Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətl hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaq müddəti uzadılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətl hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaq müddəti uzadılıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, istintaqın müddətinin uzadılması barədə qərar verərkən insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işinin çox həcmli və mürəkkəbliyi nəzərə alınıb. E. Sultanov hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyini söyləyib.
Qeyd edək ki, bu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.
Bu iş üzrə törətdikləri cinayət əməllərinə görə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.