Tibb elmləri namizədi Fuad Həsənov orucluğun insan orqanizminə təsirlərindən danışıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi -Cərrahiyyə Mərkəzinin anesteziologiya-reanimasiya şöbəsinin rəhbəri, tibb elmləri namizədi Fuad Cəlil oğlu Həsənov orucluğun insan orqanizminə təsirlərindən danışıb
-Tibbi cəhətdən orucluğun insan orqanizminə hansı müsbət və mənfi təsirləri var?
-Ramazan müqəddəs aydır və bu ayda oruc tutmaq Allahın vacib buyurduğu əməldir. Orucluğun mənəvi cəhətdən yüksək qiymətləndirilməsindən əlavə insan səhhətinə, orqanizmə çox önəmli müsbət təsirləri var. Belə ki, ilboyu durmadan işləyən orqanizm istirahət edir və yığılan qalıqlardan təmizlənir. Əlbəttə ki, bütün proseslər, ayinlər, mərasimlər düzgün yerinə yetirilməlidir ki, bunun müsbət təsiri olsun. Əgər bu proseslər düzgün icra olunmasa, nəinki müsbət, hətta orqanizmə mənfi təsir də özünü göstərə bilər. Məsələn, siqaretə aludə olanlar bu ayı fürsət bilib öz zərərli vərdişlərindən yaxa qurtara bilərlər. Əgər 12-14 saat ərzində siqaretdən uzaqlaşa bilirlərsə, deməli, ümumiyyətlə imtina edə bilərlər. Səhər 11-ə qədər və axşam 21-dən sonra çəkilən siqaretlərin insan orqanizminə zərəri daha çoxdur. Ürəklə, qan təzyiqi ilə bağlı problemlərə baxmayaraq, oruc tutanlar üçün də yaxşıdır ki, onlar oruc zamanı mayedən az istifadə etmiş olurlar. Bundan əlavə, səhhəti ilə bağlı gün ərzində dərman preparatları qəbul edənlər, yaxşı olar ki, oruc tutmaq üçün zəruri olan müalicələrini yarımçıq qoymasınlar.
-Hamilə qadınların və azyaşlı uşaqların oruc tutması nə dərəcədə düzgündür?
-Tibbi cəhətdən hamiləliyin mərhələsindən asılı olmayaraq, qadınların və süd verən anaların oruc tutmaları məsləhət deyil. Çünki hamilə qadın təkcə özü üçün deyil, həm də bətnindəki uşaq üçün məsuliyyət daşıyır. Hamilə qadın bətnindəki uşağın normal inkişafı üçün gün ərzində normal qidalanmalıdır. Orucluq sınaqdır və hələ dünyaya gəlməmiş körpəni belə bir sınağa vadar etmək olmaz. Uşaqların isə yetkinlik yaşına çatdıqdan sonra oruc tutmaları daha məqsədəuyğundur. İnsan oruc tutanda onun mahiyyətini dərk etməlidir. Bu cəhətdən azyaşlı uşaqlar mənəvi, psixoloji, dünyagörüşü cəhətdən tam formalaşmalıdırlar ki, oruc tuta bilsinlər. Və ən əsası, uşaqlarda metobolik proseslər, yəni maddələr mübadiləsi daha sürətlə gedir, indi isə yay olduğu üçün azyaşlı uşaqların 9-10 saat ərzində ac-susuz qalmaları düzgün deyil.
-İmsak yeməyi necə olmalıdır?
-Təbabətdən məlumdur ki, insanlar susuzluğa daha az dözümlüdürlər, nəinki aclığa. İnsan aclığa iki ay tab gətirə bilsə də, susuzluğa müəyyən əziyyətlərlə cəmi üç gün dözə bilir. Xüsusən, yay aylarında xarici temperatur bədən temperaturuna yaxın, hətta daha artıq olduğundan, bədəndən çoxlu miqdarda maye xaric olunur və orqanizm də bunu kompensasiya etmək üçün təbii ki, su tələb edir. Qəbul olunan qidalar özlərinin həzmi prosesində əmələ gələn aralıq məhsulların, şlakların aradan götürülməsində su tələb etdiyindən səhər imsak yeməyi, öncə, mümkün qədər kalorili, daha asan həzm olunan, susuzluq gətirməyən qidalar olmalıdır. Duzlu və çox şirin yeməklər, ət xörəkləri, müxtəlif qızartmalar susuzluq gətirən qidalar olduğundan, bunlardan imtina etmək daha məqsədəuyğundur. Yaxşı olar ki, kəsmik, xama, kərə yağı, qayğanaq və ya soyutma yumurta, amma bütün qidalarda duzdan çox az istifadə olunması şərtilə yeyilsin. İstənilən qədər maye qəbul oluna bilər. Qeyd etmək istəyirəm ki, bizdə adi, yəni qara çaydan geniş istifadə olunur, lakin həm susuzluğu yatırmaq, həm də orqanizmə müsbət təsirləri baxımından yaşıl çay çox önəmlidir. Yaşıl çay immuniteti gücləndirir, insanın susuzluğa dözümünü artırır, bundan əlavə sakitləşdirici təsiri var. Səhər yeməyi zamanı yaşıl çaydan istifadə etmək məqsədəmüvafiqdir.
