Tarix : 2009 Sep 02
Kod 13809

ANKARA - İRƏVAN ANLAŞMASI REALLAŞIR

İki ölkə arasında imzalanması nəzərdə tutulan protokolların tam mətni üzə çıxdı, sənəddə Qarabağ haqda bir cümlə də yoxdur
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə iqtidarı Ermənistanla sərhədlərin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən açılmayacağına dair cəmi iki-üç ay əvvəl ən yüksək səviyyədə verdiyi vədləri bir kənara qoyaraq İrəvanla tarixi anlaşmaya qərar verib. Xəbər verildiyi kimi, avqustun 31-də axşam Türkiyə, Ermənistan və bu iki ölkə arasında neçə vaxtdır aparılan danışıqlara vasitəçilik edən İsveçrə xarici işlər nazirlikləri tərəfindən birgə bəyanat yayılıb. Türkiyə və Ermənistan diplomatik münasibətlərinin bərpasına yönəlmiş 6 həftəlik müzakirələrə başlamaq barədə razılığa gəliblər. Bu bəyanatda deyildiyinə görə, tərəflər qarşılıqlı münasibətlərin normallaşmasına qərar veriblər.
Bəyanatda deyilir ki, danışıqların sonunda iki protokol imzalanacaq. Bunlardan biri diplomatik münasibətlərin bərpası, digəri ikitərəfli münasibətlərin genişləndirilməsi haqqında olacaq. Artıq həmin protokol layihələrinin ingilis dilində olan mətni Türkiyə mətbuatında yayılıb. “Hürriyet” qəzetinin internet saytında yerləşdirilmiş sənədlərdən məlum olur ki, Ankara ilə İrəvan sərhədlərin açılması üçün konkret müddət də müəyyən ediblər. Qarşılıqlı münasibətlərin inkişafına dair ikinci protokola görə, sərhədlər protokolların imzalanmasından sonrakı iki  ay ərzində açılacaq. Həmin protokollarda münasibətlərin normallaşması üçün heç bir ilkin şərt, o cümlədən Qarabağ şərti yer almır.
Sözügedən bəyanatın açıqlanmasından az əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Türkiyəni sərhədlərin açılması istiqamətində konkret addımlar atmayacağı təqdirdə iki ölkə arasında danışıqlar prosesinin dayandırılacağı ilə hədələmişdi. Sərkisyan demişdi ki, o, Türkiyəyə oktyabrın 14-də keçiriləcək futbol matçına baxmağa ancaq sərhədlərin açılması, yaxud bu istiqamətdə konkret irəliləyişlərin əldə edilməsi halında gedə bilər. Üç ölkə adından yayılan birgə bəyanatda isə münasibətlərin qurulmasına dair daxili siyasi məsləhətləşmələrin 6 həftəyə yekunlaşacağı göstərilib. Yəni protokolların razılaşdırılması və imzalanması oktyabrın 12-də Türkiyə-Ermənistan milli futbol komandalarının cavab oyununa iki gün qalmış başa çatacaq.
Qərb anlaşmadan məmnundur
Türkiyə ilə Ermənistan arasında bu tarixi anlaşma indiyə qədər sərhədlərin açılması üçün Ankaraya təzyiq edən Qərb çevrələrini məmnun edib. ABŞ Dövlət Departamenti bəyan edib ki, tərəflərin heç bir ilkin şərt irəli sürülmədən münasibətlərini normallaşdırmağa qərar verməsini alqışlayır. Dövlət Departamentinin rəsmisi Yan Kellinin bildirdiyinə görə, Birləşmiş Ştatlar tərəflərin ləngimədən hərəkətə keçəcəklərinə inanır və bölgədə sülhün, təhlükəsizliyin və inkişafın xeyrinə olan tarixi prosesi dəstəkləyir. Fransa prezidenti Nikola Sarkozi isə anlaşma ilə bağlı tərəfləri təbrik edib. Fransa prezidentinin mətbuat xidmətindən yayılan yazılı bəyanatda deyilir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması bölgədə stabilliyin təmin edilməsinə xidmət edəcək tarixi hadisə olacaq.
