Sökülməsi nəzərdə tutulan “Fatimeyi Zəhra” məscidi icmasının nümayəndələri dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşüblər
Azərbaycan Servisi/Aran Agentliyi
Sökülməsi nəzərdə tutulan “Fatimeyi Zəhra” məscidi icmasının nümayəndələri dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşüblər. Şeyx məsələylə maraqlanacağını vəd edib. Məlumatı “Media forum” saytına “İslam-Azeri” internet qəzetinin baş redaktoru Ramin Bayramov verib.
R.Bayramov onu da bildirib ki, icmanın Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubu mer Hacıbala Abutalıbov imzalayaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova göndərib: “İcma üzvləri yaxın günlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşəcəklər. Biz istəyirik ki, bu problem sivil yolla həllini tapsın. Məscidin sökülməsini və böyük səs-küy çıxmasını istəmirik. Prezidentə də müraciətimiz olub və bu onu göstərir ki, biz məsələnin həllini istəyirik. Hər hansı qarşıdurma yaratmaq fikrimiz olsaydı, bu addımları atmazdıq ”.
Suraxanı Rayon İcra Hakimiyyəti Yeni Günəşli qəsəbəsi, V massivi, 33-də yerləşən “Fatimeyi Zəhra” məscidinin sökülməsi üçün 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə məscidin sökülməsinə qərar verib.