil alaraq hazırda ən yüksək hakimiyyət pillələrində əyləşənlər, vəzifə tutanlar var. Belə çıxır ki, xarici təsirlərdən azad olmaq üçün bu insanlar vəzifə tutmamalıdırlar? Lakin nədənsə yalnız dini təhsil alanlar “qara siyahıya” düşüb və yalnız onların “cəmiyyət tərəfindən sağlam mütəxəssislər kimi qəbul edilmələrində ciddi problemlər yaranıb”. Halbuki bilavasitə siyasi, hərbi və iqtisadi sahələrlə bağlı təhsil almış şəxslər üzərində xarici dövlətlərin təsirləri daha realdır. Amma Azərbaycan reallığından çıxış etdikdə şahidi oluruq ki, xaricdə dini təhsil almış mütəxəssisləri kənara qoymaq mümkünsüzdür! QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də, sədrin birinci müavini Hacı Salman Musayev də, elə Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də xaricdə dini təhsil alıblar. Bu mütəxəssisləri kənara qoyub, ayin və mərasimlərin aparılmasını qəbristanlıq mollasına tapşırmaqla “problemi həll etdik” demək mənasızdır. Əgər kadrlarımızın xaricdə deyil, öz ölkəmizdə dini təhsil almalarını istəyiriksə, ilkin olaraq Azərbaycanda bunun üçün münasib şərait yaratmaq, dini təhsil mərkəzlərini təkmilləşdirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək, akademik bir səviyyəyə qaldırmaq, ən azından, yeganə ali dini təhsil ocağı olan Bakı İslam Universitetinə rəsmi status vermək lazımdır. Ölkədə dini təhsil üçün hər cür şərait yaratdıqdan sonra mükəmməl dini biliklər almaq arzusunda olan gənclərə xaricə getməyib, öz vətənlərində bu arzuya çatmağı tövsiyə etmək olar.
Hələlik isə, qeyd olunan tələblərə uyğun şərait bizdə deyil, Rusiyada müsəlmanlar üçün yaradılır. Bizim dini mühitimiz və hansı dinə mənsub olmasından asılı olmayaraq, dindarlarımız isə hələ də xarici dövlətlərdə fəaliyyət göstərən dini dairələrə ehtiyaclıdır. Dini-mənəvi tələbatının ödənilməsi üçün mükəmməl dini təhsilə, akademik əsərlərə, fundamental dərsliklərə, dərin biliyə malik mütəxəssislərə, hətta qəlbəyatımlı xütbələrə, moizələrə, vəzlərə böyük ehtiyac var. Bu ehtiyacı qəbristanlıqda kiril əlifbasıyla “Yasin” oxuyan “mollalar”, yaxud rəsmi statusu olmayan universitetlər ödəmək qabiliyyətində deyil. Ümid yenə də qalır... Allaha!
“Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Aug 30