"Fatmeyi Zəhra" məscidinin sökülməsinə etiraz olaraq Bakı İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirildi
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, bu gün günorta radələrində Bakıda kütləvi aksiya keçirilib. Suraxanı rayonunda yerləşən "Fatmeyi Zəhra" məscidinin sökülməsinə etiraz əlaməti olaraq 100-120 nəfərdən ibarət dindar şəxslər aksiya keçirməyə nail olub. Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiya, dindar şəxslərin binanında qarşısında dayanaraq əllərindəki plakatları qaldırması ilə başlanıb. Akisya zamanı nümayişçilər "Zindan dustaqlarla dolacaq, əgər məscid sökülsə", "Qan su yerinə axacaq, əgər məscid sökülsə", "Allah evini sökənlər, Allah evinizi söksün" və s. bu kimi şüarlar səsləndirərək "Fatmeyi Zəhra" məscidinin sökülməsinə etirazlarını bildiriblər. Qeyd edək ki, Aksiya zamanı ərazidə xidmət aparan polis əmədaşları nümayişçilərin qarşısını almağa çalışıblar. Nəzərinizə çatdıraq ki, Aksiya iştirakçıları ölkə rəhbərliyindən tezliklə məscidlərin sökülməsinin dayandırılmasını tələb edir.
Xatırladaq ki, etiraz aksiyası Milli-Mənəvi Dəyərlər İctimai Birliyi tərəfindən təşkil edilib. Aksiyaya bir neçə təşkilat, həmçinin İmam Huseyn heyəti, İmam Rza heyətinin möminləri də dəstək verib. Həmçinin bir neçə məscidin möminləri də aksiyada iştirak edib. Qətnamənin mətnini təqdim edirik.
“Fatmeyi Zəhra” məscidinin sökülməsinə etiraz olaraq
QƏTNAMƏ:
Azərbaycanda son zamanlar məscid söküntüsü kütləvi hal almışdır.
Bu cür işlərin İslam mədəniyyətinin paytaxtı elan olunan Bakıda baş verməsi dünya miqyasında ölkənin müsəlman imicinə ciddi təsir göstərmişdir. Həmçinin ölkədə yaşayanların sayının əksəriyyətinin müsəlman olmasını nəzərə alaraq bu addımları qəti olaraq pisləyirik. Ölkə rəhbərliyindən isə tez bir zamanda məhkəmələrin verdiyi bu qərarların qüvvədən salınmasını tələb edirik. İki məscidin sökülməsinin baş verdiyi Bakıda, üçüncü məscidin sökülməsinin baş verməməsi üçün bütün vicdanlı məmurları ciddi addım atmağa çağırırıq.
Bir sözlə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi “v” massivi, 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı iddiasını təmin etməsinə qəti olaraq etiraz edirik.