Tarix : 2009 Aug 30
Kod 13744

«ŞƏHİDLƏR» MƏSCİDİ HƏMİŞƏLİK QAPADILDI

Məscid aprelin 26-da günorta namazından sonra təmir adı ilə bağlanılıb. Hətta terrorçu Fərda Qədirovun əvvəlcə bu məsciddə terror törədəcəyi barədə versiyalar irəli sürülmüşdü
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən sayımızda «Səhidlər məscidi»nin açılmayacağı barədə xəbər vermişdik. Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin APA-ya açıqlamasında camenin açılmaq ehtimalının olmadığını söyləyib. Onun sözlərinə görə, hazırda ibadət etməyə imkan olsa da, məscid açılmayıb. Təmir adı ilə bağlanan ibadət ocağında bu günə kimi heç bir işin getməməsi onun sökülmə ehtimalını daha da artırıb. Məsələ ilə bağlı «Səhidlər məscidi»nə baş çəkdik. Şəhidlər Xiyabanının yanında yerləşən məscidin qapıları bağlı idi. Üstəlik, cameyə aid məişət əşyaları çölə çıxarılmışdı. Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyinin qapıları da bağlı idi. Məscidin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç cür alınmadı. Bütün bunlar məscidin bağlanması ilə bağlı fikirlərimizi təsdiqlədi.
Xüsusilə qeyd edək ki, bizdə olan son məlumatlara görə, məscidin bağlanmasına səbəb yanında tikilən otel-restoran kompleksidir. Belə ki, ingilis şirkəti tərəfindən tikilən bu otelə xaricdən qonaqların gələcəyi nəzərdə tutulub və səsləndirilən azanın onlara mane olacağı, narahatlıq doğuracağı güman edilib. Tikintini aparan məsul şəxslərlə də görüşüb onların məsələyə münasibətlərini öyrənməyə çalışdıq. Tikinti icraçısı İran vətəndaşı olan Əhməd bəy bildirdi ki, camenin fəaliyyətinin dayanmasının onlara heç bir əlaqəsi yoxdur: «Bizim şirkət hazırda burda, Azərbaycanda ən böyük otel-restoran kompleksinin inşası ilə məşğuldur. Məscidin söküləcəyi haqqında bizdə heç bir məlumat yoxdur və onun sökülməsinə biz səbəbkar deyilik. Nə də ki, tərəfimizdən elə bir iddia olmayıb. Bir çox xarici ölkələrdə otellərin, restoranların yanında məscidlər fəaliyyət göstərir. Səsləndirilən azanın isə onların fəaliyyətinə heç bir təsiri olmur».
Məscidin qapısı bağlı olsa da, bura ibadət etməyə gələnlər xeyli sayda idi. Kimi məscidin həyətində, kimi isə ağacların arxasında namazını qılırdı. Türkiyə vətəndaşı Hüsnü Bektaş bizimlə söhbətində «Şəhidlər» məscidinin bağlanılmasını pislədi. Onun sözlərinə görə, bu mübarək ayda müsəlmanların üzünə qapatmaq əsl Allahsızlıqdır: «Hər gün telekanallarda Azərbaycanın tolerant ölkə olduğunu bar-bar bağırırlar. Bu yaxınlarda Bakını "İslam mədəniyyətinin paytaxtı" adını verdilər. Necə olur ki, islam mədəniyyəti paytaxtında bir dənə məscid fəaliyyət göstərmir?"
Qəzəbli şəkildə danışan türk vətəndaşı məscidin həyətində belə rahat namaz qıla bilmədiklərini söylədi: «O gün də namaz qılmağa gəlmişdik. Məscid bağlı olduğundan, ibadətimizi həyətdə etməyə məcbur olduq. İki polis əməkdaşı bizə yaxınlaşaraq burdan getməyimizi bildirdilər. Onlara etiraz etdikdə bizə çox sərt şəkildə cavab verdilər».
Başqa bir həmsöhbətim türk tələbəsi isə məscidin aylardır təmir adı ilə bağlanıldığını və bu günə kimi heç bir təmir-tikinti işinin getmədiyini söylədi: «Əvvəla, bu məscidin təmirə ehtiyacı yox idi. Neçə aydır ki, məscidi bu adla bağlayıblar. Ən böyük sürpriz isə bizə bu gün etdilər. Öyrəndik ki, artıq məscid bağlandı».
Nəzərinizə çatdıraq ki, məscidin bağlanmasına türk tələbələrlə yanaşı, azərbaycanlı tələbələr də münasibət bildirdilər. Onlar son günlər məscidlərə qarşı böyük bir kompaniya aparıldığını və ard-arda ibadət evlərinin bağladıqlarını söylədilər: «İndi paytaxtda, demək olar, bir-iki məscid fəaliyyət göstərir. Yerdə qalanının bağlayıblar. Məscidlərə qarşı total hücumların arxasında hansı maraqlar gizlənir, bunu bilmirik».
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirinin müavini Bayram Altıntaş «Yeni Müsavat»a açıqlamasında bildirmişdi ki, came Ramazan bayramına kimi istifadəyə veriləcək: «Aprelin 28-dən məscidimiz camaatın xidmətinə bağlanıb. Təmir barəsində isə onu deyə bilərəm ki, məscidin kiçik boya işindən başqa təmirə ehtiyacı yox idi. Yəqin bundan sonra məscid bütövlükdə təmir olunacaq».
Xatırladaq ki, hazırda Azərbaycanda 1750 məscid var. Onların 100-ə yaxını fəaliyyət göstərir. «Türkiyə Diyanət İşləri Vaqfı» tərəfindən tikilən «Şəhidlər məscidi» 1993-cü ildə istifadəyə verilib. Məscid aprelin 26-da günorta namazından sonra təmir adı ilə bağlanılıb. Hətta terrorçu Fərda Qədirovun əvvəlcə bu məsciddə terror törədəcəyi barədə versiyalar irəli sürülmüşdü. Məscidin təmir ilə əlaqədar bağlanıldığı söylənilsə də, üç aya yaxındır ki, məsciddə heç bir təmir-tikinti işləri aparılmayıb.
  • Yazılıb
  • da (də) 2009 Aug 30