Şərur rayon Zeyvə kənd sakini Nazim Babayevin pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına rəsmi dövlət orqanları söz versələr də, hələlik bu istiqamətdə heç bir iş görülməyib
Azərbaycan Servisi/Aran Agentliyi
Şərur rayon Zeyvə kənd sakini Nazim Babayevin pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına rəsmi dövlət orqanları söz versələr də, hələlik bu istiqamətdə heç bir iş görülməyib.
Bu barədə RATI-nin Naxçıvandakı bölgə müxbirlərinə Nazim Babayevin özü məlumat verib. Onun sözlərinə görə, 23 avqust 2009-cu il tarixdə Şərur rayon Icra hakimiyyətinin başçısı, Şərur rayon Polis Şöbəsinin rəisi və Muxtar Respublika daxili işlər naziri Əhməd Əhmədov şəxsən Zeyvə kəndində olaraq məsələ ilə maraqlanıb.
“Nazir Əhməd Əhmədov əvvəlcə şikayət etdiyim və mətbuata açıqlama verdiyim üçün məni hədələdi. Mən ona qeyri-qanuni heç bir iş görmədiyimi, sadəcə pozulmuş hüquqlarımın bərpasını Naxçıvan hakimiyyətindən tələb etdiyimi bildirdim. Sonra nazir onunla gələnlərə mənim sökülmüş mülkiyyətimin bərpası və dəymiş ziyanın ödənməsi haqqında göstəriş verdi. Bundan bir gün sonra mənim həyətimdə sökülmüş obyektlərin əvəzində yenisinin tikilməsi üçün plan cızıldı, amma buna baxmayaraq hələ də işə başlanılmayıb”, - deyə qeyd edən Nazim Babayev avqustun 27-də isə onun Şərur rayon Polis Şöbəsinə çağırılaraq, polis rəisi Mammed Məmmədov tərəfindən qəbul edildiyini də bildirib.
“Polis rəisi məndən problemin necə həll edilməsini istədiyimi soruşdu. Mən ona bildirdim ki, bütün sökülmüş obyektlərimin əvəzinə yenilərinin tikilməsini və itirilmiş torpaq sahəmin əvəzinə kompensasiya ödənilməsini istəyirəm. O, dedi ki, yaxın vaxtlarda yol kənarında olan bütün evlərin yola baxan hasarları tikiləcək və həmin vaxt mənim də hasarını tikəcəklər. Sonra da o dedi ki, əgər mənim bütün obyektlərimin əvəzinə yenisini tikib versələr və kompensasiya ödəsələr, digər ziyan çəkmiş vətəndaşlar da bunu onlardan tələb edəcəklər. Bildirdim ki, mənim üçün fərqi yoxdur. Mən sona qədər haqqımı tələb edəcəyəm. Polis rəisi bir neçə gündən sonra yenidən məni çağıracağını dedi. Mən isə buna etiraz etdim. Bildirdim ki, əgər işə başlamasanız, bir neçə gündən sonra anamla birlikdə prezidentin qəbuluna gedəcəyəm”, - deyə Nazim Babayev vurğuladı.
Xatırladaq ki, Naxçıvan-Sədərək magistral yolunun genişləndirilməsi nəticəsində yol kənarında yerləşən kəndlərin əhalisinə ciddi ziyan dəyib. Yolun tikintisi zamanı həmin əraziyə düşən, kənd sakinlərinin mülkiyyətinə daxil olan hasarlar, tövlələr, hamamlar, dükanlar, evlərin bir hissəsi sökülüb, meyvə ağacları isə kütləvi şəkildə kəsilib. Mülkiyyəti dağıdılan əhaliyə isə bunların müqabilində heç bir kompensasiya ödənilməyib. Mülkiyyəti dağıdılan sakinlərdən biri Zeyvə kənd sakini Nazim Babayevdir. O, aidiyyatı orqanlara dəfələrlə bu haqda şikayət ərizəsi yazıb. Bundan sonra o, mətbuata açıqlama verib və Bakı şəhərinə gedərək Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Habelə yolun tikintisini icra edən “Gəmiqaya” şirkətini məhkəməyə də verib.
Xatırladaq ki, adıçəkilən şirkətin rəhbəri Vasif Talıbovun oğlu Rza Talıbovdur.(Azadlıq qəzeti)