Azərbaycan Servisi/Aran Agentliyi
Bismilləhir-Rahmənir-Rahim!
«Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və
(ilahi vəzifələrinin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də, onların hidayət olunmuşlardan olmalarına ümid vardır»
“Tövbə” surəsi, ayə 18
Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah Təala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər»
İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah Təala onun üçün Cənnətdə bir ev tikər»
Hamı zəng vurur. Hamı maraqlanır. İnsanlar şok içindədir. Və bu narahatçılıq yalnızca inanc insanlarında təzahürünü tapmır. Toplumun hər bir vicdanlı insanı baş verənlərin anormal olmasının fərqindədir və narahatdır.
Nədir baş verənlər? Mübarək Ramazan ayının hüzur dolu mənəvi ab-havasını nədən bu kimi eybəcər mahiyyətli rəftarlarla biriləri korlayır?
Zatən lənətlik şeytan da bu ayda zəncirlənib. Barı, özünü düzəltmək üçün müsaid bir imkan var. Amma yox, şeytani vərdişlər bu ayda da birilərini boş qoymur.
Baş verənlər ilahi cəzanın bir növü kimi də dəyərləndirilə bilər. Hər toplum layiq olduğunu almaqdadır. Mənəvi deqradasiyaya uğramış bir cəmiyyətdən savayı, harada belə rahatlıqla bir ildə iki məscid sökmək olar, üçüncüsünə isə hazırlaşmaq olar?! Üstəlik məscidi təmir adı ilə bağlamaq da adi bir ənənə çevrilmiş ola?!
Tolerantlıq. Bu sözü hamı tez-tez eşıdir. Bütün dünyada da bizim tolerantlığımızdan hamı illərdir ki, feyziyab olur. Bəli illərdir ki, öyündüyümüz bu fenomen gerçəkdə də mövcud. Amma bu yalnızca kənar mədəniyyətlərə münasibətlərdə özünü göstərəndə necə olsun?! Bayrağımızda rəngini almış inancımıza qarşı qeyri-tolerant münasibət bəslənəndə bunun adı nə? “İslam Mədəniyyəti Paytaxtı-2009”da bu baş verirsə, 2010-da bəs onda nə gözləməli?!
Nə etməli? Nə etməli ki, müqəddəs Vətənimizdə məscidsökmə ənənəyə çevrilməsin? Nə etməli ki, Vətənimiz Allah Evləri sökülən bir məmləkət kimi məşhur olmasın? Nə edək ki, gələcək nəsillər məscidi sökülmüş Vətənin bir övladı kompleksinə malik olmasınlar?
Zatən, hər kəs etməli olduğunu etməlidir. Heç kəs heç kimi gözləməməli. Rəsmi dini qurum bunun bütün Qafgazlarda və ümumən müsəlman dünyasında bizləri rusvay edəcək bir olay olmasını hayqırmalı. Dini komitənin vicdanlı işçiləri Allah dərgahında sorumlu olmalarını xatırlayaraq, baş verənlərin vicdan azadlıqlarını tapdadığını bəyan etməli. Vətəndaş cəmiyyəti bunun bütün toplum üçün ölümcül nəticələr verməsini bəyan etməli. Sivil dünyanın heç bir yerində belə bir rüsvayçılığa qol qoyulmadığını xatırlatmalı.
Elə bu dəqiqə vətəndaş cəmiyyətinin öncüllərindən olan çox dəyərli vəkillərdən bir zəng vurdu. Sanki yazını o da mən yazdıqca oxuyurmuş. Və bildirdi ki, bu məsələdə Avropa Məhkəməsi perspektivi mövcuddur. Təbii ki, görülməli bütün hüquqi işlər görülməli. Amma bu məmləkətin məscidinin sökülməsinin qarşısı Vətəndə alınmalıdır, inşəallah. Və bu, hər bir vicdanlı və ləyaqətli insanın - vəzifəsindən, görəvindən, siyasi-ictimai baxışından asılı olmayaraq - həyata keçirilməlidir. 12 İmamın anasının adına məscid söküldükdən sonra geridə nə durduğunu anlayan hər kəs öz zəhmətini - açıq və ya qapalı şəkildə - Allah dərgahında təqdim etməlidir.
Allahım, mübarək ilahi ziyafətində iştirak edən bəndələrinə, dualarının qəbul olunması ləyaqətini əta et. Bizlərə bu ayda özünüdüzəltmə səadətini nəsib et. Məscidsökülmə bəlasından qurtulmağı nəsib et. Məmləkətimizə məscidlər tikilmə və azan səsləri ucaldılma lütfünü inaət et. Həqiqi halallıq və ləyaqət hissini toplumumuzun insanlarına nəsib et!
******
Mübarək Ramazan ayının 12-ci gününün duasında keçən mənəvi çalarlara diqqət edək:
- Bizləri günahdan qorunub, iffətli olmaqla zinətləndir, ey bəndələrini sevən Rəbbim!
- Bəndələrinə kifayət edən halal mal və qənaətli olmağı nəsib et, ey qənaətçiləri sevən Rəbbim!
- Bizləri ədalət və insafla yaşamağa müvəffəq et, ey ədalətin özü olan Rəbbim!
- Bəndələrini təhlükələrdən amanda saxla, ey bəndələrini qoruyan Rəbbim!
Hacı İlqar İbrahimoğlu