Türkiyənin “Hürriyyet” qəzeti yazır ki, bəyanat açıqlanarkən xarici işlər naziri Əhməd Davutoğlu İraqda səfərdə olub. Ermənistanla tarixi anlaşmanın əldə edildiyi haqda məlumatı Davutoğlu “Hürriyet” əməkdaşına Suriyanın paytaxtı Dəməşqdən Bağdada uçarkən təyyarədə verib. Həmin vaxt birgə bəyanat hələ açıqlanmayıbmış. Bəyanatın Türkiyə vaxtı ilə saat 19-da açıqlanması planlaşdırılıb, lakin son anda Ermənistanda hansısa problem ortaya çıxıb. Davutoğlu Türkiyənin Bağdaddakı səfirliyinə gedərək İrəvanla telefon əlaqəsi yaradıb. Danışıqlar nəticəsində mübahisəli məsələ yoluna qoyulub və Ermənistan tərəfi birgə bəyanatın yayılmasına razılıq verib. Xarici işlər naziri “Hürriyet”in müxbirini inandırıb ki, Türkiyə bu prosesdə Azərbaycanın maraqlarını nəzərə alacaq. O, Türkiyənin məqsədinin bölgədə sülh və inkişafa dəstək vermək olduğunu deyib. Daha sonra NTV telekanalına müsahibəsində Davutoğlu bildirib ki, Ermənistanla sərhədlərin açılması hələ gündəmdə deyil. “Bunun üçün uzun vaxt lazım ola bilər, onu deyə bilərəm ki, açılan təkcə Türkiyə-Ermənistan sərhədləri olmayacaq, bölgədəki başqa bağlı sərhədlər də açılacaq” - deyə, Davutoğlu bildirib. Bununla Türkiyə xarici işlər nazirinin Ermənistanla sərhədlərin açılmasına qədər Azərbaycanla bu ölkə arasında Dağlıq Qarabağ münaqişəsinə dair anlaşmanın da əldə edilməsinin gözlənildiyinə işarə vurduğu aydındır. Xatırladaq ki, ötən həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb, daha sonra Türkiyə XİN-dən Ermənistanla danışıqları aparan iki yüksək rütbəli diplomat Bakıya gəlib və Əliyevlə görüşüb. Lakin bu ilin aprelində Türkiyə ilə Ermənistan arasında qəfil elan edilən “yol xəritəsi” anlaşmasına sərt etiraz bildirən Azərbaycan rəhbərliyinin Ankaranın İrəvanla münasibətlərini bərpa etməyi nəzərdə tutan son anlaşmalara münasibətinin əvvəlki kimi sərt olub-olmayacağı hələ məlum deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yayılmış bəyanatı o qədər kəskin olmasa da, prosesə etiraz xarakterlidir. Həmin bəyanatın sadəcə son cümləsinə diqqət etsək, Azərbaycan tərəfinin aparılan sürəcdən bu dəfə də kənarda saxlandığını anlamaq olar: “Lakin bu halda məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aid olduğunu nəzərə alaraq bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir”.  
Protokolun tam mətni açıqlanıb
Bu arada “Hürriyet” qəzeti 6 həftə ərzində imzalanması və təsdiq olunmaq üçün parlamentlərə təqdim olunması nəzərdə tutulan hər iki protokolun tam mətnini ələ keçirib. Sənədlərdən birincisi “Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol” adlanır. İkincinin adı isə “Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafına dair protokol”dur. Protokollara əlavə olaraq qarşılıqlı münasibətlərin inkişafına dair təqvim yer alır. Orada qarşılıqlı olaraq atılacaq addımların konkret müddətləri göstərilib. (Protokolların tam mətni fotoşəkil formasında yazıya əlavə olunur) Həmin təqvim belədir:
İki ölkə arasında sərhədlərin açılması: Ermənistanla Türkiyə arasında münasibətlərin inkişafına dair protokolun qüvvəyə minməsindən sonrakı 2 ay ərzində.
