Tarix : 2009 Aug 31
Kod 13766

Bakının İçərişəhərində nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

Azərbaycan paytaxtında İçərişəhər ərazisində nəqliyyatın sayının tənzimlənməsi məqsədilə yeni avtomatlaşdırılmış idarəetmə sisteminin quraşdırılması ..
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan paytaxtında İçərişəhər ərazisində nəqliyyatın sayının tənzimlənməsi məqsədilə yeni avtomatlaşdırılmış idarəetmə sisteminin quraşdırılması ilə bağlı sentyabr ayının 1-dən əraziyə avtomobillərin girişi yeni qaydalar əsasında həyata keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Məlumata görə, yeni qaydaların tətbiq olunmasında məqsəd qoruq ərazisində nəqliyyat hərəkətinin intensivliyinin qarşısının alınması, İçərişəhərdə yerləşən abidələrin və tarixi binaların qorunması, turizmin inkişafı, piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsidir. Bununla əlaqədar olaraq, İçərişəhərdəki bütün avtomobil yolları birtərəfli hərəkət sisteminə keçirilir. Əraziyə sərbəst giriş təkcə elektron kart əsasında İçərişəhərdə yaşayan və fəaliyyət göstərən rezidentlərə, həmçinin xüsusi nəqliyyat vasitələrinə (yanğından mühafizə, polis, təcili tibbi yardım və s.) şamil olunur. Ərazidə yerləşən kommersiya qurumlarına elektron kart ödənişli əsaslarla verilir. Qeyd olunub ki, bütün digər nəqliyyat vasitələrinin sürücüləri qoruq ərazisində eyni vaxtda ola bilən avtomobillərin sayına qoyulan limit imkan verdiyi halda birdəfəlik bilet əsasında daxil ola biləcəklər. Biletin qiyməti ərazidə olma müddətdən asılı olaraq birinci saata görə 2 manat, sonrakı hər saata görə isə 1 manat məbləğində müəyyən edilib.
  • Yazılıb
  • da (də) 2009 Aug 31