-Kolbasa və sosislərdən istifadə etmək olar?
-Yeri gəlmişkən deyim ki, bu kolbasa və sosislərin nə dərəcədə halal olması sual altındadır. Alıcılar bu məhsulları seçərkən son dərəcə diqqətli olmalıdırlar. Hisə verilmiş, kapitə olunmuş müxtəlif kolbasaların tərkibində çoxlu miqdarda ədavalar var ki, bunların özləri də susuzluq gətirir. Ona görə də kolbasa və sosislərdən istifadə etmək istəyənlər - «doktor» kolbasası, tərkibində ədava az olan, hisə verilməmiş, kapitə olunmamış kolbasa və sosislərdən istifadə edə bilərlər.
-İmsakdan sonra yatmaq olar?
-Yaxşı olar ki,sübh namazından və imsakdan sonra yatılmasın. Yeməkdən sonra yaxşı olar ki, yüngül fiziki işlərlə məşğul olsunlar, açıq havada gəzsinlər, yaxud mütaliə etsinlər. Bir saat, saatyarım vaxt keçdikdən sonra, 10-11 radələrində yuxunun bir hissəsini götürmək daha yaxşı olar. İmsak bitdikdən sonra, «hələ vaxtım var, yata bilərəm», - deyə yatıb saat 10-11- də durmaq, əlbəttə ki, insan orqanizminə mənfi təsir göstərir. Ümumiyyətlə, 5-8 arası ozon daha çox olur və bu hava insan orqanizmini sağlam və gümrah etdiyi üçün açıq havada gəzmək çox gözəl olar.
-Oruclu insanların iş rejimi necə olmalıdır?
-İşləyən insanlar iş rejiminin gərginliyini bir qədər azaltmalıdırlar. Oruc tutan şəxslər, əslində, saat 1-2-yə qədər işləsələr daha yaxşı olar. Oruc tutan zaman orqanizm zəiflədiyi üçün işlə çox yüklənmək olmaz. Bu zaman başağrıları, başgicəllənmələri ola bilər. Yaxşı olar ki, günün bir hissəsini istirahət etməklə keçirsinlər.
-İftar yeməyi necə olmalıdır?
-İftar vaxtı barədə xüsusi cədvəllər var və bu cədvəllərə ciddi riayət edilməlidir. Bəziləri hesab edirlər ki, orucu iftarın vaxtından yarım saat, 1 saat gec açsalar, daha da savab olar. Amma bu, səhv fikirdir. Orucluq o demək deyil ki, insan özünə əziyyət versin. Gün ərzində insan ən çox suya ehtiyac duyduğundan iftar vaxtını səbirsizliklə gözləyir ki, susuzluğunu yatırsın. Orucu açan zaman yaxşıdır ki, ilk olaraq soyuq mayelər yox, qaynanmış ilıq su,süd və ya çay içsinlər, əlbəttə, yenə yaşıl çay olsa daha yaxşıdır. Əgər adi çay içirsinizsə, tünd olmamalıdır. Mayeni «susuzam» deyib birnəfəsə yox, aramla, tədricən içmək lazımdır. Yaxşı olar ki, ilk növbədə, 1 fincan da olsa, duru yemək yeyilsin; 5-10 dəqiqədən sonra ikinci yemək də yeyilə bilər. Bir-birinin ardınca çox yemək olmaz. Mədənin birdən-birə yüklənməməsi və qidanın daha rahat həzm olunması üçün iftarı 1 saat, saatyarım davam etdirmək məsləhətdir. İftardan sonra isə meyvə, tərəvəz, çərəz yeyilməsi daha məqsədəuyğundur. anspress