Hökumətlərarası komissiyanın və alt komissiyaların çalışma mexanizminin hazırlanması üçün iki ölkə xarici işlər nazirliklərinə bağlı işçi qrupunun yaradılması: Ermənistanla Türkiyə arasında münasibətlərin inkişafına dair protokolun qüvvəyə minməsinin ertəsi günündən etibarən 2 ay ərzində.
Nazirlər səviyyəsində hökumətlərarası komissiyanın və alt komissiyaların işləmə mexanizminin təsdiqlənməsi: Ermənistanla Türkiyə arasında münasibətlərin inkişafına dair protokolun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində.
Hökumətlərarası komissiyanın ilk toplantısının keçirilməsi: işləmə mexanizminin təsdiqlənməsindən dərhal sonra.
Siyasi məsləhətləşmələr, nəqliyyat, rabitə, enerji infrastrukturları və şəbəkələri, elm və təhsil, ticarət, turizm və iqtisadi əməkdaşlıq, erməni, türk, isveçrəli və digər beynəlxalq mütəxəssislərin də yer alacağı, mövcud problemlərin təsbit edilməsi, tarixi faktların tərəfsiz şəkildə araşdırılması, arxivlərin bitərəf şəkildə tədqiq olunmasını da özündə birləşdirəcək tarix məsələlərinə dair  alt komissiyaların fəaliyyətə başlaması: hökumətlərarası komissiyanın işə başlamasından sonra ən geci bir ay ərzində.
***
Birinci protokolda deyilir ki, iki ölkə BMT Xartiyasına, ATƏT-in Helsinki Yekun Aktına və Yeni Avropa haqqında Paris Xartiyasına əsaslanaraq qarşılıqlı münasibətlərin bir-birinin daxili işlərinə qarışmamağa, ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinə əsaslanacağına dair üzərlərinə öhdəlik götürür. Sənəddə deyilir ki, iki ölkə arasında münasibətlərin qurulması və inkişafı hər iki ölkə xalqlarının mənafelərinə uyğun olmaqla bərabər bütün regionda sülh və stabilliyə təkan verəcək.
Protokolda iki ölkə arasında sərhədlərin qarşılıqlı olaraq tanınmasını da nəzərdə tutulur. Sənəddə deyilir ki, tərəflər sərhədləri açmaq qərarına da gəliblər. Protokol terrorçuluq və onun bütün formalarının rədd edilməsinə dair öhdəlik də nəzərdə tutur. Sənəddə göstərilir ki, tərəflər Diplomatik Missiyalar haqqında 1961-ci il Vyana Konvensiyasına əsaslanaraq  bu protokola uyğun olaraq qarşılıqlı diplomatik münasibətlərin qurulmasını qərara alır. Tərəflər razılaşdırır ki, diplomatik münasibətlərin qurulması bu protokolun qüvvəyə minməsindən dərhal sonra baş verəcək. Sənədi hər iki ölkə adından xarici işlər nazirləri imzalamalıdır.
İkinci protokol isə qarşılıqlı münasibətlərin inkişafına dair atılacaq addımları nəzərdə tutur. Orada hər iki ölkə “soyqırım” iddialarını araşdırmaq üçün birgə komissiya qurmağa razılıq verir. Protokol nəzərdə tutur ki, iki ölkə arasında sərhədlər sözügedən sənədlərin qüvvəyə minməsindən sonrakı iki ay ərzində açılsın. Sənəd Ermənistanla Türkiyə arasında BMT, ATƏT, Avropa Şurası, Avroatlantik Tərəfdaşlıq Şurası və digər beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı əməkdaşlığı da nəzərdə tutur. Bu sənədlərin heç birində Dağlıq Qarabağ münaqişəsinə dair bir kəlmə də olsun deyilmir.
