Türkiyə XİN: “Siyasi məsləhətləşmələr altı həftə davam edəcək və sonra iki protokol imzalanacaq”
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. ANS PRESS xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in internet səhiyyəsində yerləşdirilib. Məlumatda deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Türkiyə XİN-in məlumatında deyilir: “İkitərəfli əlaqələrin normallaşdırılması regionla sülhün və sabitliyin təmin olunmasına yardım edəcək. Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səy göstərilməsində maraqlıdır”.
RİA “Novosti” isə Türkiyə, Ermənistan və İsveçrə XİN-nin birgə məlumatını yayıb. Sənəddə deyilir ki, tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılması yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.