Göründüyü kimi, 6 həftə sonra imzalanacaq bu sənədlərdə sərhədlərin nə zaman açılacağı konkret göstərilib. Söhbət bu ilin aprelində elan edilən və hüquqi sənəd formasında olmayan “yol xəritəsi”indən fərqli olaraq qarşılıqlı hüquqi öhdəliklər yaradan rəsmi sənədlərdən gedir. Ona görə də bu sənədlər imzalananda artıq Türkiyənin Ermənistanla sərhədlərinin iki ay ərzində açılmasına dair şübhə olmayacaq. “Röyter” agentliyinə açıqlamasında xarici işlər naziri Əhməd Davutoğlu isə sərhədlərin açılmasının “indinin işi olmadığını” deyib. Lakin nazirin açıqlaması ilə açıqlanan sənəd arasında ziddiyyət ortadadır. “Bu proses başa çatanda təkcə Türkiyə-Ermənistan sərhədləri deyil, başqa sərhədlər də açılacaq” - deyə, nazir bildirib. O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi hökmən öz həllini tapmalıdır. “Yol xəritəsi”nə Azərbaycanın kəskin etirazını xatırladan “Röyter” müxbirinə Davutoğlu belə cavab verib ki, bu addımın atılmasından sonra beynəlxalq ictimaiyyətin diqqətinin bölgədəki problemlərə, o cümlədən Qarabağ münaqişəsinə yönələcəyinə inanır. “Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarını qoruyacaq” - deyə, o bildirib.
Beləliklə, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılmasına dair konkret müddətin qoyulmasına baxmayaraq növbəti dəfə inandırmağa çalışır ki, sərhədlər Qarabağ məsələsi həll olunmadan açılmayacaq. Yəni Ankara bu münaqişənin də yaxın 2-3 ayda həll ediləcəyini gözləyir. Əslində isə ortada münaqişənin həllinin yaxın olduğunu göstərən ciddi əlamət yoxdur. Eyni zamanda qarşılıqlı öhdəliklərin yer aldığı sənədlərdə Qarabağ münaqişəsinə dair heç bir öhdəlik yer almadığına görə sərhəd məsələsi ilə bu münaqişənin nizamlanması arasında heç bir bağlılıq nəzərdə tutulmur. Məhz bu məqama görə Türkiyə mətbuatı da Davutoğlunun açıqlamalarının ziddiyyətli olduğunu yazır. Sözsüz ki, indiki halda nazirin mətbuata açıqlamasından daha çox iki ölkə arasında 6 həftə sonra imzalanacaq rəsmi protokollara inanmaq daha məntiqli görünür.
Türkiyə müxalifətindən sərt etirazlar
Türkiyə müxalifətinin hökumətin mübahisəli “kürd açılımı” ilə bağlı müzakirələri davam etdirdiyi bir vaxtda ortaya atdığı qəfil erməni anlaşması ilə  bağlı ilkin reaksiyaları gözlənildiyi kimi sərtdir. Ana müxalifət partiyası CHP-nin başqan yardımçısı, keçmiş diplomat Onur Öymən bildirib ki, imzalanacaq protokollar Ermənistanın üzərinə Dağlıq Qarabağdan çəkilmək öhdəliyi qoymur: “Heç bir şəkildə bu öhdəlik qoyulmur. Bu, kritik məsələdir. Ərdoğan Bakıya səfərində parlamentdə çıxış etdi, açıq şəkildə bildirdi ki, Türkiyə sərhədlərini Qarabağ münaqişəsi həll edilmədən açmayacaq. Ancaq indi sərhədləri açmaq üçün konkret təqvim belə var. Azərbaycanı indi necə inandıracaqlar?” CHP başqan yardımçısı deyib ki, baş nazir Ərdoğanın Bakıda verdiyi vəddən bu cür geri çəkilməsi onun qətiyyətsiz mövqeyinə dəlalət edir: “Bu cür siyasət dövlətin təhlükəsizliyinə zərbədir. Türkiyə birtərəfli qaydada ağır güzəştlərə gedir. Bu, çox təhlükəli siyasətdir, əgər  qarşı tərəfin hər istəyi yerinə yetirilsə buna ancaq təslimiyyətçi siyasət demək olar”. Öymən əlavə edib ki, kürd açılımı kimi erməni anlaşması da xarici dairələrdə proqramlaşdırılıb. Onun sözlərinə görə, xaricdən gələn hər istəyə hökumət ya “bəli”, ya da “baş üstə” deyir.
  • Yazılıb
  • da (də) 2009 Sep 02